Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən qlobal sammit keçirilir

 Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən qlobal sammit keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən Bakı şəhərində “Falcons Summit” adlı qlobal tədbir təşkil olunub. 

“Falcons Summit”in əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən innovativ startap layihələrinin investorlara təqdim edilməsi, maliyyələşdirmə imkanlarının müzakirəsi və Azərbaycanın mövcud sərmayə imkanlarının nümayişindən ibarətdir.

Tədbir kapitalın artırılması və böyük investorlar, biznes liderləri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri ilə işgüzar əlaqələr yaratmaq arzusunda olan startap şirkətləri üçün yeni imkanlar yaratmağa hədəflənib.

Sammitin bu gün keçirilən açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BP şirkətinin  rəhbər şəxsləri çıxış edib.

Daha sonra İnnovasiyalar Agentliyi tərəfindən hazırlanan Azərbaycanın investisiya potensialını, ölkəmizə investisiya yatırımının perspektivlərini əhatə edən “İnnovaNation” adlı videoçarx nümayiş olunub.

Sözügedən sammit Körfəz ölkələrindən (Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman), eləcə də, Yaponiya, İtaliya, Fransa, İsrail, İsveçrə, Böyük Britaniya, Türkiyə, Belarus, ABŞ, Qazaxıstan, Koreya, Braziliya, Almaniya, Rusiya, Çexiya, Hindistan və Ukraynadan olan investor, startapçı, sahibkar, şirkət və təşkilat nümayəndələrini bir araya toplayıb. 

Tədbirdə adıçəkilən ölkələrdən nümayəndə heyəti ilə yanaşı, dövlət və hökumət strukturlarından rəhbər şəxslər, diplomatik korpusların təmsilçiləri, bank-maliyyə seqmentinin nümayəndələri və özəl şirkət təsisçiləri iştirak edib.

Ümumilikdə tədbirə 500-dən çox layihə və şirkətlərin nümayəndələri qatılıb.

 26 aprel tarixinədək davam edəcək “Falcons Summit” çərçivəsində potensial investor, vençur fond və startap şirkətləri arasında “B2B” formatında görüşlərin təşkili də nəzərdə tutulur. Bu görüşlərdə 40-dək müxtəlif layihələrin təmsilçiləri öz məhsul və xidmətlərini potensial investorlara təqdim etmək şansı əldə edib.

Tədbir çərçivəsində xarici investorlar üçün sənaye turları da təşkil ediləcək.

Sammitin bu ildən başlayaraq ənənəvi olaraq növbəti illərdə də “Formula-1” Azərbaycan Qran Prisi ərəfəsində keçirilməsi planlaşdırılır.