Nazirliyin dəstək verdiyi elmi jurnal “Web of Science Awards 2018” mükafatına layiq görülüb

Nazirliyin dəstək verdiyi elmi jurnal “Web of Science Awards 2018” mükafatına layiq görülüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və AMEA-nın dəstəyi ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan “Tətbiqi və Hesablama Riyaziyyatı” (“Applied and Computational Mathematics”) jurnalı “Web of Science Awards 2018” mükafatına layiq görülüb. Jurnal ən yüksək keyfiyyət göstəricisi sayılan “Q1” siyahısına daxil olmaq nominasiyası üzrə qalib olub.

 

Nüfuzlu “Clarivate Analyticts” təşkilatı jurnalın baş redaktoru Fikrət Əliyevi bu münasibətlə təltif edib. BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Fikrət Əliyev bildirib ki, “Tətbiqi və Hesablama Riyaziyyatı”  jurnalının belə yüksək mükafata layiq görülməsi Azərbaycan elminin böyük nailiyyətidir. “Azərbaycan alimlərinin əməyinin bu cür yüksək səviyyədə qiymətləndirilməsi bizi ruhlandırır və gələcəkdə daha səmərəli işləmək üçün qarşımıza böyük vəzifələr qoyur”.

 

Akademik qeyd edib ki, 2002-ci ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və AMEA-nın dəstəyi ilə buraxılan “Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalı Azərbaycanın elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Thomson Reuters” agentliyinin (indiki “Clarivate Analytics”) genişləndirilmiş siyahısına daxil edilib. Jurnal 2010-cu ildən impakt faktor (keyfiyyət dərəcəsi) alıb. Ötən 8 ildə jurnal bu sahədə öz liderliyini qoruyub saxlaya bilib. “Tətbiqi və Hesablama Riyaziyyatı” “Web of Science” bazasında indekslənən yeganə impakt faktorlu Azərbaycan elmi jurnalıdır.

 

Son zamanlar Azərbaycanın bir sıra jurnallarının bu bazanın siyahısına daxil edildiyini deyən alim həmin nəşrlərin hələlik heç birinin keyfiyyət dərəcəsinin olmadığını bildirib.

 

F.Əliyev xatırladıb ki, 2017-ci il üçün “Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalının keyfiyyət dərəcəsi 2.365-ə yüksəlib. Jurnal dünyada bu siyahıda tətbiqi riyaziyyat, yüksək texnologiyalar sahəsi üzrə yer alan 252 beynəlxalq nəşr arasında 19-cu, Avropa İttifaqında 4-cü, keçmiş sovet ölkələri sırasında isə 1-ci yerdədir. Beynəlxalq elmi jurnalın redaksiya heyətinə dünyanın 18 ölkəsindən 32 görkəmli alim daxildir.