Beynəlxalq əməkdaşlıq şöbəsi

 

1.

Ümumi müddəalar

 

1.1.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi (bundan sonra – Şöbə) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) Aparatının nəqliyyat, rabitə, yüksək texnologiyalar sahələri üzrə beynəlxalq əməkdaşlıqla bağlı fəaliyyəti təmin edən struktur bölməsidir.

 

1.2.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Əsasnaməsini və Kollegiya qərarlarını, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – nazir) qərar, əmr və sərəncamlarını, digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

 

1.3.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri və strukturuna daxil olan qurumları və tabeliyində olan qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2.

Şöbənin fəaliyyət istiqamətləri

 

2.0.

Şöbənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.0.1.

Müvafiq sahədə xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsini və onun əsas istiqamətlərinin müəyyənləşdirilməsini təmin edir, bu sahədə müvafiq təkliflər verir;

 

2.0.2.

Hökumətlərarası iqtisadi komissiyalar və işçi qrupların işində iştirak edir, nazirliyin həmsədr olduğu hökumətlərarası iqtisadi komissiyalar və işçi qrupların işini təşkil edir və bu sahədə ekspert qruplarının işinə rəhbərlik edir;

 

2.0.3.

Şöbənin fəaliyyət istiqamətlərinə dair normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;

 

2.0.4.

Dövlət büdcəsi, kreditlər, qrantlar, texniki yardımlar və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilən beynəlxalq investisiya layihələri üzrə müsabiqə sənədlərinin hazırlanmasında və qanunvericiliyə uyğun olaraq müsabiqələrin keçirilməsində iştirak edir;

 

2.0.5.

Müvafiq sahədə həyata keçirilən beynəlxalq layihələr üzrə yaradılmış işçi qrupları və layihə idarəetmə qruplarında təmsil olunur, layihələrin koordinasiya və idarə edilməsində iştirak edir;

 

2.0.6.

Nazirliyin Aparatının və tabeli qurumların əlaqədar struktur bölmələri ilə birgə xarici tərəfdaşların təkliflərini araşdırır və Nazirliyin rəhbərliyini bu barədə məlumatlandırır, əməkdaşlığın başlanması və inkişaf etdirilməsi üçün təkliflər hazırlayır, müvafiq danışıqların və qarşılıqlı müzakirələrin aparılmasını təşkil və ona rəhbərlik edir;

 

2.0.7.

Müvafiq sahədə beynəlxalq sənədlərin (saziş, anlaşma memorandumu, niyyət protokolu, müqavilə) layihəsini hazırlayır və Nazirliyin Aparatının və tabeli qurumların əlaqədar struktur bölmələrinə, o cümlədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, zərurət yarandıqda isə digər mərkəzi icra hakimiyyəti orqanlarına baxılması üçün göndərilməsini təşkil edir;

 

2.0.8.

Nazirlik digər ölkələrin müvafiq dövlət qurumları və beynəlxalq təşkilatlarla münasibətlərinin qurulması və inkişaf etdirilməsi ilə əlaqədar təkliflər verir, beynəlxalq tədbirlərdə Nazirliyin təmsil edilməsi ilə bağlı tədbirlər görür və digər iştirakçılar barədə təkliflər verir;

 

2.0.9.

Beynəlxalq təşkilatlarda müvafiq sahədə ölkənin maraqlarının qorunması və təmin edilməsi məqsədilə tədbirlərdə iştirak edir və bu istiqamətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tövsiyə və təlimatlarını, o cümlədən nazirin konkret tapşırıq və göstərişlərini əsas götürür;

 

2.0.10.

Müvafiq sahədə imzalanmış beynəlxalq sənədlərin reyestrini aparır, öhdəliklərin və nəzərdə tutulan işlərin yerinə yetirilməsinə nəzarət edir, bu istiqamətdə müvafiq işçi qruplar yaradılması haqqında təkliflər verir;

 

2.0.11.

Nazirliyin aparatı, nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların beynəlxalq fəaliyyətlərinə nəzarət edir, işçilərinin ezamiyyə səfərlərinin və beynəlxalq tədbirlərin təşkilinin həyata keçirilməsinə, o cümlədən Beynəlxalq Maliyyə İnstitutları hesabına maliyyələşən kredit, qrant, texniki yardım və bu kimi digər alətlərdən istifadə edilməsinə dair rəy bildirir və müvafiq təkliflər verir;

 

2.0.12.

Ölkə daxilində və xaricdə beynəlxalq tədbirlərin (sərgilər, forumlar, konfranslar və s.) təşkili ilə bağlı müvafiq iş aparır, xaricdə təşkil olunan tədbirlərdə iştirak edən Nazirlik Aparatının və tabeli qurumların əməkdaşlarından ibarət nümayəndə heyətinin səfərini təşkil edir;

 

2.0.13.

