Şəhid ailələrinin əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilib
İyulun 1-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə şəhid ailələrinin əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil edib.
Tədbir şəhid övladları və ailə üzvlərinin yaradıcılıq potensialını nümayiş etdirmək, məhsulların satışına şərait yaratmaq, şəhid ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına dəstək göstərmək məqsədilə keçirilib.
Sərginın açılışında çıxış edən nazirin müşaviri Fidan Fərzəliyeva qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələri bizim üçün dəyərli əmanətdir və bu əmanətə sahib çıxmaq bizim ən müqəddəs borcumuzdur.
Daha sonra “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edib.
Sərgi-yarmarkada rəsm, bədii tikmə, toxuculuq, keramika və digər növlərdə əl işləri təqdim olunub. Bütün məhsullar satılıb.
Əl işlərinin satışından əldə edilən vəsait şəhid ailələrinə təqdim ediləcək.