Bakıda SPECA ölkələrinin iştirakı ilə yüksək səviyyəli konfrans keçirilib

Bakıda SPECA ölkələrinin iştirakı ilə yüksək səviyyəli konfrans keçirilib

31 oktyabrda Bakıda BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramı – SPECA ölkələri üçün “Birləşmiş Millətlər Təşkilatının standartlarından istifadə etməklə təchizat zəncirlərində məlumat mübadiləsinin rəqəmsal transformasiyası” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

 

Konfrans Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, ölkəmizin Cenevrə şəhərindəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin və BMT-nin Avropa İqtisadi Komissiyasının birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə SPECA ölkələrinin müvafiq qurumlarının, BMT-nin və digər beynəlxalq təsisatların, habelə özəl sektor nümayəndələri iştirak ediblər.

 

Konfransın məqsədi SPECA ölkələri arasında rəqəmsal nəqliyyat bağlantılarının inkişaf etdirilməsində beynəlxalq standartların tətbiq edilməsi və bu sahədə mövcud təcrübə mübadiləsinin aparılmasıdır.

 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında bildirib ki, SPECA üzv ölkələr arasında regional və qlobal iqtisadi inteqrasiyanın təşviqi, milli prioritetlərin maliyyələşdirilməsi üçün maliyyə resurslarının cəlbi, eləcə də UNECE və UNESCAP standartlarının tətbiqinin stimullaşdırılmasında müsbət rol oynayır.

 

Rəşad Nəbiyev Azərbaycanın SPECA-ya 2002-ci ildə qoşulduğunu və fəal üzv olduğunu diqqətə çatdırıb.

 

Nazir çıxışının davamında son illərdə ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən müasir nəqliyyat və logistika infrastrukturunun qurulduğu barədə məlumat verib: “Müxtəlif avtomobil və dəmir yollarının salınması, yeni beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanı beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevirib”.

 

“Bu gün ölkəmiz nəqliyyat infrastrukturuna, xüsusən də Qarabağın avtomobil və dəmir yollarına investisiya yatırmaqda davam edir və şimal nəqliyyat şəbəkələrini cənub və şərq şəbəkələri ilə birləşdirərək regionun tarixi əlaqəsini bərpa edir”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

 

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın müvafiq sahəvi qurumlarının rəhbər şəxsləri, BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı direktoru Olqa Alqayerova və digər beynəlxalq təsisatların rəhbərləri və nümayəndələri çıxış ediblər. Çıxışlarda konfransın əhəmiyyəti qeyd edilib və birgə həyata keçiriləcək layihələr barədə danışılıb.