Bakıda Şərq Tərəfdaşlığına üzv ölkələrin telekommunikasiya üzrə iki iclası keçirilib

Bakıda Şərq Tərəfdaşlığına üzv ölkələrin telekommunikasiya üzrə iki iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən Avropa Komissiyasının dəstəyi ilə Şərq Tərəfdaşlığına üzv ölkələrin Rabitə Tənzimləyiciləri Şəbəkəsinin Bazar Təhlili üzrə Ekspert İşçi Qrupunun (BEWG) 5-ci və Rouminq üzrə Ekspert İşçi Qrupunun (REWG) 4-cü iclası keçirilib. 

 

İclasda nazirliyi müvafiq şöbələrin nümayəndələri təmsil edib. Hər iki iclasda Şərq Tərəfdaşlığına üzv olan Belarus, Gürcüstan, Moldova və Ukraynanın, eləcə də Avropa İttifaqına üzv bir sıra ölkələrin və Şərqi Balkan ölkələrinin müvafiq institut və tənzimlənmə qurumlarının nümayəndələri iştirak edib.    

 

2012-ci ildə əsası qoyulmuş Şərq Tərəfdaşlığına üzv ölkələrin Rabitə Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) üç sahə üzrə ekspert işçi qrupları telekommunikasiya bazarlarının təhlili, radiotezliklər və beynəlxalq rouminq qrupları əsasında fəaliyyət göstərir. Qrupların il ərzində ayrı-ayrılıqda 2-3 işçi görüşü keçirilir, eləcə də, Plenar iclaslarında cari məsələlər, görülmüş işlər və qarşıya qoyulan yeni təhlil sahələri üzrə məsələlər müzakirə olunur.    

 

Bazar Təhlili üzrə qrupun Bakıda keçirilən 5-ci iclasında “EaPeReg”in 2018 - 2020-ci illər üzrə İş Planı, rabitə tənzimləyicilərinin fəaliyyətinin gücləndirilməsi, genişzolaqlı rabitə xidmətləri infrastrukturundan birgə istifadə və genişzolaqlı infrastrukturun proqram təminatı əsasında xəritələnməsi kimi mövzular müzakirə olunub.

 

Rouminq üzrə qrupun 4-cü iclasında isə Şərq Tərəfdaşlığı ölkələrində beynəlxalq rouminq qiymətlərinin uyğunlaşdırılması və rouminq tariflərinin aşağı salınması ilə bağlı Tədqiqatın Yekun Hesabatı təqdim olunub. Eyni zamanda, sənəddə yer alan tövsiyələrin Şərq Tərəfdaşlığı ölkələrində reallaşdırılması imkanları müzakirə edilib. Tədbir iştirakçıları Şərqi Balkan ölkələrinin bu sahədə əldə etdikləri təcrübə ilə tanış olub, İşçi qrupun 2018-ci il üçün İş Planı və digər təşkilati məsələlər üzrə qərarlar qəbul ediblər.

 

Hər iki iclasda qəbul olunmuş razılaşmaya əsasən, ekspertlərin növbəti görüşlərinin payızda keçirilməsi gözlənilir.