Azərbaycan Ümumdünya Poçt İttifaqının ali orqanına üzv seçildi
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Türkiyədə keçirilən 26-cı Konqresi (İstanbul, 19 sentyabr – 7 oktyabr, 2016-cı il) bu gün sona çatıb.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının İstanbulda keçirilən 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında iştirak edib.
Konqresin nəticələri Azərbaycan üçün uğurlu olub. ÜPİ-nin 2 ali orqanından biri olan Poçt Əməliyyatları Şurasına Azərbaycanın da namizədliyi verilib və ölkəmiz Şuraya üzv seçilib.
Eyni zamanda Konqresdə Azərbaycan Poçt Administrasiyası adından edilən 21 təklifin əksəriyyəti qəbul olunub, bir neçəsi sonrakı müzakirələr üçün təşkilatın növbəti ildə keçiriləcək sessiyasına göndərilib.
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Nazirlər Konfransının "Ticarətin təşviqində poçtun rolu" mövzusunda sessiyada çıxış edərək Azərbaycanda poçt sektorunda aparılan islahatlar, elektron ticarətin təşviqi və poçt sektorunda maliyyə xidmətlərinin inkişafı ilə bağlı rellaşdırılan və perspektiv layihələr barədə tədbir iştirakçılarına məlumat verib.
Nazirlər Konfrası çərçivəsində Ramin Quluzadə Ümumdünya Poçt İttifaqının Baş direktoru cənab Bişar Hüseyn, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri cənab Əhməd Arslan, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri cənab Mahmud Vaezi, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini cənab Rəşid İsmayılovla ikitərəfli görüşlər keçirib.
Görüşlərdə telekommunikasiya, poçt, peyk rabitəsi, yüksək texnologiyalar, genişzolaqlı internet sahələrində birgə əməkdaşlığa dair müzakirələr və fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyəti tərəfindən Ümumdünya Poçt İttifaqının İstanbul (2016) Konqresində Azərbaycan Respublikasının adından bəyanat verilib. Bəyanat Ümumdünya Poçt İttifaqının Konqresi tərəfindən təsdiq olunan "Aktların imzası üzrə bəyannamələr" rəsmi sənədinə daxil edilib.
Bəyanatın mətni:
Azərbaycan Respublikası Ümumdünya Poçt İttifaqının tamhüquqlu üzv-ölkələrindən biridir və beynəlxalq səviyyədə tanınmış ölkə ərazisində Ümumdünya Poçt Konvensiyası və digər beynəlxalq hüquqi Aktlar çərçivəsində poçt xidmətlərini həyata keçirmək hüququna malikdir. Lakin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 %-i, o cümlədən Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 inzibati rayon Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. Nəticədə işğal altındakı ərazidə poçt xidmətlərinin göstərilməsində çətinliklər yaranmışdır.
Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin dərhal, tamamilə və qeyd-şərtsiz erməni işğalçı qüvvələrindən azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993), 853 (29 iyun 1993), 874 (14 oktyabr 1993) və 884 (12 noyabr 1993) saylı qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməmiş qalır.
İşğal nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatına, o cümlədən poçt sahəsinə külli miqdarda ziyan dəymişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üçün yaradılmış İşçi Qrupu tərəfindən hesablamalar aparılır.
Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsinə dair 8-ci maddənin müddəalarını yerinə yetirmək mümkün olmur və həmin ərazilərdə yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası" adlanan qanunsuz rejim adından poçt markalarının buraxılması, həmçinin Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin 23-cü maddəsinə zidd olaraq qanunsuz poçt əməliyyatlarının həyata keçirilməsi halları davam edir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası bir daha bəyan edir ki, Azərbaycan Respublikasının Hökuməti Ümumdünya Poçt İttifaqının müvafiq qaydaları əsasında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış bütün ərazisində, o cümlədən işğal altındakı ərazilərdə belə, poçt markalarının dövriyyəyə buraxılması, poçt əməliyyatlarının həyata keçirilməsi üçün yeganə qanuni strukturdur. Azərbaycan Respublikasının Hökumətinin icazəsi olmadan işğal edilmiş ərazilərdə hər hansı poçt əməliyyatları həyata keçirilə bilməz və belə hallar Azərbaycan Respublikasının milli qanunvericiliyinə, eləcə də bu sahədə mövcud olan beynəlxalq hüquq normalarına ziddir və heç bir hüquqi qüvvəyə malik deyildir.
Təəssüflə bildiririk ki, Ermənistan Respublikası tərəfındən işğal olunmuş ərazilərdə "Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu"nun müddəalarının həyata keçirilməsi həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək mümkün deyildir.
Azərbaycan Respublikası "Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu"nun müddəalarından irəli gələn hüquq və öhdəlikləri Ermənistan Respublikasına münasibətdə tətbiq etməmək hüququnu özündə saxlayır.