Bakıda Azərbaycan – Avstriya biznes-forumu keçirilib
Mayın 16-da Bakıda Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası çərçivəsində Azərbaycan – Avstriya biznes-forumu keçirilib.
Azərbaycanın İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən biznes-forumda Azərbaycan və Avstriya tərəfindən rəsmi şəxslərlə yanaşı, energetika, nəqliyyat və logistika, informasiya texnologiyaları, səhiyyə, qablaşdırma sənayesi, yol infrastrukturunun təkmilləşdirilməsi, konsaltinq xidmətləri, inşaat, maşınqayırma, kimya sənayesi, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev biznes-forumun Azərbaycan və Avstriya arasında əməkdaşlığın genişlənməsində faydalı olacağını, qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaranacağına əminliyini vurğulayıb, sahibkarları fəal əməkdaşlığa dəvət edib.
Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Riçard Şents Azərbaycan – Avstriya işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətlərindən danışıb, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanın əlverişli biznes və investisiya mühiti, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendi və xarici investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov iqtisadi zonanın yaradılmasının əsas məqsədləri və gələcək hədəfləri barədə tədbir iştirakçılarına məlumat verib.
Biznes-forum çərçivəsində Azərbaycanın və Avstriyanın biznes və investisiya mühiti barədə təqdimatlar keçirilib.
Forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.