Nazirlik tərəfindən dəvət olunmuş qonaqların təşkilati-protokol məsələlərini təşkil edir;

 

2.0.14.

Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.

Şöbənin vəzifələri

 

3.0.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.0.1.

Müvafiq sahədə Nazirliyin və tabeli qurumların vahid beynəlxalq əməkdaşlıq fəaliyyətini təşkil etmək məqsədilə kompleks tədbirləri yerinə yetirmək və bu fəaliyyətə metodiki və əməli rəhbərlik etmək;

 

3.0.2.

Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, beynəlxalq və regional təşkilatlar, sahə üzrə kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan transmilli, beynəlxalq və yerli şirkətlər, ictimai birliklər, işgüzar klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları və beyin mərkəzləri ilə qarşılıqlı əlaqələr qurulması ilə bağlı tədbirlər görmək və öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə fəaliyyətə nəzarəti həyata keçirmək;

 

3.0.3.

Nazirliyin və tabeli qurumların beynəlxalq münasibətlər sahəsində maraqlarının və hüquqlarının qorunmasını təmin etmək, onların beynəlxalq əlaqələr üzrə struktur bölmələrinin (şöbə, sektor və əlaqələndiricilər) fəaliyyətinə nəzarət etmək, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müvafiq təkliflər vermək;

 

3.0.4.

Xarici ölkələrin müvafiq sahə üzrə dövlət və özəl qurumları ilə ikitərəfli və hökumətlərarası sənədləri (müqavilə, anlaşma memorandumu, niyyət protokolu və s.) hazırlamaq, o cümlədən bununla bağlı danışıqlarda və müzakirələrdə Nazirliyi təmsil etmək, xüsusi hallarda danışıqlara rəhbərlik etmək;

 

3.0.5.

Dünyada baş verən nəqliyyat proseslərini və texnoloji tendensiyaları araşdırmaq və təhlil etmək, həmin proseslərin strateji beynəlxalq nəqliyyat və kommunikasiya layihələrinə təsirini qiymətləndirmək;

 

3.0.6.

Azərbaycan Respublikası ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması, nəqliyyat-yol kompleksində yük və sərnişindaşımalarının səmərəliliyinin yüksəldilməsi üçün dövlət proqramlarının işlənib hazırlanmasında iştirak etmək və təkliflər vermək;

 

3.0.7.

müvafiq sahədə beynəlxalq inteqrasiyanın və davamlı inkişafın sürətləndirilməsi üçün strateji istiqamətlərə dair təkliflər vermək;

 

3.0.8.

müvafiq sahədə beynəlxalq nəqliyyat xidmətləri bazarının təhlili və milli daşıyıcıların maraqlarının qorunması istiqamətində təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək;

 

3.0.9.

Nazirliyin Aparatının və tabeli qurumların nümayəndələrinin (rəhbərlərinin, əməkdaşlarının və mütəxəssislərinin) sahə üzrə təşkil edilən beynəlxalq tədbirlərdə (sərgi, konfrans, seminar, kurs, iclas, təqdimat mərasimi, ziyafətlər və s.) iştirakı ilə bağlı təklif vermək, bununla əlaqədar Nazirliyin Aparatının struktur bölmə və tabeli qurum rəhbərlərinin təkliflərini araşdıraraq iştirakın zəruriliyini müəyyən etmək;

 

3.0.10.

Nazirliyin və tabeli qurumların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsi və onların Azərbaycandakı fəaliyyətinin təşkilinə dair kompleks tədbirlər həyata keçirmək;

 

3.0.11.

Nazirliyin aparatı və strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumların imzalanması zəruri olan beynəlxalq sənədlər, xarici dövlətlər, beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə institutları ilə danışıqlar, ölkəmizdə keçirmək istədikləri beynəlxalq tədbirlərə dair əvvəlcədən məlumat əldə etmək, bu istiqamətdə müvafiq rəy və təklif vermək;

 

3.0.12.

Beynəlxalq donor təşkilatlar və beynəlxalq maliyyə institutları ilə danışıqlar aparmaq, onların hesabına maliyyələşən kredit, qrant, texniki yardım və bu kimi digər alətlərdən yararlanmaq üçün müvafiq təkliflər vermək;

 

3.0.13. 

Nazirlik və tabeli qurumlar tərəfindən dəvət olunan xarici ölkə nümayəndələrinin səfərlərinin təşkili və bu işə rəhbərlik etmək (səfər proqramı hazırlamaq, təşkilati-protokol məsələlərinin həlli və s.);

 

3.0.14.

Nazir və nazir müavinlərinin Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkə səfirləri, konsulları, ticarət nümayəndəlikləri, beynəlxalq təşkilatların və xarici şirkətlərin rəhbərləri və nümayəndələri ilə görüşlərini planlaşdırmaq, təşkil etmək və görüşləri protokollaşdırmaq;

 

3.0.15.

