Azərbaycan nümayəndə heyəti Cənubi Koreyaya səfər çərçivəsində ikitərəfli görüşlər keçirib
Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin dəstəyilə Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasında və Azərbaycan-Koreya Biznes Forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti bu gün Seulda bir sıra ikitərəfli görüşlər keçirib.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) və Koreya Ağıllı Şəhər Assosiasiyasında yüksək səviyyəli rəsmilərlə baş tutan görüşlərdə Koreya ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, habelə Koreya şirkətlərinin Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdəki layihələrdə iştirakı və ölkəmizə investisiya qoyuluşu imkanları müzakirə olunub.
Nümayəndə heyəti həmçinin Seul və Anyang şəhər meriyalarının inteqrəolunmuş “ağıllı” idarəetmə mərkəzlərini ziyarət edərək Koreyə təcrübəsi ilə yaxından tanış olub.