Ali təhsil almadan İT üzrə beynəlxalq sertifikat alan iki gəncin hekayəsi

Ali təhsil almadan İT üzrə beynəlxalq sertifikat alan iki gəncin hekayəsi

“AzInTelecom” MMC-nin ali təhsili olmayan iki gənc əməkdaşının informasiya texnologiyaları üzrə beynəlxalq şirkətlərdən sertifikat əldə etməsi ilə nəticələnən çətin və uğurlu həyat hekayəsini sizinlə bölüşmək istəyirik.

 

İT qlobal sahə olduğu üçün burada böyük beynəlxalq şirkətlərin sertifikatlarını əldə etmək artıq göstərici rolunu oynayır. Bu cür çətin kursları bitirərək yekunda imtahandan uğurlu nəticə əldə etmək üçün sahə üzrə yüksək bilik və təcrübə tələb olunur.

 

Lakin Azərbaycanda 22 və 23 yaşlı iki gənc bu aksiomu qıraraq ali, hətta tam orta təhsilləri olmadan belə özlərini inkişaf etdirib informasiya təhlükəsizliyi sahəsində biliklər qazanmağa, çətinliklə əldə olunan beynəlxalq sertifikatlarla təltif olunmağa, ölkənin ən qabaqcıl texnoloji məhsullar və xidmətlər təqdim edən şirkətində işləməyə nail olublar.

 

Tural Əsədov və Xəzər Hacıyev öz uğurlu həyat hekayələri ilə karyera qurmaq və böyük hədəflərə çatmaq üçün ali təhsilin prioritet olmadığını sübut ediblər.

 

22 yaşlı Xəzər 7-ci sinfi bitirməmiş təhsilini dayandıraraq ofisiant, operator köməkçisi işləyib. 16 yaşında proqramlaşdırma sahəsində özünü təkmilləşdirməyə başlayıb və müstəqil olaraq “Linux”, “Python” proqramlaşdırma dilləri üzrə biliklərə yiyələnib. 2019-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra eksternat imtahan verərək 9-cu sinfi bitirməyi ilə bağlı şəhadətnamə alıb.

 

Xəzər Hacıyev 2020-ci ildə müstəqil şəkildə şəbəkə, sistem inzibatçılığı, virtuallaşdırma, kibertəhlükəsizlik sahəsində biliklər əldə edib. Həmin il “RedHat Linux” sistem inzibatçısı beynəlxalq sertifikatını alıb.

 

İkinci Qarabağ müharibəsi zamanı çağırışçı kimi torpaqlarımızın işğaldan azad edilməsində iştirak edib tərxis olunduqdan sonra 2021-ci ilin iyul-sentyabr aylarında “AzInTelecom” MMC-də İnformasiya təhlükəsizliyi üzrə təcrübə proqramında iştirak edib.

 

22 yaşlı gəncin növbəti və indiki mərhələdə ən böyük uğurlarından biri Amerikanın “Offensive Security” beynəlxalq şirkətindən OSCP sertifikatını əldə etməsidir. X.Hacıyev 2022-ci il mayın 7-də informasiya təhlükəsizliyi sahəsində nüfuzetmə testi üzrə kursu bitirərək imtahanda uğurlu nəticə əldə edib.

 

Daha bir beynəlxalq sertifikat sahibi olan 23 yaşlı Tural Əsədov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və 2019-cu ildə müddətdən artıq xidmət edən əsgər vəzifəsində snayper olaraq xidmət edib.

 

Orta məktəbdə oxuduğu dövrdən veb-proqramlaşdırma, kiberhücumlar, “Linux” əməliyyat sistemləri üzrə müstəqil olaraq biliklərə yiyələnməsi hərbi xidmətdən sonra da Turalı bu sahəyə yönəldib. Tural Əsədov 2021-ci ilin iyul-sentyabr aylarında AzInTelecom” MMC-də İnformasiya təhlükəsizliyi üzrə təcrübə proqramında iştirak edib.

 

Uğurlarının davamı olaraq 2022-ci il mayın 9-da beynəlxalq “eLearnSecurity” şirkətinin çox çətinliklə əldə edilən “eWPT” sertifikatına yiyələnib. T.Əsədov bu şirkətin həyata keçirdiyi və bir neçə ay davam edən veb-tətbiqlərin nüfuzetmə testi üzrə kursu bitirərək imtahandan uğurla keçib.

 

Hər iki gənc 2021-ci ilin oktyabr ayından “AzInTelecom” MMC-nin İnformasiya təhlükəsizliyi departamentinin Kiber təhlükəsizliyi şöbəsinin mütəxəssisi vəzifəsində çalışır.

 

Azərbaycanda informasiya texnologiyaları sahəsində kadr hazırlığı, mütəxəssislərin hazırlanması daim diqqət mərkəzindədir və müvafiq qurumlar bunun üçün lazımi addımlar atır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu istiqamətdə bir çox dəstək layihələri həyata keçirir. Nazirliyin İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” təqaüd proqramı və “AzInTelecom”un Kibertəhlükəsizlik Laboratoriyası təlim proqramında artıq 1000-ə yaxın gənc İT sahəsində spesifik biliklər əldə edərək həm nazirliyin qurumlarında, həm də ölkənin digər qabaqcıl şirkət və idarələrində işləmək imkanı əldə ediblər.

 

Tural Əsədov və Xəzər Hacıyev rəsmi olaraq ali təhsil almasalar da, sevdikləri sahəyə olan maraq, öyrənmək əzmi və istəyin reallaşması üçün çəkilən əziyyət nəticəsində həm elm, həm də iş həyatında böyük uğurlar əldə etməyin mümkün olduğunu sübut ediblər.