Xəbər

Azərbaycanda telefon rabitəsinin yaradılmasından 136 il ötür

Xəbər
Azərbaycanda telefon rabitəsinin yaradılmasından 136 il ötür

Dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyalar sahəsi işçilərinin peşə bayramıdır. Peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri dekabrın 6-da öz peşə bayramlarını qeyd edirlər.

 

Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır.

 

Ölkəmizdə telefon rabitəsinin tarixi 1881-ci ildə ilk telefon xəttinin istismara verilməsi ilə başlayıb. Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkədə poçt və teleqrafın inkişafı istiqamətində mühüm işlərin görülməsini zəruri edib. Müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi təsis edilib.

 

1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə yanaşı, rabitə də davamlı inkişaf yoluna qədəm qoydu. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçib. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada yüzlərlə poçt şöbəsi binasının tikintisi də məhz həmin dövrə təsadüf edir. Müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdə də Ulu Öndər bu sahənin inkişafını həmişə diqqətdə saxlayıb. Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri ümummilli lider Heydər Əliyevin 2003-cü fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə 2003-2012-ci illəri əhatə edən Milli Strategiyanın” təsdiq edilməsi haqqında Sərəncamı olub və ötən müddətdə respublikada informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulub.

 

Sürətlə inkişaf edən yeni texnologiyaların bir-birini əvəzlədiyi müasir dövrdə isə bu tərəqqi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha geniş vüsət aldı. 2005-ci ildə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib, Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı yaradılıb. 2006-cı ildə “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” dövlət başçısının Sərəncam imzalaması və Sərəncama uyğun olaraq hər il dekabrın 6-sı bu sahədə çalışanların peşə bayramı günü kimi təsis edilməsi göstərilən dövlət qayğısının daha bir təzahürü idi. Görülən işlərin nəticəsidir ki, Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir.

 

Qədim tarix və kifayət qədər də böyük uğurlara imza atan Azərbaycan son illərdə İKT-nin inkişaf göstəricilərinə görə dünyada lider yerlərdən birini tutur.

 

MDB ölkələri arasında ilk dəfə Azərbaycan Respublikasında sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, respublikanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulub, Azərbaycan regionun ən təhlükəsiz “Data Mərkəz”inə malikdir. Bu gün yerli və beynəlxalq IT xidmətləri provayderləri “Data Mərkəz”də tam təhlükəsiz şəkildə öz infrastrukturlarını yarada bilərlər.

 

Hazırda Azərbaycanda hər 100 nəfərə 78 internet istifadəçisi düşür ki, onların da 65 faizi genişzolaqlı internetdən istifadə edir. Bu göstəriciyə görə, ölkəmiz MDB və Mərkəzi Asiyada liderliyini saxlayır. Hazırda respublika üzrə əhalinin hər 100 nəfərinə düşən sabit şəbəkə abunəçilərinin sayı 15-ə bərabərdir.

 

Eyni zamanda, ölkə ərazisində fəaliyyət göstərən hər üç mobil operator tərəfindən "4G" xidmətləri göstərir, hər 100 nəfərə 106 mobil abunəçi düşür və s.

 

Bu gün ölkə ərazisində Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq, rəqəmli yayıma keçid tam təmin olunub. Əhali radio-televiziya verilişlərini daha keyfiyyətli, kəsintisiz izləmə imkanı əldə edib. Poçt və telekommunikasiya sahəsində xidmətlərin çeşidinin və keyfiyyətinin yüksəldilməsi, infrastrukturun müasirləşdirilməsi, kadr potensialının gücləndirilməsi, sahə üzrə fəaliyyətin liberallaşdırılması istiqamətində də ardıcıl işlər görülüb.

 

Azərbaycan həm də poçt sahəsində regional mərkəzə çevrilir. Ölkəmizin yerləşdiyi əlverişli geostrateji mövqe Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi, beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb. Artıq Azərbaycan poçtu ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərir. Bu istiqamətdə həyata keçirilən layihə öz bəhrəsini verir.

 

Son illərdə Azərbaycanın İKT sahəsində əldə etdiyi ən böyük nailiyyətlərindən biri ilk növbədə, regionda kosmos sənayesinə sahib yeganə ölkəyə çevrilməsidir. 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramın uğurlu icrası nəticəsində ölkəmizin ilk peyki olan və dünyanın üçdəbirini əhatə edən “Azerspace-1” orbitə çıxarılıb. Hazırda “Azerspace-2” peykinin istehsal prosesi gedir və peykin 2018-ci ildə orbitə göndərilməsi planlaşdırılıb.

 

Ölkədə “Elektron hökumət”in formalaşdırılmasına da ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin IT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. “Elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi aparılır, elektron imzanın istifadəsi üçün infrastruktur davamlı olaraq təkmilləşdirilir.

 

Qeyd edilənlərlə yanaşı, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədilə “Şəbəkə xidmət” mərkəzləri yaradılıb ki, bu da qısa müddətdə özünü müsbət təcrübə kimi doğruldub.

 

Ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” fəaliyyət göstərir. Bu qurumlar Azərbaycan Respublikası iqtisadiyyatının gücləndirilməsinə, xarici investisiyaların cəlb edilməsinə və ölkədə İKT məhsullarının istehsalının genişləndirilməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə (startaplara) maliyyə dəstəyini və təşkilati dəstəyi təmin edirlər.

 

Azərbaycan Respublikası İKT sahəsində də bir çox regional layihələrin təşəbbüskarı və aktiv icraçısıdır. BMT Baş Assambleyasının qətnamələri (2009, 2012 və 2013-cü illərdə) ilə dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin reallaşdırılması, həmçinin ölkəmizin iştirak etdiyi “Avropa-Yaxın Şərq informasiya magistralı”nın (Europe-Persia Express Gateway – EPEG) imkanlarından istifadə edilməsi ölkəmizin internetə çıxış potensialının xeyli artmasına səbəb olacaq.

 

Son illərdə Azərbaycanda İKT sahəsində əldə edilən uğurları nümayiş etdirmək baxımından hər il təşkil edilən “Bakutel” sərgisinin də böyük rolu var. Dünyada bu sərgiyə olan marağın ilbəil artması ölkəmizin İKT sahəsinin də uğurla inkişaf etdiyini nümayiş etdirir.