Xəbər

20 fevral Aviasiya Qəzası Qurbanları və Ailələrinin Beynəlxalq Anım Günüdür

Xəbər
20 fevral Aviasiya Qəzası Qurbanları və Ailələrinin Beynəlxalq Anım Günüdür

2021-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) fevralın 20-ni Aviasiya Qəzası Qurbanları və Ailələrinin Beynəlxalq Anım Günü elan edib.

Bu gün insanların həyatına son qoyan və yaxınlarının qəlbində dərin izlər buraxan aviasiya faciələri barədə mühüm bir xatırlatmadır. ICAO-nun təşəbbüsü təkcə həlak olanların xatirəsini ehtiramla yad etməyə yönəlməyib, o həm də bu cür hadisələrdən sonra fiziki, emosional və mənəvi çətinliklərlə üzləşən ailələrə dəstək verilməsinin zəruriliyinə diqqəti cəlb etmək məqsədi daşıyır.

Hər il ICAO təyyarə qəzası qurbanları və onların yaxınlarının qəzadan sonra ehtiyac duyduqları dəstək, resurslar və hərtərəfli məlumatla təminatlarını yaxşılaşdırmaq üzrə öhdəliklərini hökumətlərə və aviasiya sənayesinə xatırlatmaq üçün tədbirlər keçirir.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş vermiş faciə hava nəqliyyatı ilə bağlı kədərli hadisədir. Qəza ekipaj üzvləri və sərnişinlər də daxil olmaqla 38 nəfərin həyatına son qoysa da, pilotların və bort bələdçilərinin qəhrəmanlığı nəticəsində 29 nəfər xilas edilib. Bu, kritik vəziyyətlərdə peşəkarlığın və fədakarlığın vacibliyini vurğulayır.

Bu faciə aviasiyada təhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsinin vacibliyini önə çıxarır. ICAO və ona üzv ölkələr, o cümlədən Azərbaycan gələcəkdə oxşar hadisələrin qarşısının alınmasına yönəlmiş qanunvericilik təşəbbüslərinin irəli sürülməsi istiqamətində fəaliyyətini davam etdirir.