20 fevral Aviasiya Hadisəsi Qurbanları və Ailələrinin Beynəlxalq Anım Günüdür
Beynəlxalq ictimaiyyət hər il 20 fevral tarixini Aviasiya Hadisəsi Qurbanları və Ailələrinin Beynəlxalq Anım Günü kimi qeyd edir. Bu gün 2021-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Baş Assambleyasının 40-cı sessiyasında qəbul olunmuş qərarla təsis edilib. Məqsəd aviasiya hadisələri zamanı həyatını itirmiş insanların xatirəsini anmaq, onların ailələri ilə həmrəy olmaq, eləcə də uçuşların təhlükəsizliyinin artırılmasının vacibliyini bir daha vurğulamaqdır.
Müasir texnologiyaların və təhlükəsizlik sistemlərinin davamlı inkişafına baxmayaraq, aviasiya hadisələri həm ailələr, həm də cəmiyyət üçün ağır nəticələrə səbəb ola bilir. Buna görə də qurbanların yaxınlarına göstərilən psixoloji, sosial və hüquqi dəstək məsələləri xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq Anım Günü, eyni zamanda təcrübə mübadiləsi və peşəkar müzakirələrə imkan yaradır. Bu il yanvarın 27-də Madriddə Avropa Mülki Aviasiya Konfransı (ECAC) və “ICAO”nun birgə regional seminarı keçirilib. Tədbirdə Azərbaycanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) təmsil edib. Seminar çərçivəsində aviasiya hadisələrinin qarşısının alınması və uçuşların təhlükəsizliyinin daha da gücləndirilməsi istiqamətində yeni imkanlar müzakirə olunub.
Aviasiya hadisəsi qurbanlarının xatirəsinin yad edilməsi daha təhlükəsiz və məsuliyyətli aviasiya sisteminin formalaşdırılmasına töhfə verir. Bu gün yalnız anım deyil, həm də gələcəkdə faciələrin qarşısının alınması istiqamətində bir çağırışdır.
Mülki aviasiya ilə bağlı yaxın tariximizdə baş vermiş 2024-cü il 25 dekabr faciəsinin qurbanları da bu gündə bir daha dərin hüznlə yad edilir.
Həmin gün Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu ağır faciə ilə əlaqədar ölkədə 2024-cü ilin 26 dekabr tarixində matəm elan olunub.
Anım günü ilə əlaqədar aviasiya hadisələrində həyatını itirmiş bütün insanların, o cümlədən 2024-cü il faciəsinin qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dəstək və həmrəyliyimizi ifadə edirik.
Mavi səmamız həmişə təhlükəsiz, uçuşlarımız uğurlu olsun!