28 yanvar Məlumatların Mühafizəsi Günüdür
28 yanvar dünyada Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. 1981-ci ildə məhz bu tarixdə Avropa Şurası “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənilməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiya (108 saylı konvensiya) qəbul edib. Bu günün qeyd olunmasında məqsəd fərdi məlumatların mühafizəsinin əhəmiyyətini vurğulamaq, fərdi məlumatların mülkiyyətçi və operatorlarının öhdəliklərinə, o cümlədən subyektlərinin hüquqlarına diqqəti cəlb etməkdir.
Azərbaycan Avropa Şurasının həmin konvensiyasına 2009-cu ildə qoşulub. 2010-cu ildə isə milli səviyyədə fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri tənzimləyən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Ölkəmizdə beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə hüquqi islahatlar davam etdirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də digər məsul dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli işçi qrup formalaşdırılıb, yeni qanun layihəsi hazırlanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də mütəmadi olaraq bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirir.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi, mühafizəsinin təmin edilməməsi halları ilə bağlı tədbirlər görən, əlaqələndirici qurum olan icra hakimiyyəti orqanıdır.
Təşkilat tərəfindən, eyni zamanda bu sahədə hüquqları pozulmuş subyektlərin şikayətlərinə baxılır. Qurumun www.cert.az rəsmi veb-resursunda vətəndaş müraciətləri üçün “Fərdi məlumatlarla bağlı hüquq pozuntusunu bildirin” elektron müraciət forması mövcuddur.