Xəbər

Azərbaycan regional kosmik gücə çevrilib - MƏQALƏ

Xəbər
Azərbaycan regional kosmik gücə çevrilib - MƏQALƏ

Azərbaycan milli kosmik sənayeni uğurla inkişaf etdirir. Bu, ölkənin müasir qlobal çağırışlara və tendensiyalara adekvat cavabı, Dördüncü Sənaye İnqilabında müəyyən etdiyi hədəfə doğru irəliləməsidir.

Prezident İlham Əliyev hədəfi aydın və dəqiq ifadə edib: “Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır”.

Ölkədə texnoloji inkişafın təmin edilməsi, innovativ cəmiyyətin formalaşdırılması üçün həyata keçirilən irimiqyaslı layihələr arasında kosmik sahənin qurulması və inkişafı proqramının özünəməxsus yeri var.

 

Yeni kosmik tarixin başlanğıcı


2008-ci ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət Proqramı qəbul edildi. Bu, Azərbaycanın yeni kosmik tarixinin başlanğıcı idi.

2010-cu ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildi.

Bundan 3 il sonra isə ölkə üçün tarixi hadisə baş verdi: 2013-cü ildə Azərbaycanın ilk peyki – “Azerspace-1” telekommunikasiya peyki orbitə çıxarıldı.

Tezliklə kosmik sahənin inkişafı istiqamətində növbəti addımlar atıldı: 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarıldı.

Azərbaycan regionun ilk kosmik ölkəsinə, beynəlxalq “kosmik klub”un tamhüquqlu üzvünə çevrildi.

Peyk operatoru kimi fəaliyyətə başlayan Azərkosmos 2021-ci ildən Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi olaraq fəaliyyət göstərir. Qurum hazırda ölkənin qlobal kosmik arenada “sözçü”südür.

 

Milli təhlükəsizliyə dəstək, iqtisadi inkişafa töhfə


Azərbaycanın sahib olduğu və idarə etdiyi peyklər ölkənin informasiya təhlükəsizliyinə, milli dövlətçiliyə xidmət edir. Kosmik peyk layihələrinin reallaşdırılması Azərbaycanın kosmos sahəsində digər dövlətlərdən asılılığını tam aradan qaldırıb. Ölkə bu sahədə xidmətlərin idxalçısından ixracatçısına çevrilib.

Peyklər milli qürur mənbəyi olmaqla yanaşı, həm də kommersiya layihəsidir.

Azərkosmos telekommunikasiya peykləri və kosmik həlləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərərək qlobal və regional peyk xidmətləri bazarında özünəməxsus mövqe qazanıb. Bu isə Azərbaycan iqtisadiyyatının güclənməsinə, inkişafına xidmət edir.

Azərbaycan telekommunikasiya və optik peyk xidmətlərinin təqdim edilməsindən bu günə kimi 550 milyon manatdan çox vəsait əldə edib. 2023-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”in istehsalı üzrə 116.6 milyon ABŞ dolları və orbitə qaldırılma xidmətləri üzrə 89.6 milyon ABŞ dollarında (ümumilikdə 206.2 milyon ABŞ dolları) kredit öhdəlikləri tam ödənilərək yekunlaşıb.

Azərbaycanın unikal və əlverişli coğrafi mövqeyi, mövcud sabitlik və iqtisadi inkişaf qlobal kosmik şirkətlərin diqqətini cəlb edib. Ölkədə İtaliya, Yaponiya və Çin şirkətlərinin biznes məqsədli yerüstü infrastrukturları quraşdırılıb. Hazırda Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində, Bakı teleportunda müxtəlif beynəlxalq şirkətlərə məxsus 20-yə yaxın yerüstü stansiya xidmət göstərir.

Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin Azərkosmosla Avropa Geostasionar Naviqasiya Xidmətinin (EGNOS) genişləndirilməsində tərəfdaşlıq etməsi və yerüstü antenlərin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşdirilməsinə dair görülən işlər ölkə üçün böyük uğurdur.

 

“Azersky” müharibə və postmüharibə dövründə


Telekommunikasiya peykləri ilə yanaşı, “Azersky” peyki də milli təhlükəsizliyin qorunması və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Bu peyk sayəsində vaxtilə Ermənistanın işğalı altında Azərbaycan ərazilərində törədilmiş yanğınlar mütəmadi monitorinq edilib, dəymiş ziyan qiymətləndirilməsi aparılıb. Eyni zamanda həmin bölgədə yerləşən filiz yataqlarının kosmik monitorinqi nəticəsində hasilat sahələrində baş vermiş dəyişikliklər qiymətləndirilib.

“Azersky” 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zəfər qazanmasında da əhəmiyyətli rol oynayıb. Bu peyk vasitəsilə düşmənin hərəkətlərini izləmək və təxribatlarının qarşısını almaq mümkün olub.

“Azərsky” peykinin imkanlarından müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərimizin iqtisadi potensialının müəyyənləşdirilməsində də geniş istifadə olunub.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi”.

“Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində kənd təsərrüfatı, ekologiya, şəhərsalma, kadastr və digər sahələrdə peyk təsvirlərindən istifadə edilməklə 400-dən çox layihə həyata keçirilib. Onlardan 137-si elmi-tədqiqat layihəsi olub. “Azersky” peykinin xidmətlərindən ölkədə xüsusilə kənd təsərrüfatı sahəsi üzrə əkin növləri xəritəsinin hazırlanması, zeytun, fındıq bağlarının salınması, iri arıçılıq təsərrüfatlarının yaradılması üçün uyğun ərazilərin seçilməsi, pambıq sahələrində suvarılmanın və vegetasiya dövründə baş verən anomaliyaların monitorinqinin aparılmasında istifadə olunub.

Artıq üç ildir ki, Azərkosmos kosmik monitorinqlər apararaq illik “Qlobal iqlim dəyişikliklərinin Azərbaycan Respublikasına təsirlərinin qiymətləndirilməsi üzrə hesabat” hazırlayır.

 

Peyklər milli kadrların idarəetməsində


“Azerspace-1” peykinin orbitə buraxılması ilə kosmos sahəsində müxtəlif istiqamətlər üzrə mühəndislər, peyk əməliyyatları üzrə peşəkar mütəxəssislər yetişdi. Ölkənin bu sahədə insan potensialı formalaşdırıldı. Azərbaycan hazırda peyklərini öz kadrları ilə idarə edən və xidmət göstərən azsaylı ölkələr sırasındadır.

Bu gün Azərkosmosun nəzdində innovativ yaradıcılıqla məşğul olan Tədqiqat və İnkişaf Mərkəzi də fəaliyyət göstərir. Mərkəz gənclər arasında kosmik ekosistemin gücləndirilməsi məqsədilə innovasiya, tədqiqat və inkişafyönümlü layihələr reallaşdırır, kosmik maarifləndirmə tədbirləri həyata keçirir. Minlərlə gənc məhz bu kimi fəaliyyətlərlə Azərbaycanda milli kosmik ekosistemi gücləndirməyə dəstək olur.

 

Kosmik sənayenin inkişafında yeni səhifə


Azərbaycan növbəti peyk layihəsini – “Azersky-2” peyk texnologiya proqramını həyata keçirməyə başlayıb. Proqram çərçivəsində iki ədəd Yerin məsafədən müşahidə peykinin orbitə çıxarılması nəzərdə tutulur.

Layihənin ən əhəmiyyətli məqamlarından biri odur ki, Azərbaycanda müasir kosmik aparatların istehsalı mərkəzinin qurulması və peyklərdən birinin ölkədə hazırlanması planlaşdırılır.

Bu, böyük nailiyyət, eyni zamanda Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələdir.

 

Kosmosa Bakıdan baxış


Azərbaycanın kosmik sənaye tarixinin ən mühüm hadisələrindən biri 2023-cü ildə Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi oldu.

Kosmos sahəsi üzrə biznes, elm və innovasiya imkanlarını bir konsepsiyada birləşdirən Bakı Konqresində 132 ölkədən 5404 nümayəndə iştirak etdi. Konqresin tarixində ilk dəfə idi ki, tədbirə bu sayda – 132 dövlətdən təmsilçi qoşulmuşdu.

İlk dəfə olaraq Bakı Konqresində ABŞ və Afrikadan olan nümayəndələrlə dəyirmi masalar keçirilməsinə nail olunub və həmçinin məhz Bakı Konqresində ilk dəfə olaraq 55 təşkilat eyni vaxtda Beynəlxalq Astronavtika Federasiyasına üzv olub.

Bakıda keçirilən bu mötəbər və nüfuzlu tədbir kosmik agentlik, şirkət və təşkilatlar arasında daha sıx əlaqələrin qurulmasına, bölgəyə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsinə, bu sahədə insan kapitalının inkişafına, eləcə də Azərbaycanın beynəlxalq arenada regionun kosmik mərkəzi və etibarlı tərəfdaş imicinin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verdi.

 

Azərbaycanın kosmik mövqeyi


Azərbaycan 2023-cü il “Kosmik fəaliyyət haqqında” Qanun qəbul edib və bununla da həmin addımı atmış azsaylı ölkələr sırasına daxil olub. Həmin qanun ölkədə kosmik texnologiyanın üstünlüklərinin təbliği və yayılmasına, kosmik fəaliyyətin genişləndirilməsinə şərait yaradır.

2024-cü ilin əvvəlində isə Azərbaycan kosmik sahədə daha bir uğur əldə etdi. Geostasionar orbitdə məhdud resursa sahib ölkələr arasında özünəməxsus orbital mövqeyi ilə söz sahibi oldu. “Azerspace-1” telekommunikasiya peykinin olduğu 46° şərq uzunluğu orbital mövqeyinin C və Ku tezlik diapazonları artıq Azərbaycana məxsusdur.

Əldə olunmuş uğurlar, eyni zamanda planlaşdırılan işlər sübut edir ki, Azərbaycan enerji və nəqliyyat sektorlarında olduğu kimi, kosmik sahədə də artıq regional mərkəzə çevrilib.