Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsi

 

1.

Ümumi müddəalar

 

1.1.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsi (bundan sonra - Şöbə) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının struktur bölmələri, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda hüquqi aktlarla müəyyən edilmiş tapşırıq və tədbirlərin icrasına dair yuxarı orqanlara hesabatların hazırlanmasını, monitorinqini, əlaqələndirilməsini, strateji inkişaf planlarının hazırlanmasını, icrasının əlaqələndirilməsini və yoxlanılmasını, nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində (bundan sonra - müvafiq sahə) inkişafın davamlılığını şərtləndirən strateji hədəflərin müəyyənləşdirilməsini, qurumların fəaliyyətinin təhlil edilməsini, onların fəaliyyətinin səmərəliliyinin artırılmasını, sosial-iqtisadi və texniki proqnozların icrasına nəzarət edilməsini, iqtisadi-statistik təhlillərin həyata keçirilməsini və strateji investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsini təmin edən struktur bölməsidir.

 

1.2.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin (bundan sonra - Nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

 

1.3.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının struktur bölmələri, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2.

Şöbənin fəaliyyət istiqamətləri

 

2.0.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.0.1.

Nazirliyin fəaliyyət istiqamətləri üzrə strateji təhlil və planlaşdırma üzrə işləri təşkil edir və həyata keçirir, o cümlədən strateji layihələrin planlaşdırılması mərhələsində müvafiq tədbirlər görür;

 

2.0.2.

Nazirliyin məsul olduğu strateji yol xəritələri, dövlət proqramları və digər normativ hüquqi aktlarla müəyyən edilmiş tapşırıqların icrasının monitorinqini aparır və təkliflər hazırlayır;

 

2.0.3.

müvafiq sahənin inkişafı ilə bağlı dövlət proqramlarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak edir;

 

2.0.4.

qurumların iqtisadi sahədə fəaliyyətini təhlil edir və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər verir;

 

2.0.5.

sosial-iqtisadi və texniki proqnozların icrasına nəzarət edir, müvafiq iqtisadi-statistik təhlillər aparır, sahənin inkişafı ilə bağlı təkliflər verir;

 

2.0.6.

müvafiq sahənin əsas maliyyə, texniki-iqtisadi göstəricilərini təhlil edir, statistik göstəricilərin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflər verir;

 

2.0.7.

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.

Şöbənin vəzifələri

 

3.0.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.0.1.

müvafiq sahənin inkişafı ilə bağlı dövlət proqramlarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak etmək;

 

3.0.2.

Nazirliyin fəaliyyəti ilə bağlı strateji yol xəritələrinin, dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini aparmaq;

 

3.0.3.

inkişaf planlarının icrasının monitorinqini aparmaq və nəticəsi üzrə təkliflər hazırlamaq;

 

3.0.4.

investisiya layihələrinin iqtisadi səmərəliliyini qiymətləndirmək;

 

3.0.5.

Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeli müəssisələrin strateji inkişaf planlarının hazırlanmasını və strateji hədəflərin qoyulmasını Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə təmin etmək;

 

3.0.6.

Nazirliyin fəaliyyət istiqamətləri üzrə strateji planlaşdırma və iqtisadi təhlil üzrə işləri təşkil etmək və həyata keçirmək, o cümlədən strateji layihələrin planlaşdırılması mərhələsində müvafiq tədbirlər görmək;

 

3.0.7.

qurumlar üzrə sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanmasında aidiyyəti struktur bölmələri ilə birlikdə iştirak etmək;

 

3.0.8.

qurumların iqtisadi fəaliyyətini təhlil etmək və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər vermək;

 

3.0.9.

qurumlarda proqnozlaşdırmanın vəziyyətinə, maliyyə-iqtisadi fəaliyyətinin təşkilinə, fəaliyyətin və layihələrin iqtisadi səmərəliliyinə nəzarət edilməsi məqsədilə araşdırmalar aparmaq və praktiki köməkliklər göstərmək;

 

3.0.10.

debitor borcların yığımı və kreditor borcların ödənilməsi vəziyyətini təhlil etmək və səmərəli formada uçotu ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə təkliflər vermək;

 

3.0.11.

nəqliyyat və rabitə xidmətlərinin növləri üzrə gəlirlərin və xidmətin maya dəyərinə aid edilən xərcləri təhlil etmək və xidmətlərin rentabelliyinin təmin edilməsi ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə təkliflər vermək;

 

3.0.12.

rəhbərliyin tapşırığına əsasən Nazirlik üzrə satınalmaların icra vəziyyətini təhlil etmək;

 

3.0.13.

Nazirliyin aidiyyəti struktur bölmələri və qurumları ilə birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, müvafiq sahə üzrə tarif siyasətinin formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində, tarif paketlərinin hazırlanmasında iştirak etmək və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər vermək;

 

3.0.14.

zəruri hallarda tariflərin düzgün tətbiq edilməsinə Nazirliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət etmək;

 

3.0.15.

müvafiq sahənin əsas texniki-iqtisadi göstəricilərini təhlil edərək sahənin inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflər vermək;

 

3.0.16. 

müvafiq sahə üzrə göstəricilərin dünya ölkələri ilə müqayisəli təhlillərini aparmaq və göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar təkliflər vermək;

 

3.0.17.

statistik hesabat formalarının təkmilləşdirilməsi və statistik göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar aidiyyəti struktur bölmələri və qurumlarla birlikdə təkliflər vermək;

 

3.0.18.

müvafiq sahə üzrə islahatların aparılmasında Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə iştirak etmək;

 

3.0.19.

qurumların fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə tədbirlər görmək;

 

3.0.20.

qurumların özəlləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək;

 

3.0.21.

