Xəbər

Azərbaycan poçtunun son 20 illik inkişaf yolu – MƏQALƏ

Xəbər
Azərbaycan poçtunun son 20 illik inkişaf yolu – MƏQALƏ

Son 20 ildə yeganə milli poçt operatoru olan “Azərpoçt” MMC böyük inkişaf yolu keçib. Bu illər ərzində qurum genişçeşidli xidmətlər göstərməyə başlayıb.

Çoxsahəli yanaşma Azərbaycanda fiziki şəxslərə, müəssisələrə və təşkilatlara öz kommunikasiya ehtiyaclarını səmərəli şəkildə idarə etməyə, eyni zamanda “Azərpoçt” MMC tərəfindən təqdim edilən logistika və maliyyə xidmətlərindən faydalanmağa imkan verir. Hazırda respublika ərazisində 1000-dən çox poçt şöbəsi və 4500-dən çox əməkdaşla vətəndaşlara xidmət göstərilir.

 

Azərbaycan poçtu əsas uğurlarını son 20 ildə qazanıb

“Azərpoçt” MMC 2004-cü ilin 7 oktyabr tarixindən “Azərpoçt” Dövlət Müəssisəsi (DM) adı ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (AR RİTN) nəzdində fəaliyyət göstərən milli operator kimi, 2009-cu ilin 31 avqust tarixindən isə təşkilati-hüquqi forması dəyişdirilərək Məhdud Məsuliyyətli Cəmiyyət kimi fəaliyyətini davam etdirib.

Azərbaycan poçtu ən böyük uğurlarını da son 20 ildə əldə edib. Belə ki, ölkəmiz Ümumdünya Poçt İttifaqının (ÜPİ) 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində ilk dəfə olaraq bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki ali orqanına – Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.

“Azərpoçt” MMC 2013-cü ildən Qlobal monitorinq sistemini, 2016-cı ildən isə “IPS.Post” yeni izləmə sistemini tətbiq etməklə bu sistemlərin imkanlarından faydalanır. Bu sistemlər öz növbəsində poçt işinin təşkilindəki şəffaflığın beynəlxalq platformada təmin olunmasına xidmət edir.

Zaman keçdikcə poçt təkcə öz xidmətlərini deyil, tabe olduğu nazirliyin də xidmətlərini mərkəzləşmiş şəkildə əhaliyə təqdim etməyə başlayıb. Belə ki, “Azərpoçt”un nəzdində 2017-ci il fevral ayının 10-da ilk “Şəbəkə” xidmət mərkəzi istifadəyə verilib. Bu mərkəzlər vasitəsilə adi poçt şöbələrindən fərqli olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (keçmiş RİTN) tabeliyində olan digər qurumlar da xidmət göstərməyə başlayıb. Hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakıda, digər 4-ü isə müvafiq olaraq Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir.

Azərbaycan poçtu keçən dövr ərzində yalnız ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda fəaliyyətini genişləndirib. Belə ki, ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) layihəsinə 2016-cı ilin iyul ayından başlanılıb.

2003-2023-cü illər ərzində ölkə üzrə maddi-texniki baza gücləndirilib, poçt şöbələri və filiallar əsaslı təmir edilib və ya binaları yenidən tikilib. Statistikaya nəzər salsaq, görərik ki, bu illərdə 887 yeni poçt şöbəsi binası tikilib, 126 poçt şöbəsi binası əsaslı təmir edilib, 11 poçt filialı üçün isə yeni bina tikilib. Əlavə olaraq 367 yeni avtomobil alınaraq istifadəyə verilib.

Eyni zamanda 2003-2023-cü illər ərzində 73 yeni ATM quraşdırılıb, 1236 poçt şöbəsi isə mərkəzi şəbəkəyə qoşulub.

