“UNECE” ilə birgə “Subregional İnnovasiya Siyasəti” layihəsinə start verildi

Son illərdə Azərbaycanda innovasiya iqtisadiyyatının formalaşmasına xüsusi fikir verilir. Ölkə başçısının təşəbbüsü ilə ölkədə texnoloji sənaye parkları yaradılır və bu parkların rezidentləri üçün güzəştlər tətbiq edilir. İnnovasiya subyektlərinin maliyyə çıxışlarını təmin etmək üçün fondlar fəaliyyət göstərir və fondlar vasitəsilə innovativ layihələrə qrantlar və güzəştli kreditlər verilir.
İnnovasiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi və institusional islahatların aparılması üçün müvafiq fərman və sərəncamlar imzalanıb. Bu proseslərə təkan vermək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi yaradılıb. İdeyaların məhsula çevrilərək bazara çıxarılmasına xidmət edən dinamik innovativ sistemin qurulması və onun idarə edilməsi əsas məqsədlərdən biridir.
İnnovasiya sahəsində zəif və güclü tərəflərin üzə çıxarılması, innovasiya siyasəti, innovasiya infrastrukturu subyektlərinin fəaliyyəti və innovasiya proseslərinin yaxşılaşdırılması, rəqabət qabiliyyətinin artırılması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) tərəfindən 3 iyun 2019-cu il tarixində Bakıda keçirilən “Made in Azerbaijan: “İnnovasiyalar və Texnologiyalar” (MAINTECH-2019) Forumu çərçivəsində “Subregional İnnovasiya Siyasəti” layihəsinin başlanması elan edilib.
“Subregional İnnovasiya Siyasəti” layihəsi Şərqi Avropa və Qafqazın altı ölkəsində keçiriləcək və bu ölkələrdə innovasiyanın inkişaf səviyyəsi “İnnovativ İdarəetmə”, “İnnovasiya Siyasəti Vasitələri” və “İnnovasiya Siyasəti Prosesi” istiqamətləri üzrə təxminən 50 göstərici üzrə qiymətləndirmə aparılacaq.
Layihə dörd mərhələdə həyata keçiriləcək və layihənin nəticələri 2020-ci ilin yayında “UNECE” tərəfindən dərc ediləcək.
Ölkəmizdə səfərdə olan “UNECE”-nin nümayəndə heyəti – layihə meneceri Jakob Fexer və politoloq Dmitri Plexanov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsində, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, Müəllif Hüquqları Agentliyində, Kiçik və Orta Biznesin İnkişafı Agentliyində, İnnovasiyalar Agentliyində, BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Azərbaycan Nümayəndəliyində və “Boston Consulting Group” şirkətində görüşlər keçiriblər.