Nazirlik üzrə dövlət əmlakından səmərəli istifadə vəziyyətini təhlil etmək və qorunub saxlanması, təyinatı üzrə səmərəli istifadə edilməsi ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə təkliflər hazırlamaq;

 

3.0.22.

Nazirliyin illik fəaliyyətini əks etdirən hesabatların hazırlanmasında Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə iştirak etmək;

 

3.0.23.

müvafiq sahədə normativ hüquqi aktların və müxtəlif normativ sənədlərin hazırlanmasında iştirak etmək;

 

3.0.24.

şöbəyə daxil olan normativ hüquqi sənədlərin layihələrinə dair rəy və təkliflər hazırlamaq;

 

3.0.25.

şöbəyə daxil olan məktub, ərizə və şikayətləri araşdıraraq cavablandırılmasını təmin etmək;

 

3.0.26.

fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4.

Şöbənin hüquqları

 

4.0.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.0.1.

səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti dövlət orqanlarına təkliflər hazırlamaq;

 

4.0.2.

Nazirliyin strateji inkişaf planlarının hazırlanması, strateji hədəflərin müəyyənləşdirilməsi, iqtisadi-statistik təhlillərin həyata keçirilməsi, müəssisələrin fəaliyyətinin və investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsinə dair təkliflər vermək və həyata keçirilməsi üzrə aidiyyəti üzrə tədbirlər görmək;

 

4.0.3.

Strateji planların icrasına nəzarət etmək, gəlirlər və xərclər smetaları üzrə proqnozlardan kənarlaşmaların aradan qaldırılması, eləcə də müəssisələrin sosial-iqtisadi göstəricilərinin, satınalmaların və layihələrin qiymətləndirilməsi və icrasına nəzarət etmək üçün qurumlara təklif və tövsiyələr vermək və bu barədə rəhbərlik qarşısında məsələ qaldırmaq;

 

4.0.4.

şöbənin fəaliyyət istiqamətləri üzrə qurumlar tərəfindən hazırlanmış sənəd layihələrinə (saziş, müqavilə, arayış, sorğu, və s.) dair rəy və təkliflər vermək;

 

4.0.5.

fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahədə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

 

4.0.6.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələrinə və qurumlarına müvafiq sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

 

4.0.7.

şöbənin funksiyalarına aid məsələlər üzrə keçirilən müzakirələrdə, qanunvericiliyin tələblərini nəzərə almaqla Nazirlikdə və qurumlarda yaradılan komissiyaların, işçi qrupların, məşvərətçi və əlaqələndirici orqanların işində iştirak etmək;

 

4.0.8.

qurumlara, habelə səlahiyyətləri daxilində digər aidiyyəti təşkilatlara müraciətlər hazırlamaq;

 

4.0.9.

fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.

Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.3.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.4.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbənin inzibati vəzifə tutan əməkdaşlarından biri həyata keçirir.

 

5.5.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.6.

Şöbə müdiri:

 

5.6.1.

şöbənin fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

 

5.6.2.

şöbənin işçiləri arasında vəzifə və iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir və şöbə işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təmin edir;

 

5.6.3.

şöbə işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına nəzarət edir;

 

5.6.4.

şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra olunmasına nəzarəti həyata keçirir və icrası barədə Nazirliyin rəhbərliyinə hesabat verir;

 

5.6.5.

şöbə üzrə Nazirliyin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir;

 

5.6.6.

şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən hüquqi aktlarda, Nazirliyin kollegiya qərarlarında və təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

 

5.6.7.

şöbədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.6.8.

şöbənin yüksəkixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi üçün işçilərin peşə hazırlığının yüksəldilməsi və ixtisaslarının artırılması məqsədilə kurslarda, təlimlərdə iştirakı barədə, işçilərin işə təyin olunması haqqında Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.6.9.

şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin Aparatının struktur bölmələrindən və qurumlarından zəruri sənədləri və məlumatları alır;

 

5.6.10.

şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

 

5.6.11.

şöbədə kargüzarlıq işinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasını təmin edir;

 

5.6.12.

şöbədə məxfilik rejimini təmin edir və şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması tədbirlərinin təmin edilməsinə görə cavabdehlik daşıyır;

 

5.6.13.

şöbənin fəaliyyətini Nazirliyin Aparatının struktur bölmələri və qurumlarla əlaqələndirir;

 

5.6.14.

səlahiyyətinə aid hissədə icrası məcburi olan göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

 

5.6.15.

şöbənin müvafiq hesabatlarını təsdiq edir;

 

5.6.16.

strateji planlaşdırma, icranın monitorinqi, iqtisadi və statistik göstəricilərin təhlili və layihələrin səmərəliliyinin qiymətləndirilməsi sahəsində kadrların seçilməsi, düzgün yerləşdirilməsi və işdən azad olunmasına dair təkliflər verir;

 

5.6.17.

zəruri hallarda Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə və yığıncaqlarda və elmi-texniki şuranın iclaslarında iştirak edir;

 

5.6.18.

şöbənin fəaliyyəti ilə bağlı Nazirliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir;

 

5.6.19.

Nazirliyin rəhbərliyinin tapşırığı ilə ali hakimiyyət orqanlarında, digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və dövlət orqanlarında, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir və Nazirliyin maraqlarını müdafiə edir;

 

5.6.20.

şöbəni təmsil edir.

 

5.7.

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.8.

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifələrinə və səlahiyyətlərinə uyğun olaraq məsuliyyət daşıyır.