“Bakutel 2016” dünyanın 18 ölkəsini təmsil edən 200-ə yaxın şirkəti bir araya toplayır

“Bakutel 2016” dünyanın 18 ölkəsini təmsil edən 200-ə yaxın şirkəti bir araya toplayır

29 noyabr tarixində Bakı  Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” - “Bakutel 2016” Sərgi-Konfransı öz qapılarını ziyarətçilərin üzünə açacaq. Regionun ən böyük sahəvi tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya sahəsinin aparıcı iştirakçılarını bir araya toplayır.

 

İnformasiya texnologiyaları üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin, habelə beynəlxalq təşkilatları təmsil edən digər rəsmi nümayəndələrin sərgini açılış günündə ziyarət etmələri onun yüksək statusunu təsdiq edir. “Bakutel” sərgisi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzundan xəbər verir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edirlər.

 

Builki “Bakutel” sərgisi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illik yubileyi ilə üst-üstə düşür. Elə bu səbəbdən də sərginin keçirildiyi müddət “İKT Həftəsi” kimi xarakterizə olunur. Qeyd edək ki, 135 il bundan əvvəl Bakıda “Nobel Qardaşları Cəmiyyəti” tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə Azərbaycanda telefon rabitəsinin əsası qoyulur. Bu gün Azərbaycanın informasiya və yüksək texnologiyalar sektoru öz inkişaf templərinə görə qeyri-neft sektorunun aparıcı sahəsidir və builki sərgi sözügedən inkişaf prosesini əyani şəkildə əks etdirəcək.

 

Builki sərgi dünyanın 18 ölkəsini təmsil edən 200-ə yaxın şirkəti bir araya toplayır. Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edir. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır. “Bakutel” sərgisinin builki qeydiyyat sponsoru qismində “Azerfon” şirkəti çıxış edir. Tədbirin texnologiyalar üzrə sponsoru isə sərginin keçirildiyi günlər ərzində bütün sərgi ərazisini ödənişsiz simsiz internet (“Wi-Fi”) ilə təmin edəcək “Eurodesign” şirkətidir.

 

Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər. Bakıda keçirilən sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında Fransanın “Vivaction”, Rusiyanın “Balt-Energo” şirkətləri, Belarusun “Beltelecom” kimi dövlət strukturları, Xorvatiyanın “Banksoft”, “Secom”, “Span”, Amerikanın “DELL EMC”, Ukraynanın “MUK”, Çinin “FEC” və “BBT Telecom” şirkətləri, eləcə də “CBC sport TV”, “GSS” və digər yerli şirkətlər var.

 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə xarici ölkələrin milli pavilyonlarla təmsil olunması “Bakutel” sərgisinin ənənəsinə çevrilib. Bu il dünyanın 9 ölkəsi - Niderland Krallığı, Avstriya, Belarus, İran, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya və Fransa milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər. Qeyd edək ki, Niderland Krallığı milli pavilyonla sərgidə ilk dəfə təmsil olunur.

 

İlk dəfə olaraq sərgi çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar,  “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və  əldə edilmiş ən son nailiyyətlər nümayiş olunacaq.

 

Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana”, dünyada  “Google Art Project” kimi “Muzeylərin rəqəmsallaşdırılması” layihələri də təqdim ediləcək. Burada gənc mütəxəssislərə, habelə startapçılara potensial investorlarla əməkdaşlıq, eləcə də, öz ideya, məhsul və xidmətləri barədə məlumat vermək imkanı yaradılacaq.

 

Dörd gün davam edən sərgi rabitə, telekommunikasiya, peyk rabitəsi texnologiyaları, informasiya və ofis texnologiyaları, 4G-5G mobil şəbəkə və “bulud” texnologiyaları sahəsində xidmətlər, “elektron hökumət”, informasiya təhlükəsizliyi, kosmik texnologiyalar seqmentlərini əhatə edəcək.

