Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransı öz işini başa çatdırıb.
Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Konfrans dünyanın 158 ölkəsindən İKT sahəsi üzrə nazir və nazir müavinləri, eləcə də beynəlxalq təşkilatlar, akademik təsisatlar və özəl şirkətlərin nümayəndələrindən ibarət 4000-dən çox iştirakçını bir araya gətirib.
Tədbir çərçivəsində qlobal səviyyədə radiorabitə sahəsi üzrə siyasətə və mühüm texniki tənzimləmələrə dair müzakirələr aparılıb. Həmçinin radiotezliklərin, geostasionar və qeyri-geostasionar peyk orbitlərinin istifadəsi üzrə qaydaları müəyyən edən Radiorabitə Reqlamentinə əlavə və düzəlişlər edilib.
Azərbaycan nümayəndə heyəti konfrans zamanı aparılan müzakirələrdə fəal iştirak edib, habelə konfransda təmsil olunan bir sıra dövlətlərin nümayəndələri ilə koordinasiya görüşləri keçirib.
Konfrans çərçivəsində, həmçinin nazir müavini Samir Məmmədov və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan Martin arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycanla BTİ arasında mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər xüsusilə rəqəmsal innovasiya, kibertəhlükəsizlik və İKT sahəsinin tənzimlənməsi istiqamətləri üzrə tərəfdaşlığın genişləndirilməsinə dair razılıq əldə ediblər.
Konfransın sonunda müzakirələr nəticəsində qəbul olunan qərarları, Radiorabitə Reqlamentinə əlavə və düzəlişləri özündə əks etdirən Yekun Aktlar imzalanıb.