Ramin Quluzadə BMT-nin Dövlət Xidmətləri Forumunda çıxış edib

Ramin Quluzadə BMT-nin Dövlət Xidmətləri Forumunda çıxış edib

Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatının (BMT) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması və təcrübə mübadiləsi olub.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə sözügedən tədbirdə “Azərbaycanın rəqəmsallaşmasında innovasiyaların və yüksək texnologiyaların rolu” mövzusunda çıxış edib.

 

Ramin Quluzadə çıxışında Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun Azərbaycanda keçirilməsini mühüm hadisə kimi dəyərləndirərək forumun aktual mövzulara həsr olunduğunu bildirib.

 

Nazir bu gün dünyada gedən rəqəmli transformasiyadan və onun rolundan ətraflı bəhs edib: “Əşyaların interneti, “süni intellekt”, iri həcmli məlumatların emalı, “bulud hesablama” kimi informasiya texnologiyaları müasir trendlər olaraq bütün sahələrdə inqilabi dəyişikliklər edir. İnformasiya texnologiyalarının bu yeni trendləri dövlət idarəçiliyinin təkmilləşdirilməsində, qərarların qəbulu, dövlət informasiya sistemlərinin idarə olunması, dövlət xidmətlərinin rəqəmsal transformasiyasında, onların keyfiyyətinin artırılmasında böyük rol oynayır. Son illərdə rəqəmsal hökumətin formalaşmasında “bulud” texnologiyaları geniş tətbiq olunur. Bu texnologiyalar hökumətin idarəetmə strukturlarının təkmilləşdirilməsi və İT infrastrukturunun  gücləndirilməsi, dövlət orqanlarında, həmçinin sahibkarlıq subyektlərində məhsuldarlıq və əməliyyat səmərəliliyinin artırılmasında həlledici rol oynayır”.

 

Ramin Quluzadə dövlət idarəetməsində bu günün ən əhəmiyyətli texnoloji tendensiyalarından biri hesab olunan “Hökumət buludu”ndan danışaraq  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin 3 iyun tarixində “Hökumət buludu”nunyaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” imzalanmış Fərmanın və həmin Fərmanla təsdiq edilmiş “Hökumət buludu” Konsepsiyasının Azərbaycanda rəqəmsal inkişafa təkan verəcəyini vurğulayıb.

 

“Hökumət buludu” Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin infrastrukturunda yaradılır. TIER III səviyyəli bu Data Mərkəz Cənubi Qafqaz regionunda ilk Data Mərkəzidir. Qeyd edilən Fərmanla nazirlik “Hökumət buludu”nun operatoru təyin edilmişdir. Hazırda nazirlik tərəfindən dövlət orqanlarının informasiya ehtiyatları və sistemlərinin inventarizasiyası və ekspertizası aparılır. İnventarizasiya və ekspertizanın nəticəsi olaraq, keçid planı hazırlanacaqdır. Bu keçid planına uyğun olaraq, dövlət informasiya sistemlərinin “Hökumət buludu”na mərhələli miqrasiyası təmin oluncaqdır” - deyə nazir qeyd edib.

 

Ramin Quluzadə, eyni zamanda, ölkənin rəqəmsal tranformasiyası üçün innovasiya yönümlü, elm və texnologiya əsaslı istehsal üçün investisiya fəaliyyətini artırmaq, innovasiya klasterləri yaratmaq  və “təhsil-tədqiqat-innovasiya” modelini qurmağın vacibliyini diqqətə çatdırıb.

 

O,  sosial innovasiyalar sahəsində  “ASAN xidmət”in dünya miqyasında ən yüksək ictimai xidmət modellərindən biri olduğunu söyləyib.

 

Nazir Ramin Quluzadə eyni zamanda bildirib ki, hazırda kənd təsərrüfatında yüksək texnologiyaların tətbiqi üzrə agrotech, maliyyə texnologiyaları, yeni bank məhsulları, rəqəmsal valyutalar üzrə fintech innovasiyanın ayrıca klasterləri olaraq müşahidə edilir. Bu və digər klasterlərin ölkəmizdə formalaşmasında və bu proseslərin  sürətləndirilməsində  Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış İnnovasiyalar Agentliyi xüsusi rolu oynayacaq.  Nazir buna misal olaraq keçən ay keçirilmiş Fintex tədbirində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosasiyası arasında fintech sahəsinin inkişafı ilə bağlı anlaşma memorandumu xatırladıb. Ümumilikdə ölkəmizdə klasterlərin formalaşması üçün agentlik ilə dövlət qurumları və özəl təşkilatların birgə əməkdaşlığı zəruri olduğunu vurğulayıb.

 

Nazir rəqəmli transformasiya, yeni trendlərin geniş miqyaslı tətbiqinin kibertəhlükəsizliyi ön plana çıxardığını vurğulayaraq, hazırda hökumət tərəfindən Azərbaycanın kibertəhlükəsizlik strategiyasının qəbul edilməsi istiqamətində işlərin aparıldığını söyləyib.  Eyni zamanda bu sahədə biliklərin artırılması, ixtisaslı kadrların hazırlanmasının əsas məsələrdən biri olduğunu deyib. Çıxışının sonunda bu forumda səsləndirilən fikirlərin həm dövlət, həm də özəl sektoru daha güclü bir ortaq tərəfdaşlığa doğru aparacağına əmin olduğunu söyləyib.