Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün təməli qoyuldu

Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün təməli qoyuldu

Bu gün Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün tikintisinə start verilib. 

 

Təməlqoyma mərasimi Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən "Yaraq-Qazmalar" buraxılış məntəqəsinin ərazisində baş tutub.

 

Tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev və Azərbaycan rəsmiləri iştirak ediblər.

 

Açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkədə bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda davamlı inkişaf müşahidə olunur.

 

“Bu gün Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin, məsələn, Bakı-Tbilisi-Qars dəmir yolunun, “Şimal-Cənub” nəqliyyat dəhlizinin və s. həyata keçirilməsində fəal iştirak edir. Həmçinin, Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanının inşasını qeyd etmək lazımdır. Rusiya tərəfi ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün qurulması da Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrinin tərkib hissəsidir”- deyə nazir qeyd edib.

 

R.Quluzadə vurğulayıb ki, bugünkü hadisə xüsusi əhəmiyyəti ilə seçilir və birgə həyata keçirilən işlərin məntiqi yekunudur. 

 

Nazir Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı digər sənədlərlə yanaşı, sərhədyanı Samur çayı üzərində yeni körpünün tikintisi üzrə hökumətlərarası sazişin imzalandığını xatırladaraq, bunu dövlətlərimizin başçıları tərəfindən iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığına göstərilən yüksək diqqətin bariz nümunəsi kimi xarakterizə edib.

 

“Əminəm ki, Samur çayı üzərindən körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət edəcək. Bundan başqa, çayın hər iki tərəfində qohumluq əlaqələri olan insanlar yaşayır. Buna görə  körpü həm də böyük sosial əhəmiyyətə malik olacaq”- deyə R.Quluzadə bildirib.

 

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov öz çıxışında bildirib ki, bu gün təməli qoyulan körpü müasir standartlara cavab verir. 2019-cu ildə körpünün istifadəyə verilməsi ilə ölkələrimiz arasında əlaqələrin daha da rahatlaşacağını bildirən M.Sokolov bu körpünün həm də insanların Rusiya və Azərbaycana asan gediş-gəlişi üçün böyük əhəmiyyətini qeyd edib. “Bu gün biz tarixi hadisəyə şahidlik edirik. Bu layihənin reallaşdırılması istiqamətində xeyli müddətdir iş gedir. Hesab edirəm ki, körpünün salınması Rusiya və Azərbaycan ticarət əlaqələrinə, eləcə də, hər iki ölkənin iqtisadiyyatına töhfələr verəcək”.

 

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin çıxışında ölkələrimiz arasında uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələrindən danışıb. O, həyata keçirilən infrastruktur layihələrinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm rolunu qeyd edib.

 

Məlumat üçün bildirək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabr ayının 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş tikilini əvəzləyəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyasının Hökuməti arasında Samur buraxılış məntəqəsi (Azərbaycan Respublikası) və Yaraq-Qazmalar buraxılış məntəqəsi (Rusiya Federasiyası) ərazisində Samur çayı üzərindən körpünün inşası haqda Sazişə dəyişikliklər edilməsinə dair Protokol da imzalanıb.