“AzInTelecom” MMC Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən rəqəmsal xidmətlər təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində bu prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb.
“AzInTelecom” MMC-nin əsas xidmət istiqamətləri:
Bulud həlləri – “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, Bakı və Yevlaxda yerləşən “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzinə) malikdir. Şirkətə məxsus Data mərkəzləri dövlət və özəl sektoruna “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Məlumatların Qorunması”, “Microsoft” və “Oracle” məhsulları, “Virtual İP Telefoniya” kimi genişmiqyaslı, çoxşaxəli bulud xidmətlərini təqdim edir.
SİMA – SİMA yeni nəsil rəqəmsal imza bulud, açıq açar və üztanıma texnologiyaları əsasında hazırlanıb. Vətəndaşlar SİMA mobil tətbiqini yükləyib qeydiyyatdan keçərək elektron hökumət, maliyyə (Bank və BOKT), sığorta, GSM operatorları, məişət avadanlıqlarının satışı mərkəzləri, internet və TV provayderlər, ümumiyyətlə, elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə edə bilərlər. Elektron imzalar isə SİMA Token adı altında təqdim edilir. SİMA Token elektron sənədi hazırlayan şəxsin sənədi təsdiqləyərək digər tərəfə göndərməsi, həmçinin elektron imza tətbiq olunan xidmətlərdən istifadə etməsi üçündür.
İnformasiya təhlükəsizliyi xidmətləri – Ölkənin bir çox böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC müştərilər üçün Kibertəhlükəsizlik və İnformasiya təhlükəsizliyinin auditi və konsaltinq xidmətlərini təşkil edir. Bu xidmətlərin reallaşdırılmasında əsas məqsəd işlək siyasət, təlimat və prosedurların hazırlanması ilə effektiv idarəetmənin həyata keçirilməsinə nail olmaqdır. Bu xidmətlərdən istifadə həssas məlumatlar ilə işləyən müəssisələrin kibertəhlükələrə qarşı məsuliyyətinin göstəricisidir.
Biznes həlləri – “AzInTelecom” MMC ölkəmizin sürətli və keyfiyyətli rəqəmsal transformasiyası, rəqəmsal iqtisadiyyatımızın inkişaf etdirilməsi üçün bir sıra innovativ biznes həllər təqdim edir. İT, bulud texnologiyaları və süni intellektə əsaslanan bu həllər vətəndaşların elektron xidmətlərə əlçatanlığını artırır, biznes subyektlərinin rəqəmsal inkişafını təşviq edir.
Mərkəzləşdirilmiş informasiya sistemləri – “AzInTelecom” MMC-nin mərkəzləşdirilmiş informasiya sistemlərinin yaradılmasında məqsəd vətəndaşlara, eləcə də sahibkarlara şəffaf və operativ xidmət göstərməkdən ibarətdir. Müvafiq informasiya sistemlərinin formalaşdırılması nəticəsində informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmə təmin edilir, bir sıra çatışmazlıq aradan qaldırılır. Bununla yanaşı, mərkəzləşdirilmiş informasiya sistemləri müəyyən istiqamətlər üzrə Böyük verilənlərin (data) toplanılmasına imkan yaradır.
Beynəlxalq səs trafiki – “AzInTelecom” MMC tərəfindən tətbiq olunan beynəlxalq səs trafiki mübadiləsinin təşkili xidməti Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsini alternativlik və yüksək keyfiyyətlə təmin edir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini, marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini, bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.