NRYTN UEFA Avropa Liqasının final oyunu ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib

NRYTN UEFA Avropa Liqasının final oyunu ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı şəhərində keçirilən Futbol üzrə UEFA Avropa Liqasının final oyunu ilə bağlı üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirib.

 

Final oyununun keçirildiyi Bakı Olimpiya Stadionu və əlaqəli məkanlar keyfiyyətli və fasiləsiz telekommunikasiya, internet, mobil, yayım və poçt xidmətləri ilə təmin olunub.

 

Eyni zamanda, ölkənin 62 avtovağzal və avtostansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunub.

 

Ümumilikdə respublika üzrə həm beynəlxalq, həm də yerli daşımalara görə 100-ə yaxın əlavə avtobus xəttə buraxılıb.

 

Final oyununun gecə saat 01:00-da bitməsi nəzərə alınaraq, Gürcüstan, İran və “Qırmızı Körpü” istiqamətinə olan reyslərin vaxtı gecə saat 03:00-dək uzadılıb.

 

“Bakı Taksi Xidməti” MMC-nin London taksiləri ilə bir qrup fiziki məhdudiyyətli azarkeşin Olimpiya Stadionuna ödənişsiz daşınması təmin edilib.

 

Bununla yanaşı, “Bakı Taksi Xidməti” MMC tərəfindən “Facebook” sosial media hesabında viktorina xarakterli aksiya təşkil olunub. Aksiyada qalib gələn 10 nəfər ödənişsiz taksi xidmətindən faydalanmaq imkanı əldə edib.

 

“Azərmarka” MMC “UEFA Avropa Liqasının finalı 2019” adlı poçt vərəqi dövriyyəyə buraxıb.