Xəbər

“GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində “Rəqəmsal DNT” mövzusunda müzakirə keçirilib

Xəbər
“GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində “Rəqəmsal DNT” mövzusunda müzakirə keçirilib

15-16 mayda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda sayca ikinci “GSMA M360 Eurasia” konfransı keçirilir.

Tədbirin açılışı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional direktoru Natalia Moçun, rabitə sahəsində Regional Birliyin baş direktoru Aleksey Borodinin, GSMA-nın Tənzimləmə üzrə baş direktoru və Mobil Texnologiyaların İnkişafı Fondunun prezidenti Сon Custinin iştirakı ilə baş tutub.

Nazir müavini Samir Məmmədov çıxış edərək ölkədə rəqəmsallaşma prosesinin cari statusu barədə iştirakçıları məlumatlandırıb və tədbirin bu prosesə töhfə verdiyini qeyd edib.

MDB və digər region ölkələrinin süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma və yaşıl texnologiya sahələrinin aparıcı nümayəndələrini bir araya gətirən konfransın ilk günündə “Rəqəmsal DNT” (Digital DNA) mövzusunda müzakirə də yer alıb. Müzakirə çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) birgə təşəbbüsü ilə icra edilmiş Azərbaycanda Rəqəmsal Savadlılığın Qiymətləndirilməsi layihəsinin nəticələri barədə də məlumat verilib.

RİNN-in Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə çıxış edərək layihənin əsas məqsədi haqqında danışıb. O bildirib ki, layihə ölkədə rəqəmsal savadlılıq səviyyəsinin ölçülməsi, bu sahədəki boşluqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsinə yönəlib.

Qeyd edək ki, layihə ölkənin 13 iqtisadi regionu üzrə təqribən 35 min şəxsin rəqəmsal bilik və bacarıqlarının sorğular vasitəsilə qiymətləndirilməsinə əsaslanıb. Fərdi sorğularda iştirak edən şəxslər 4 müxtəlif kateqoriyada cəmləşiblər: dövlət qurumlarının və özəl müəssisələrin əməkdaşları, ali təhsil müəssisələrinin tələbələri və professor-müəllim heyəti.

Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) müstəqil eksperti və layihənin aparıcı müəllifi xanım Riina Vuorikari layihənin nəticələri barədə ətraflı təqdimat edib. Təqdimatda rəqəmsal bacarıqların müxtəlif kateqoriyaları (rəqəmsal kontent yaratma qabiliyyəti, təhlükəsizlik və s.) üzrə nəticələr əks olunub. Ölkədə əhalinin 88%-nin internet vasitəsilə mobil zənglər etmə bacarığına malik olması, 77%-nin sosial şəbəkələrdən istifadə etməsi, həmçinin “kommunikasiya və əməkdaşlıq səriştəsi” kateqoriyası üzrə qadınların 87%-nin baza və daha yuxarı bacarıqlara malik olması ən yüksək göstəricilər arasında olub.

Cari ilin may ayında Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən nəşr olunan və layihənin nəticələrini ətraflı əks etdirən hesabatda ölkə üzrə icra edilə biləcək faydalı təkliflər də yer alıb. Bu təkliflərin icrası əhalinin rəqəmsal savadlılığının daha da artırılmasına müsbət təsir göstərəcək.