Azərbaycan ərazisində avqust ayında baş vermiş yanğınların monitorinqinin nəticələri ictimaiyyətə açıqlanıb
2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov qeyd edib ki, hazırda dünyanın bir çox ölkələrində yanğınlar ciddi fəsadlar törədir. Xüsusilə meşə yanğınları nəticəsində təbiətə böyük ziyan dəyir.
“Avropa ərazisində 2006-cı ildən bəri ən böyük meşə yanğınları məhz bu il baş verib və ümumilikdə 700000 hektar sahəni əhatə edib. Təəssüf ki, yanğınların baş verməsi ölkəmizdən də yan keçməyib. Avqust ayının ortalarından başlayaraq davam edən yanğınlar şimal və şimal-qərb regionlarımız üzrə 5300 hektardan çox ərazini əhatə edib. Bunun da 1600 hektardan artıq hissəsi meşə sahəsinin payına düşür”, – deyə Rövşən Rüstəmov bildirib.
Nazir müavini qeyd edib ki, yanğınların qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də prosesə kosmik peyk təsvirləri ilə analitik dəstək verən Azərkosmos arasında qarşılıqlı fəaliyyət, koordinasiyalı iş qurulub. Kosmik monitorinqlər nəticəsində hadisənin həm miqyasını qiymətləndirmək, həm də gedişatını proqnozlaşdırmaq mümkün olub.
Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov yanğınların “Azersky” peyki vasitəsilə monitorinqinin nəticələrini təqdim edib. Bildirib ki, “Azersky” peyki ölkə ərazisində, xüsusən də şimal və şimal-qərb regionlarında yanğınların gündəlik monitorinqini aparıb. Peykdən əldə olunmuş təsvirlərin analizi əsasında yanğınların əhatə etdiyi ərazilər müəyyən olunub, onların meşə, kolluq, otlaq və əkin sahələri üzrə təsnifatı aparılıb, ümumi sahəsi hesablanıb.
“Təhlilin nəticələri göstərir ki, Şabranda 3711 hektar, Siyəzəndə 800 hektar, Qubada 555 hektar, Şamaxıda 164 hektar, Xaçmazda 71 hektar, Şəkidə 6 hektar və Qəbələdə 4 hektar olmaqla ümumilikdə 5311 hektar ərazidə yanğın baş verib. Yanmış ərazinin təxminən 30%-i meşə sahəsinin payına düşür”, – deyə Saməddin Əsədov qeyd edib.
Daha sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğınlarla mübarizədə görülən işlər, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə təbiətə dəyən ziyan barədə açıqlama verib.
Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.