74-cü Beynəlxalq Astronavtika Konqresi
2-6 oktyabr 2023-cü ildə 50 il sonra yenidən Bakıda Beynəlxalq Astronavtika Konqresi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında ABŞ-nin paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.
Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçirilən 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunub. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak ediblər.
“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda beynəlxalq konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma olub. Tədbir bütün qonaq və iştirakçılara kosmik sənayenin inkişafının gücləndirilməsi, qlobal tendensiyalar, kosmos innovasiyaları sahəsində tərəfdaşlıq və əməkdaşlıq yollarını müzakirə etmək imkanı verib.
Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa edilən 8000 kvadrat metrlik sərgi pavilyonunda 36 ölkədən 150 kosmik qurum və şirkətin stendləri nümayiş olunub.
Konqresə 95 ölkədən 3600 elmi məqalə təqdim olunub. Bu, “IAC” tarixində ölkə sayı ilə bağlı rekord rəqəm idi. Tədbirə rekord sayda – 214 məqalə ilə qoşulmuş Azərbaycan ən çox elmi məqalə təqdim edən ölkələr siyahısında ABŞ, İtaliya, Hindistan və Çindən sonra beşinci yerdə qərarlaşıb.
Bakı Konqresi, həmçinin əldə edilmiş sponsorluq paketlərinin sayına görə rekord göstərici qazanıb. 22 şirkətin tədbirə sponsorluq paketi alması son beş ölkədə – Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilmiş konqreslərlə müqayisədə ən yüksək göstərici idi.
“IAC” tarixində ilk dəfə Bakı Konqresinə 132 dövlətdən təmsilçi qoşulub. İştirak edən 5404 nümayəndənin 50%-ni 35 yaşa qədər olan gənclər təşkil edib.
İlk dəfə olaraq Bakı Konqresində ABŞ və Afrikadan olan nümayəndələrlə dəyirmi masalar keçirilməsinə nail olunub.
İlk dəfə olaraq 55 təşkilat eyni vaxtda – məhz Bakı Konqresi zamanı Beynəlxalq Astronavtika Federasiyasına üzv olub.