 

Dünyanın tanınmış İT şirkətlərindən “Huawei” şirkəti sərgidə “My Beautiful Azerbaijan” (“Mənim gözəl Azərbaycanım”) layihəsini təqdim edəcək, “ZTE” şirkəti isə sərginin qonaqlarını “Smart Cities” konsepsiyası ilə tanış edəcək.

 

“İKT Həftəsi”nin işgüzar tədbirlərdən ibarət 4 günlük proqramı da olduqca zəngindir. Sərginin işgüzar proqramı çərçivəsində Regional Rabitə Birliyinin (RRB) İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli İşçi qrupunun 4-cü toplantısı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT sahəsi üzrə İşçi qrupunun 1-ci toplantısı və  birinci Nazirlər Toplantısı keçiriləcək. Eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hulin Zaonun yerli startapçılarla görüşü təşkil olunacaq.

 

29-30 noyabr tarixində “Hilton” otelində keçiriləcək “Əşyaların interneti: Növbəti nəsil” konfransında yüksək aktuallıq daşıyan “əşyaların interneti” mövzusuna toxunulacaq. Konfrans Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Caspian Event Organisers” və “Huawei” şirkətləri ilə birlikdə təşkil olunur. Konfransda İKT sahəsində fəaliyyət göstərən aparıcı yerli və xarici şirkətlər iştirak edəcəklər.

 

“Əşyaların interneti” mövzusunu “SAP” şirkəti tərəfindən təşkil edilən «Sizin strateji üstünlüyünüz» seminarı davam etdirəcək. Seminar 30 noyabr tarixində Bakı Sərgi Mərkəzinin 19 nömrəli otağında keçiriləcək və tədbirdə “SAP” şirkətinin müəssisələrin optimal şəkildə idarə edilməsi, əməyin mühafizəsi və avadanlıqların təmiri üçün təklif etdiyi “Digital Boardroom” həll variantı haqqında məlumat veriləcək.

 

Startaplar üçün Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil edilən “Youth Inc. Business Academy” Akselerasiya Proqramı” üzrə seminar 1 dekabr tarixində Bakı Sərgi Mərkəzinin 22 nömrəli otağında keçiriləcək.

 

2 dekabr tarixində Bakı Ekspo Mərkəzinin 22 nömrəli otağında təşkil ediləcək “İnformatika təhsili – Bakı 2019 və daha sonra” konfransında İKT sahəsi üzrə daha bir mühüm mövzu - təhsil sahəsində İKT: İKT sektorunun Azərbaycanda inkişafı və yaxın gələcəkdə bizi gözləyən məsələlər müzakirə olunacaq. Konfransın təşkilatçısı “Azerbaijan ACM Chapter”, “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləridir.

 

İlk dəfə olaraq, “Bakutel” sərgisi çərçivəsində iştirakçılar və peşəkar ziyarətçilər arasında “Pamukkale Technopark Turkey” şirkəti tərəfindən təşkil olunan “İnformasiya texnologiyaları” “B2B” formatlı görüşlər keçiriləcək. Bu görüşlər 30 noyabr - 1 dekabr tarixlərində Bakı Ekspo Mərkəzinin 21 nömrəli otağında təşkil olunacaq.

 

Həmçinin işgüzar görüş və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını informasiya texnologiyalarının istifadə olunduğu sürpriz, müsabiqə və viktorinalar da gözləyir.

 

Sərgidə ən son texnologiyaları təcəssüm etdirən “Əyləncə zonası” bütün ziyarətçilər üçün açıq olacaq. “Əyləncə zonası”nda "Made in Azerbaijan" brendi altında İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondundan qrant almış,  Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapların yaratdıqları oyunların təqdim olunması nəzərdə tutulur. Bu oyunlar ölkəmizdə və xaricdə uğur qazanan, minlərlə dəfə yüklənilən yüksək keyfiyyətli qrafik oyunlardır.

 

“Formula 1 VR Baku City Circuit” oyunu - ən son virtual reallıq texnologiyası əsasında hazırlanan oyundur. Bu virtual reallıq oyunu Bakıda Formula 1 trasında yarış imkanı yaradır.

