
Əlçatanlıq Zonası
“AzInTelecom” MMC-nin Azərbaycan və Cənubi Qafqaz regionunda “Tier 3”, informasiya texnologiyaları xidməti idarəetmə sistemi standartı (ISO 20000), biznesin davamlılığı idarəetmə sistemi standartı (ISO 22301) və informasiya təhlükəsizliyi idarəetmə sistemi standartı (ISO 27001) sertifikatlarına malik ilk Əlçatanlıq Zonasının açılışı 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutub. Sözügedən zonanın inşası Almaniyanın beynəlxalq səviyyəli şirkəti tərəfindən konsultasiya edilib və “Uptime Institute”nun test sınaqlarından uğurla keçib. “Tier 3” kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. 99,982% etibarlılıq səviyyəsi təmin olunan Əlçatanlıq Zonasının il ərzində yolverilən boşdayanma müddəti cəmi 1,6 saat təşkil edir. Bu zonanın nəzdində 2017-ci ilin aprel ayından bulud xidmətləri fəaliyyət göstərir.
“AzInTelecom” MMC tərəfindən bulud həllərinin mövcud bazar tələbatına uyğunlaşdırılması istiqamətində aparılan işlərin davamı olaraq müxtəlif sektorlara yüksək səviyyəli xidmətləri təmin etmək məqsədilə bulud xidmətlərinin təsnifatı aparılıb. Aparılmış araşdırmalar və təhlillər nəticəsində bulud xidmətləri 3 istiqamət üzrə bölünüb. Həmin istiqamətlərə AZCLOUD Korporativ həllər (Enterprise), AZCLOUD həlləri və AZCLOUD Hökumət həlləri (Government solutions) aiddir.
AZCLOUD Korporativ həllər
AZCLOUD Korporativ həllər (Enterprise) “Vmware” rəqəmsal platforması əsasında təqdim olunan ictimai bulud texnologiyasıdır. Bu model müştərinin kritik vacib virtual infrastrukturunun yerləşdirilməsi, optimallaşdırılması və müasirləşdirilməsi üzrə yüksək səviyyəli təhlükəsizlik və kompleks yanaşmanı təklif edir. AZCLOUD Korporativ həllərinin ekspertləri, həmçinin virtual resursları müəyyən etmək və optimallaşdırmaq və onların fiziki və ya digər bulud infrastrukturundan miqrasiyasını həyata keçirməyə dəstək göstərirlər.
AZCLOUD həlləri
AZCLOUD həlləri infrastrukturun buludda elastik və çevik şəkildə yerləşdirilməsinə imkan verir. Bu həllər sayəsində rəqəmsal tapşırıqları digər klassik bulud xidmətləri ilə müqayisədə daha asan və rahat yollarla həll etmək mümkündür. Sözügedən model həm kiçik, həm də orta biznesə ən üstün qiymət və keyfiyyət uyğunluğunu qorumaqla tətbiqləri təhlükəsiz mühitdə daha tez yerləşdirmək və miqyaslandırmaq imkanı yaradır.
AZCLOUD Hökumət həlləri
AZCLOUD Hökumət həlləri (Government solutions) “Hökumət buludu”nun (G-Cloud) mərkəzləşdirilmiş idarə edilməsi üçün nəzərdə tutulmuş rəqəmsal platformadır. “Hökumət buludu”nun yaradılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində yer alıb. Bu vasitə ilə dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturunun qurulması və standartların formalaşdırılması üzrə tədbirlər əlaqələndiriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə “Hökumət buludu” layihəsinin icrasına başlamaq üçün Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin inventarizasiyası və ekspertizası həyata keçirilib, bu sahədə idarəetmənin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılmasına qərar verilib. Daha sonra “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə “Hökumət buludu” (G-cloud) Konsepsiyası” təsdiq edilib. Dövlət orqanlarının data mərkəzlərinin mövcud vəziyyətini analiz etmək üçün qurumlar sorğuda iştirak edib. Aparılmış audit və keçirilmiş sorğuların nəticəsinə əsasən dövlət qurumlarının “Hökumət buludu”na Keçid Planı tərtib edilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı ilə Keçid Planı təsdiq olunub.