“Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində növbəti təlim səfəri baş tutub
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) benefisiarı olduğu “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində növbəti təlim səfəri baş tutub.
Təlim səfəri layihənin 1-ci komponenti üzrə “Yol hərəkətinin təhlükəsizliyi sisteminin hüquqi və institusional bazasının gücləndirilməsi” mövzusunda Litva Respublikasının Vilnüs şəhərində təşkil edilib.
Səfərdə RİNN-in şöbə və qurumları ilə yanaşı, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri də iştirak ediblər.
Təlim səfəri qanunvericilik və texniki tələblərin yerinə yetirilməsi, yol hərəkətinin təhlükəsizliyi tədbirlərinin daha yaxşı əlaqələndirilməsi və idarə olunması məqsədilə ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə cavabdeh olan qurumların təşkilati quruluşunun təkmilləşdirilməsi üzrə Litva Respublikasının müvafiq sahədə cavabdeh qurumlarının fəaliyyətini yerində müşahidə etmək, bu sahədə dövlət qurumlarının və digər maraqlı tərəflərin səlahiyyət bölgüsü, institusional quruluşu və onların fəaliyyət istiqamətləri ilə tanış olmaq məqsədi daşıyıb.
Səfərin ilk günü nümayəndələr Litva Nəqliyyat Təhlükəsizliyi Administrasiyası tərəfindən Avropa Mobillik həftəsi çərçivəsində təşkil olunmuş sosial tədbirdə iştirak edib. Tədbir piyadalar tərəfindən işıqqaytarıcı elementlərdən istifadə edilməməsi səbəbindən baş verən piyada ölümləri ilə bağlı problemin həllinə həsr olunub.
Səfər zamanı Litva Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (LTSA), Nəqliyyat və Rabitə Nazirliyi (MoTC), Nəqliyyat Səlahiyyətləri Agentliyi (TKA), Litva Yol İdarəsi, Litva Dövri Texniki Baxış Şirkətləri Assosiasiyası – “Transeksta”, beynəlxalq avtobus istehsalçısı olan “Altas” şirkəti, Litva Polis İdarəsi, sürücülərin imtahan mərkəzi olan “Regitra” dövlət müəssisəsi və peşəkar sürücülərin hazırlanması üzrə Vilnüs Avtomexanika və Biznes Məktəbinin nümayəndələri ilə, həmçinin avtonom nəqliyyat vasitələri sahəsində ixtisaslaşan Estoniyaya məxsus “Clevon” şirkəti ilə onlayn formatda görüşlər keçirilib.
Görüşlərdə qeyd olunan qurumların fəaliyyətinin təşkili, qanunvericilik bazası barədə ətraflı məlumat verilib.
LTSA yol nəqliyyatı təhlükəsizliyinin müxtəlif aspektlərində mühüm rol oynayır. Onun əsas funksiyaları sırasına avtomobil daşıyıcılarının lisenziyalaşdırılması, beynəlxalq marşrutlarda sərnişindaşımaların tənzimlənməsinin təmin edilməsi, nəqliyyat vasitələrinin tiplərinin təsdiqlənməsi daxildir. Bundan əlavə, Nəqliyyat və Rabitə Nazirliyi Litvanın yol nəqliyyatı təhlükəsizliyi siyasətinin formalaşdırılmasında aparıcı qurumdur.
Görüşlər zamanı TKA tərəfindən yol təhlükəsizliyi yoxlamaları (audit), yol təhlükəsizliyi inspeksiyası, qara nöqtələrin (təhlükəli yol kəsişmələri və yol infrastrukturu üzrə ərazilər) müəyyən olunması və rəqəmsal xəritələndirilməsi, Litva Yol İdarəsinin nəqliyyat məlumat mərkəzi, sektorial sürət kameraları, hava şəraitinin monitorinqi stansiyaları, yol infrastrukturunun vəziyyəti və perspektivləri kimi məsələlərə dair Litva təcrübəsi öyrənilib.
Həmçinin nümayəndələr “Transeksta” tərəfindən aparılan dövri texniki baxış, nəqliyyat vasitələrinin texniki şərtləri, “Regitra” tərəfindən sürücülərin imtahan edilməsi, nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanının verilməsi, “Altas” şirkətində növün təsdiqi prinsiplərinə uyğun olaraq avtobus hissələrinin yığılması prosesi, Litva Polis İdarəsinə məxsus sürət kameraları və digər avadanlıqlar, Vilnüs Avtomexanika və Biznes Məktəbində təhlükəli hava şərtlərində sürücülük qabiliyyətinin artırılması, eləcə də avtomobil hissələrinin təmiri üzrə ixtisaslaşmış kurslarda aparılan dərslərlə əyani şəkildə tanış olmaq imkanı əldə edib.
Bununla da iki ölkə nümayəndələri arasında müvafiq sahədə fikir mübadiləsi aparılıb və ən yaxşı təcrübələr öyrənilib.
Qeyd edək ki, Tvinninq layihəsinin məqsədi ölüm və ya ağır sağlamlıq xəsarətləri və sosial-iqtisadi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin azaldılmasına töhfə vermək, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi məsələlərini daha yaxşı idarə etmək və əlaqələndirmək üçün aidiyyəti dövlət qurumlarının və digər maraqlı tərəflərin hüquqi və institusional imkanlarını, kadr potensialını təkmilləşdirməkdir.