“Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda forum keçirilib

Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının təqdimat mərasimi və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbiri Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq son illər ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, bu gün istehsalata qoyulan sərmayələr, yaradıcılıq proseslərinin iqtisadi və sosial təsirlərinin artırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə keçirilən müxtəlif layihələr barədə məlumat verib: “İstehsalata qoyulan vəsait müəyyən vaxtda, müəyyən şərtdə mütləq geri qayıdır. Lakin mədəniyyətə, insan zehninə, onun yaradıcılıq potensialına qoyulan sərmayə hansısa vaxt və meyarlarla ölçülməməlidir, bunlar fərqləndirilməlidir”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev çıxışında bildirib ki, son illərdə yaradıcı sənayenin ölkələrin iqtisadi və sosial inkişafının aparıcı qüvvəsi kimi çıxış etməsinin başlıca səbəblərindən biri məhz informasiya və rəqəmli texnologiyalardır: “İnformasiya texnologiyalarının sürətlə inkişafı, onların əlçatanlığı, yeni trendlərin meydana gəlməsi yaradıcı sənayenin formalaşmasında xüsusi rol oynayır, yaradıcı sənayenin, demək olar ki, bütün sektorlarında geniş tətbiq olunmaqla, bu sektorlarda rəqabət qabiliyyətli məhsul və xidmətlərin yaradılmasında əlavə dəyər formalaşdırır”.
Əli Abdullayev yaradıcı sənayenin inkişafının müasir texnoloji yeniliklərsiz ötüşmədiyini və nazirliyin bu sahədə həyata keçirdiyi layihələrdən danışıb: “Hamımıza məlumdur ki, yaradıcı sənayenin inkişafı yüksək texnologiyasız, informasiya texnologiyaları olmadan mümkün deyil. Nazirlik olaraq yaradıcı şəxslər üçün həm infrastrukturun formalaşması, həm də digər şəraitlərin yaradılması bizim birbaşa borcumuzdur. Nazirliyin tərkibində əvvəllər Yüksək Texnologiyalar Parkı mövcud idi. Son struktur dəyişikliklərindən sonra İnnovasiyalar Agentliyi yaradıldı. Artıq agentlik strukturlaşma işini tam başa çatdırıb. Əsasnaməsi hazırlanıb. Nazirlik bundan başqa regionda ilk olan təhlükəsizlik və dayanıqlılıq sertifikatına malik olan ən böyük Data Mərkəzini istifadəyə verib. İnnovasiyalar Agentliyi vasitəsilə biz ideyası olan gənclərimizə qrantların verilməsini və güzəştli şərtlərlə kreditlərin verilməsini təmin edirik. Maraqlı haldır ki, bizim gənclərimiz bu məsələ ilə məşğul olan zaman ən ağrılı məsələmiz Qarabağ probleminə də diqqət çəkirlər. İçərişəhər haqqında oyunlar hazırlayırlar. Qarabağ mövzusunda "İşğal altında Şuşa" və "İşğal altında Ağdam" kimi ilk milli oyunlarımız yaradılıb. Bundan başqa, “Sonuncu dalan” intellektual oyunu yaradılıb. Qarabağla bağlı oyunlara hazırda dünyanın bir sıra ölkəsindən 130 min nəfər qoşulub. “YouTube”da 350 min dəfə baxılıb. İçərişəhər mövzusunda oyuna isə 800 min dəfə baxılıb”.
Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, müasir dünyada peşə və ixtisaslar çox sürətlə dəyişir: “Azərbaycanda diqqət yetirilməsi vacib olan sahə sahibkarlıq, biznes etikası ilə bağlı olaraq bacarıqların formalaşdırılmasıdır. Bu, o baxımdan vacibdir ki, onlar gələcəkdə işaxtaran deyil, iş yeri yaradan insanlar olsunlar. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə vurğulayıb ki, yaradıcı sənayenin gələcəyi çox böyük və genişdir: “Texnologiyaların inkişafı, elmi-texniki biliklərin artması ilə yüzlərlə peşələr bu günədək sıradan çıxıb, gələcək dövrlərdə də sıradan çıxacaq. Odur ki, əmək resursları üçün yeni sahələr yaradılmalıdır”.
Panel müzakirəsi iştirakçıların suallarının cavablandırılması ilə davam edib.