“Azərpoçt” MMC Azərbaycanda ilk dəfə həyata keçirilən agent bankçılıq layihəsində xidmət göstərəcək

“Azərpoçt” MMC Azərbaycanda ilk dəfə həyata keçirilən agent bankçılıq layihəsində xidmət göstərəcək

Ölkədə maliyyə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC və “Access Bank” QSC-nin birgə əməkdaşlığı çərçivəsində agent bankçılıq modelinin tətbiqinə start verilib. Regionlarda maliyyə inklüzivliyinin yüksəldilməsini hədəfləyən layihə Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilir.

 

Agent bankçılıq modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün bu modeldən geniş istifadə edilir.

 

Qeyd edək ki, layihə Azərbaycanda ilk dəfədir reallaşdırılır və agent bank funksiyasını “Azərpoçt” MMC həyata keçirəcək.

 

Müqaviləyə əsasən, layihəyə “Azərpoçt”un ilk olaraq Ağdaş rayonundakı filialı qoşulacaq. Artıq mart ayından etibarən vətəndaşlar həmin poçt filialında bank əməliyyatlarını həyata keçirə biləcəklər. Müştərilərə ilk növbədə mikro və aqrokreditlər, həmçinin istehlak kreditləri və debit kartları təklif olunacaq.

 

“Azərpoçt” MMC və “Access Bank” QSC arasında əldə olunmuş razılığa əsasən, bu il ərzində agent bankçılıq layihəsi daha bir neçə regionu əhatə edəcək.

 

Layihənin reallaşması nəticəsində bank məhsulları və xidmətləri bölgə sakinləri üçün daha əlçatan olacaq.