Bakıda İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli İşçi Qrupun 4-cü iclası keçirilib

Bakıda İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli İşçi Qrupun 4-cü iclası keçirilib

“Bakutel-2016” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində Ümumdünya Poçt İttifaqının dəstəyi (ÜPİ), Regional Rabitə Birliyi (RRB) və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli İşçi Qrupun 4-cü iclası keçirilib.

 

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın rabitə administrasiyalarının nümayəndə heyətləri iştirak edib.

 

İclasda RRB-nin üzvü olan ölkələrin rəqəmsal bazarının formalaşdırılması üçün əsaslar və mexanizmlərə, proqram təminatı bazarında inhisarın ləğv olunmasına  dair təkliflərin hazırlanması, “Elektron hökumət”in inkışafı istiqamətində əməkdaşlıq və RRB-nin üzvü olan dövlətlərdə sosial əhəmiyyətli elektron xidmətlərin göstərilməsi üçün əsasların işlənməsi müzakirə olunub.

 

Eyni zamanda, internetin idarə olunması məsələlərində RRB üzvlərinin əməkdaşlığı, Data mərkəzlərinin qarşılıqlı əlaqələri, yeni informasiya ehtiyatlarının  formalaşması və istifadəsi, İKT sahəsində elmi kadr və ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələlərində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. 

 

 

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə baş tutan tədbirdə Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhitdinov salamlama nitqi ilə çıxış edərək, informasiya cəmiyyətinin rolundan söz açıb: “Bu gün İKT-nin inkişaf səviyyəsi və hər yerdə tətbiqi ölkələrin iqtisadi rəqabət qabiliyyətinin artırılmasında həlledici rol oynayır, dövlət idarəçiliyinin effektivliyinə xidmət edir, dövlət, ölkə və biznes arasında əlaqələrin genişlənməsinə şərait yaradır”. O bildirib ki,  ölkədə həyata keçirilən İKT siyasəti Azərbaycan Respublikasına qlobal informasiya infrastrukturunda öz layiqli yerini tutmağa imkan verir.

 

“Azərbaycan Respublikası rabitə administrasiyasının Regional Rabitə Birliyinin bütün fəaliyyət istiqamətlərində aktiv iştirakı təşkilatımızın fəaliyyətinə əhəmiyyətli töhfə verir ki, bu da birlik iştirakçılarının beynəlxalq forumlarda birgə təşəbbüslərinin dəstəklənməsini təmin edir, eləcə də İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin məqsədlərinə nail olmağa kömək edir”.

 

Daha sonra gündəlik üzrə məruzələrin dinlənilməsinə başlanılıb.

 

“RRB ölkələrində rəqəmli bazarın əsasları və mexanizmlərinin formalaşması üçün təkliflərin hazırlanması haqda” mövzusunda məruzə ilə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, rəqəmli bazar bütün ölkələr, o cümlədən Azərbaycan üçün aktual məsələdir.

 

Azərbaycanın bu sahədə Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində müəyyən addımlar atdığını deyən nazir müavini ölkəmizdə İKT sahəsində aparılan islahatlar, həyata keçirilən layihələr və əldə olunan nəticələr haqda məlumat verib.

 

Belarus Respublikasının  rabitə və informasiyalaşdırma naziri Sergey Popkov “İnformasiya resurslarının formalaşdırılması və istifadəsi” mövzusunda məruzə ilə çıxış edib. Nazir ölkəsində bununla bağlı həyata keçirilən işlər, o cümlədən ümumilikdə İKT sahəsinin vəziyyəti barədə məlumat verib.

 

Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov “İnternetin idarəetmə məsələlərində RRB iştirakçılarının əməkdaşlıq üzrə yanaşmaları” adlı məruzəsində sahə üzrə həlli vacib məqamlara toxunub. Qeyd edilib ki, internet transmilli resurs olaraq açıq olmalıdır, eyni zamanda internet infrastrukturunun idarəedilməsi modelinin təkmilləşdirilməsi istiqamətində tədbirlərə ehtiyac var.

 

Daha sonra Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin departament direktoru Vladimir Averbax “2020-ci ildə Rusiyada Elektron hökumət” layihəsi, bu sahədə strateji plan və məqsədlərlə bağlı iştirakçıları tanış edib.

 

 

İclasın gündəliyinə daxil olan digər mövzular üzrə də məruzələr dinlənilib, müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.