Təsvir

“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi

Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi keçiriləcək. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə keçiriləcək bu tədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq  üçün bir araya gətirəcək.

Beynəlxalq aviasiya sektoru ümumi qlobal CO2 emissiyalarının təxminən 2,0%-ni təşkil edir. Bu rəqəm digər sektorlarla müqayisədə nisbətən az olsa da, yaxın gələcəkdə artacağı proqnozlaşdırılır. Hava nəqliyyatına tələbatın yüksəldiyi dövrdə bu emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı tədbirlər görülməlidir. Əks təqdirdə emissiyaların əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Qeyd edək ki, aviasiya sektorunda yaxın gələcəkdə maye yanacağa etibarlı alternativin  tapılması mümkün deyil. Buna görə də beynəlxalq aviasiya üzrə (LTAG) uzunmüddətli qlobal hədəflərə nail olmaq üçün davamlı aviasiya yanacağının (SAF), aşağı karbonlu aviasiya yanacağının (LCAF), həmçinin digər təmiz enerji mənbələrinin inkişafı və tətbiqinin qlobal miqyasını sürətləndirmək üçün təcili qlobal tədbirlərin görülməsinə ehtiyac var. Tədbir ICAO-nun 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün “Xalis Sıfır” (Net Zero) karbon emissiyasına nail olmaq kimi uzunmüddətli qlobal məqsədinə uyğundur.