Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun nümayəndə heyəti Pakistanın paytaxtı İslamabad şəhərində İslam Ölkələri Arası Kosmik Elmlər və Texnologiyalar Təşkilatının (ISNET) kosmos üzrə beynəlxalq konfransında iştirak edib.
Tədbir çərçivəsində Azərkosmos ISNET təşkilatının “Kosmik elm və texnologiya vasitəsilə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi proqramı” üzrə keçirilən müsabiqənin qalibi olaraq mükafata layiq görülüb.
Müsabiqədə Azərkosmosun Coğrafi informasiya sistemləri mərkəzinin hazırladığı layihə təqdim olunub. Layihə Azərbaycan Respublikası üzrə 20 il (2000-2020) ərzində quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin peyk təsvirləri əsasında monitorinqini əks etdirir. Layihənin nəticələri Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı inkişaf məqsədləri”nin 13, 15 və 17-ci bəndlərinə müvafiq olaraq qlobal əməkdaşlığı canlandırmaq hədəfinə uyğunlaşdırılıb.
Səfər müddətində nümayəndə heyəti “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında kosmik təhsil və maarifləndirmənin təşviqi: ISNET-ə üzv qurumlar arasında təcrübə mübadiləsi” üzrə keçirilən panel görüşlərində iştirak edib. Görüşlərdə tədbir iştirakçılarına Azərbaycanın kosmik sahəsi, peykləri və onların biznes fəaliyyəti, bu sahə üzrə qurulmuş beynəlxalq əlaqələr, o cümlədən Azərkosmosun kosmik sahədə həyata keçirdiyi elm və təhsil layihələri haqqında təqdimat nümayiş olunub.
Daha sonra İSNET təşkilatına üzv qurumlar arasında Azərbaycanın kosmik ölkə olaraq tanıdılması məqsədilə geniş təbliğat-təşviqat işləri aparılıb və tədbir iştirakçıları 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəvət olunublar.