 

“Fatal Fight” dünyada 1000000 dəfədən çox yüklənilən müasir döyüş oyunudur.

 

“Memory limit” oyunu ilk dəfə “Bakutel-2016” sərgisində təqdim olunacaq və sərginin ziyarətçilərinə bu oyunu test etmək imkanı yaradılacaq.

 

“Two Heroes” 2D platforması əsasında yaradılan milli koloritli oyunun əsas personajları milli nağıl qəhrəmanları Cırtdan və Məlikməmməddir.

 

Stenddə 360 dərəcəlik foto-video çəkilişləri də reallaşdırılacaq.

 

Sərgi təşkilatçıları da ziyarətçilər üçün bir sıra əyləncəli proqramlar hazırlayıblar. Belə ki, ziyarətçilər xüsusi eynəklər taxmaqla virtual reallığa daxil ola, eləcə də “3D” qələminin köməyi ilə unikal əşya və predmetlər yarada biləcəklər. Bundan başqa, Azərbaycanda ilk dəfə olaraq məhz “Bakutel” sərgisinin ziyarətçiləri mini-robotları idarə etməklə, əsl robot döyüşündə iştirak etmək, eləcə də “ağıllı” robot ilə danışmaq imkanı əldə edəcəklər.

 

Həmçinin sərgi iştirakçıları da öz stendlərində sürpriz, viktorina və müsabiqələrlə ziyarətçilərlə görüşə xüsusi hazırlaşıblar.

 

Bütün tədbirlər barədə ətraflı məlumatı bu il öz interfeysini tamamilə yeniləmiş və istifadəçilərin işini daha da asanlaşdırmış sərginin saytında (www.bakutel.az) əldə etmək mümkündür. Siz burada elektron qeydiyyatdan keçməklə, sərginin keçirildiyi günlər ərzində Bakı Sərgi Mərkəzində qeydiyyat üçün sərf olunan vaxtı xeyli azalda bilərsiniz. Eyni zamanda, “İKT Həftəsi” barədə ən son məlumatlar operativ olaraq sərginin veb-saytlarında və sosial şəbəkələrdəki rəsmi səhifələrində yerləşdiriləcək.

 

Beləliklə, ölkənin İKT sənayesi sektorun əsas tədbiri olan beynəlxalq “Bakutel” sərgisinin yolunu səbirsizliklə gözləyir və bu sərgiyə xüsusi hazırlaşır. Sərgi zamanı “Bakutel 2016” sərgisinin gündəlik xəbərləri” qəzetinin xüsusi buraxılışı dərc ediləcək ki, bu qəzetdə sərgi iştirakçıları və sərgi çərçivəsində keçirilən tədbirlər barədə ətraflı məlumatlar yer alacaq.

 

Bu il “Bakutel” sərgisi ilə bağlı yenilik isə tədbirin ilk üç gününün yalnız sənaye peşəkarları üçün “B2B” formatında keçirilməsi olacaq.

 

Sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları fəaliyyət göstərəcək xüsusi uşaq guşəsinin peşəkarlarına etibar edə bilərsiniz. Siz sərgi iştirakçıları ilə görüşlər keçirərkən, həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə sevindirəcəklər. Bu xidməti sizə “Aqil və Bilgi” şirkəti təklif edir. Öz işinin peşəkarları olan bu gənclər çoxdandır ki, maraqlı və qeyri-adi layihələri, eləcə də əyləncəli ekskursiyaları ilə həm uşaqların, həm də onların valideynlərinin rəğbətini qazanıblar.

 

Ziyarətçilərin rahatlığı üçün metronun “Koroğlu” stansiyasından Bakı Sərgi Mərkəzinə və geriyə xüsusi (pulsuz) avtobuslar təşkil olunacaq.

 

2016-cı ildə “Iteca Caspian” şirkətinin rəsmi tərəfdaşları qismində “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Premier Tour” (rəsmi turoperator) şirkətləri, “Sheraton Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (rəsmi montajçı) şirkəti çıxış edirlər.