Yaxın keçmişdən başlayan inkişaf yolu bu gün də davam etdirilir: “Azərpoçt” MMC-nin 2021-ci ildə təsdiqlənən yeni strategiyası infrastrukturun modernizasiyasını və yeni biznes istiqamətlərinin inkişafını nəzərdə tutur. Ən sonuncu strategiyanın effektiv icrasını təmin etmək üçün transformasiya ofisi də qurulub.

Bundan əlavə, 2021-ci ildən optimallaşdırma proseslərinə başlanılıb, struktur islahatları həyata keçirilib, beynəlxalq təcrübəyə əsaslanaraq yeni xidmətlər istifadəyə verilib.

 

“Azərpoçt” həm də maliyyə xidmətləri göstərir

“Azərpoçt” keçən dövr ərzində yalnız poçt operatoru kimi deyil, həm də maliyyə xidmətləri göstərən bir qurum kimi öz fəaliyyətini genişləndirib.

2010-cu ilin 16 aprel tarixində “Azərpoçt” MMC-yə maliyyə xidmətlərinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilib. Bu lisenziya əsasında respublikanın regionlarında əhalinin maliyyə xidmətlərinə sərbəst çıxış imkanı yaradılıb, yeni xidmətlərin göstərilməsi hesabına xidmət çeşidi artırılıb, yerli və beynəlxalq poçt və maliyyə qurumları ilə inteqrasiya gücləndirilib.

Hazırda lisenziyaya malik 1116 poçt şöbəsi maliyyə xidmətləri göstərmək iqtidarındadır. Belə ki, poçt şöbələrində maliyyə xidmətlərinin təmin olunması nəticəsində poçt hesablarının açılması və aparılması, pulköçürmələri, maliyyə institutlarında, o cümlədən Mərkəzi Bankda müxbir hesabların açılması, ödəniş vasitələrinin, həmçinin debit kartlarının emissiyası, xarici valyutanın alqı-satqısı, nağd vəsaitin və digər qiymətlilərin inkassasiyası icra olunur.

Bundan başqa, “Azərpoçt” öz fəaliyyətində 2005-ci ildən IFS/STEFI beynəlxalq pulköçürmələri sisteminə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.

 

Milli poçt sahəsində yenilənmə mərhələsinə keçid və yeni strategiyanın tətbiqi

Müasir ekosistemdə, qlobal tendensiyaların nəticəsi olaraq, poçt operatorları ənənəvi biznes modelini transformasiya edərək yeni biznes istiqamətlərinə keçid etmək məcburiyyətində qalırlar. Araşdırmalar göstərir ki, günümüzdə məktub göndərişlərinə tələbat kəskin azalır, bununla belə, elektron kommersiya və qlobal ticarətin artımı fonunda poçt operatorlarının əhəmiyyəti artır, rəqəmsal transformasiya və əməliyyatların avtomatlaşdırılması sürətlənir. Qeyd edilənlərin fonunda poçt operatorlarının məhsul və xidmət portfelləri təbii formada genişləndirilir.

Klassik poçt xidmətlərinə, xüsusilə məktub və teleqram göndərişlərinə tələbatın kəskin azalması, rəqəmsallaşma nəticəsində kommunal ödənişlərin onlayn şəkildə həyata keçirilməsi kimi amillərin “Azərpoçt” MMC-nin gəlir və mənfəətinə kəskin şəkildə təsir etməsi yeni strategiyanın tətbiqini zəruri etdi.

Beləliklə, “Azərpoçt”un 2021-ci ildə təsdiqlənmiş yeni strategiyası ilə infrastrukturun modernizasiyası, yeni biznes istiqamətlərinin inkişafı və qurumun 3 istiqamət üzrə transformasiyasının həyata keçirilməsi nəzərdə tutuldu:

Həmin istiqamətlərdən birincisi, əsasların düzəldilməsidir. Bu, özündə poçt şöbələri şəbəkəsinin optimallaşdırılması, proseslərin rəqəmsallaşdırılması, İT və fiziki infrastrukturun modernizasiyası, korporativ mədəniyyət, idarəetmə və kommersiyalaşmanı birləşdirir.

