“Sağlamlıq – 2016” rabitə işçilərinin Respublika Spartakiadası başlayıb

“Sağlamlıq – 2016” rabitə işçilərinin Respublika Spartakiadası başlayıb

Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135  illiyi ilə əlaqədar keçirilən “Sağlamlıq – 2016” rabitə işçilərinin Respublika Spartakiadasına start verildi.

 

Mərasimdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov, rabitə birlik müəssisələrinin nümayəndələri, idman cəmiyyətlərinin təmsilçiləri iştirak etmişlər.

 

Spartakiadanı açıq elan edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev ölkəmizdə idmanın dinamik inkişafından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana qayğısından, bu diqqət və qayğının təzahürü kimi idmançılarımızın beynəlxalq arenalarda göstərdikləri uğurlu nəticələrdən bəhs etmişdir.  O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə qadınlardan ibarət “Telekom” voleybol klubunun 2017-ci ildə Avropa çempionatının qrup mərhələsinə vəsiqə qazanmasını idman ictimaiyyətinin uğuru kimi qeyd etmişdir.

 

Ə.Abdullayev spartakiadanın keçirilməsində əsas məqsədin rabitəçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarət olduğunu bildirmişdir.

 

Digər çıxış edənlər ölkəmizin son illər idman sahəsində ciddi uğurlara imza atdığını qeyd edərək, bu cür spartakiadaların ümumi inkişafa önəmli töhfələr verdiyini vurğulamışlar.

 

Qeyd edək ki, idmanın 9 növü (atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, şahmat, nərd, dama və güllə atıcılığı) üzrə keçirilən yarışlarda  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumları təmsil edən 14 komanda, 500-dən artıq idmançı iştirak edəcəkdir.

 

Yarışlar sentyabrın 24-dən oktyabrın  25-nə qədər keçiriləcək.