Xəbər

“Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində ilk təlim səfəri baş tutub

Xəbər
“Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində ilk təlim səfəri baş tutub

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin benefisiarı olduğu “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində ilk təlim səfəri baş tutub.

 

Təlim səfəri layihənin 2-ci komponenti üzrə “Yol hərəkətinin təhlükəsizliyinin idarə olunması üzrə effektiv sistemin qurulması” mövzusunda Polşanın Varşava və Qdansk şəhərlərinə təşkil edilib.

 

Səfərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə və qurumları ilə yanaşı, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Baş İnformasiya-Kommunikasiya İdarəsinin nümayəndələri də iştirak ediblər.

 

Səfər çərçivəsində Polşa Respublikasının Nəqliyyatı Avtomatik İdarəetmə Mərkəzi (CANARD), Varşava Metropoliteninin Polis İdarəsi, Milli Avtomobil Yolları və Magistral Yollar Baş İdarəsinin (GDDKiA) Tunel İdarəetmə Mərkəzi, Avropa İttifaqının Polşadakı Nəqliyyat Layihələri Mərkəzi (CEUTP), Yanğınsöndürmə Xidmətinin Baş Məktəbi, Qdansk şəhərinin Nəqliyyatı İdarəetmə və Nəzarət Mərkəzi (TRISTAR), Fondlar və Regional Siyasət Nazirliyinin nümayəndələri, eləcə də Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova ilə görüşlər keçirilib.

 

Görüşlər zamanı qeyd olunan qurumların fəaliyyətinin təşkili və qanunvericilik bazası barədə ətraflı məlumat verilib. Həmçinin yol təhlükəsizliyi sahəsində istifadə edilən avadanlıqlar və sürətə nəzarət avadanlığı, təhlükəsizlik və monitorinq sistemləri, yol-nəqliyyat hadisələri qurbanlarına yardım göstərilməsi üçün prosedur və üsullar əyani şəkildə nümayiş etdirilib. Bununla da iki ölkə nümayəndələri arasında müvafiq sahədə fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Tvinninq layihəsinin məqsədi ölüm və ya ağır sağlamlıq xəsarətləri və sosial-iqtisadi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin azaldılmasına töhfə vermək, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi məsələlərini daha yaxşı idarə etmək və əlaqələndirmək üçün aidiyyəti dövlət qurumlarının və digər maraqlı tərəflərin hüquqi və institusional imkanlarını, kadr potensialını təkmilləşdirməkdir.