Əsas biznesin genişləndirilməsi olan ikinci istiqamət isə CEP (kuryer, ekspress, bağlama) üzrə biznesin genişləndirilməsi, maliyyə xidmətləri portfelinin böyüdülməsi, logistika xidmətlərinin təqdim edilməsini əhatə edir.

Sonuncu və çox mühüm hesab olunan yenilikçilik istiqaməti isə innovativ həllərin tətbiqi, müştəri kanallarının rəqəmsallaşdırılması, yeni məhsul və gəlir istiqamətlərinin inkişafına yönəlib.

Bütün bunların məntiqi davamı olaraq, strategiyanın uğurlu icrası üçün 2022-ci ildə qurumda transformasiya proseslərinə start verilib.

Birinci istiqamət üzrə 2021-ci ildən optimallaşma proseslərinə başlanılıb, regionlaşma layihəsinin tətbiqi ilə 20-si Regional Filial olmaqla, ümumilikdə 35 Poçt Filialı yaradılıb.

Həmçinin poçtdaşıma işində avtomatlaşdırılmış işin təmin olunması, əl əməyindən istifadənin minimallaşdırılması və nəticə etibarilə poçt çatdırılması zamanı sürətin təmin olunması üçün yeni Poçt Daşıma Mərkəzinin (çeşidləmə mərkəzi) tikintisi və bütün İT strukturun yenilənməsi layihəsinə start verilib.

Yeni strategiya çərçivəsində korporativ mədəniyyət, idarəetmə və kommersiyalaşma istiqamətində də bir sıra addımlar atılıb.

2022-ci ildə qurumda İdarə heyəti institutu yaradılıb. Eyni zamanda əməkdaşların aylıq gəlirlərinin artırılması məqsədilə “Transaction bonus” və məhsul üzrə mükafatlandırma sistemi formalaşdırılıb. Eləcə də kommersiyalaşmanın düzgün idarə edilməsi üçün “Azərmarka” MMC “Azərpoçt” MMC-yə qoşularaq yenidən təşkil edilib.

İkinci istiqamət daxilində isə üç ayrı inkişaf xətti nəzərdə tutulub və hər xətt üzrə müəyyən layihələr həyata keçirilib.

Belə ki, 2023-cü ildən istifadəyə verilən “Postcargo” layihəsi ilə “Azərpoçt” xaricdən gələn elektron ticarət (E-kom) göndərişlərində lider oyunçu olmağı hədəfləyir.

İkinci xətt olan ölkədaxili E-com çatdırılmasını həyata keçirmək və xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün ölkə ərazisində 42 PUDO, yəni xüsusi xidmət nöqtələri istifadəyə verilib. Müştərilərə 7/24 rejimində xidmət göstərilməsi üçün əlavə olaraq 20 Poçtamat (avtomatlaşdırılmış poçt qutusu ilə özünəxidmət məntəqəsi) alınıb. Görülən işlər nəticəsində 2023-cü ilin 12 ayı ərzində ölkə daxilində 1.4 milyon bağlama çatdırılması həyata keçirilib. Bu isə ilin əvvəlində qoyulan hədəfdən 271% çoxluq təşkil edib.

Üçüncü xətt olan kuryer xidmətinin inkişafı üçün hazırda kuryer biznesinin inkişafı üzrə proqram təminatının alınması işləri icra edilir, dövriyyənin artırılması məqsədilə yeni marketinq strategiyası artıq formalaşdırılıb.

Yenilənmə mərhələsinə keçid edən “Azərpoçt”un sonuncu istiqaməti olan yenilikçilik çərçivəsində isə “VİSA” ödəniş sisteminin tamhüquqlu üzvü statusu alınıb və kart emissiyası, eləcə də kart qəbuluna aktiv şəkildə başlanılıb. Eyni zamanda kart fərdiləşmə mərkəzinin yaradılması, ekvayrinq xidmətləri və elektron ödənişlərin qəbulunun həyata keçirilməsi üçün lisenziya əldə olunub.

Qeyd edək ki, “Azərpoçt”un “VİSA” ödəniş sisteminin tamhüquqlu üzvü olması nəticəsində minimum 500 “Azərpoçt” şöbəsində nağdsız ödənişlərin mümkünlüyü və bununla da xidmətin icrası zamanı maliyyə şəffaflığı təmin olunub.

Yeni strategiya çərçivəsində maliyyə xidmətləri portfelinin genişləndirilməsi də qarşıya hədəf qoyulub, investisiya portfeli 2021-ci ilin mart ayından başlayaraq formalaşdırılıb.

Bundan əlavə, “Agent bankçılıq” layihəsinə test formatında başlanılıb və layihə uğurla yekunlaşdırılıb. “Agent bankçılıq” layihəsi ilə regionlardakı əhaliyə maliyyə xidmətlərinin əlçatanlığı, nəticə etibarilə kiçik və orta sahibkarlığa dəstək təmin olunacaq. Eyni zamanda maliyyə sahəsində poçt şöbələrində müştərilərə seçim imkanlarının artırılması məqsədilə “Azərpoçt” Rusiya Federasiyasına məxsus “Granat” pulköçürmə sisteminə də qoşulub.

Beynəlxalq təcrübədən çıxış edərək “Azərpoçt” öz geniş poçt şəbəkəsindən fərqli əməkdaşlıqlar üçün də faydalanıb və qurumun (o cümlədən əməkdaşlarının) gəlirinin artmasını təmin edib. Belə ki, “Retail” xidməti altında ölkədə fəaliyyət göstərən fərqli bizneslərə (“Azlotereya” ASC, “Azercell Telekom” MMC və s.) öz məhsullarının poçt şöbələri üzərindən satışının həyata keçirilməsinə imkan yaradılıb.

 

Zərərdən mənfəətə keçid və dayanıqlı maliyyə durumu

“Azərpoçt” bir neçə dəfə fəaliyyət ilini zərərlə başa vurub. Lakin sonuncu strategiyanın tətbiqindən sonra qurum mənfəətlə fəaliyyət göstərməyə başlayaraq maliyyə dayanıqlılığına nail olub. Təkcə son 3 ildə qurumun aktivləri 5 dəfəyə yaxın artaraq 774 milyon manata çatıb, müştəri bazasının artımı hesabına müştəri qalıqlarının həcmi isə
2020-ci ilə nisbətdə 10 dəfə artıb. 2020-ci ildə 7.7 milyon manat xalis zərər olmasına baxmayaraq 2023-cü il ərzində 4.6 milyon manat xalis gəlir əldə edilməsinə nail olunub.

“Azərpoçt” son dövrlərdə maliyyə institutları ilə iş sahəsində də fəallıq göstərib. Nəticədə Türkiyədə “Aktif Bank”da müxbir hesablar və İsveçrədə BCP bankda hesablar açılıb.

 

Zəfərin bəxş etdiyi yeni fəaliyyət istiqaməti

Sevindirici haldır ki, “Azərpoçt”un fəaliyyəti yalnız mövcud və yeni xidmətlərlə məhdudlaşmayıb, tarixi qələbəmiz sayəsində xüsusi fəaliyyət sahəsi də formalaşıb.

2020-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə poçt işinin təşkili istiqamətində davamlı olaraq işlər görülür. Belə ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

 

Müştəri məmnunluğu – əsas hədəf kimi

“Azərpoçt” növbəti ildə yeni Poçt Daşıma Mərkəzinin tikintisi və İT infrastrukturunun yenilənməsi layihələrinin icrasını nəzərdə tutur. Bundan əlavə, artıq test mərhələsini uğurla başa vurmuş “Agent bankçılıq” layihəsinin tam tətbiqi planlaşdırılır.

Görülən işlər sayəsində müştəri məmnunluğu indeksinin artırılması isə bütün poçt əməkdaşlarının qarşısına 2024-cü il üzrə əsas hədəf kimi qoyulub.