Rəsmi ezamiyyətə göndərilən Nazirlik Aparatının əməkdaşları üçün müxtəlif ölkələrin vizalarının alınması məqsədilə müvafiq nota və dəstək məktubunun hazırlanmasını təmin etmək və onlara lazımi köməklik göstərmək;

 

3.0.16.

Nazirin əmr və göstərişləri ilə şöbəyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

 

4.

Şöbənin hüquqları

 

4.0.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.0.1.

Nazirliyin rəhbərliyinin razılığı ilə şöbənin səlahiyyətlərinə, vəzifə və funksiyalarına aid olan məsələlərlə bağlı sənədləri imzalamaq;

 

4.0.2.

Nazirliyin rəhbərliyinin razılığı ilə şöbənin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı digər dövlətlərin müvafiq sahəvi dövlət və özəl qurumları, Azərbaycan Respublikasının digər dövlət hakimiyyət orqanları, həmçinin Nazirliyin struktur bölmələri və tabeli qurumları ilə birbaşa əlaqə yaratmaq;

 

4.0.3.

Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Nazirliyin struktur bölmələri və tabeli qurumlarından, digər müəssisə, idarə və təşkilatlardan, onların səlahiyyətli şəxslərindən zəruri materiallar, məlumatlar, hesabatlar və sənədlər almaq, məktublaşma və elektron yazışma aparmaq;

 

4.0.4.

Nazirliyin beynəlxalq (xarici) əlaqələrinin inkişafı, həmçinin şöbənin işinin təkmilləşdirilməsi üçün Nazirliyin rəhbərliyi qarşısında təkliflərlə çıxış etmək;

 

4.0.5.

Nazirliyin digər struktur bölmələrinin və tabeli qurumların rəhbərlərinin razılığı ilə onların işçilərini şöbənin əsas vəzifələrinin və funksiyalarının həyata keçirilməsini nəzərdə tutan tədbirlərin təşkilinə cəlb etmək, işçi qrupları yaratmaq və planlaşdırılmış işlərin icrasını tələb etmək;

 

4.0.6.

Şöbənin funksiyalarına aid məsələlər üzrə keçirilən müzakirələrdə, qanunvericiliyin tələblərini nəzərə almaqla Nazirlik və tabeli qurumlarda yaradılan komissiyaların, məşvərətçi və əlaqələndirici orqanların işində iştirak etmək;

 

4.0.7.

Tabeli qurumlara onların beynəlxalq əməkdaşlıq fəaliyyəti ilə bağlı istiqamətlər vermək;

 

4.0.8.

Nazirliyin rəhbərliyi ilə razılaşdıraraq şöbənin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı şəhərlərarası və beynəlxalq telefon danışıqları aparmaq;

 

4.0.9.

Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.

Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbənin strukturuna Beynəlxalq təşkilatlarla iş, Dövlətlərarası əməkdaşlıq, Beynəlxalq tədbirlər və protokol və Beynəlxalq layihələr sektorları daxildir. Sektorlar bu Əsasnamə ilə şöbəyə həvalə edilmiş vəzifələrin aidiyyəti üzrə icrasını təmin edirlər.

 

5.3.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.4.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.5.

Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

 

5.6.

Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.7.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini həyata keçirir.

 

5.8.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.9.

Şöbə müdiri:

 

5.9.1.

şöbənin işini təşkil edir və ona rəhbərlik edir;

 

5.9.2.

şöbə işçiləri arasında iş bölgüsü aparır, işçilər tərəfindən vəzifələrin vaxtında və düzgün icra edilməsinə, əmək intizamına və daxili qaydalara riayət olunmasına nəzarəti, o cümlədən işçilərinin fəaliyyətinin illik qiymətləndirilməsini həyata keçirir;

 

5.9.3.

zəruri hallarda Nazirliyin kollegiya iclaslarında və digər yüksək səviyyəli görüşlərdə şöbəni təmsil edir;

 

5.9.4.

nazirin tapşırığı ilə ali hakimiyyət orqanlarında, digər nazirliklər və dövlət orqanlarında, beynəlxalq təşkilatlarda və xarici ölkələrdə Nazirliyi təmsil edir və Nazirliyin mövqeyini ifadə edir;

 

5.9.5.

nazirin xarici ölkə səfərlərində onu müşayiət edir, görüşlərin protokolunu aparır, müvafiq ali hakimiyyət orqanlarına təqdim edilməsi üçün səfərin yekunlarına dair hesabat layihəsini hazırlayıb nazirə təqdim edir;

 

5.9.6.

şöbədə kargüzarlığın “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasına nəzarət edir;

 

5.9.7.

şöbədə vəzifəyə təyinat, işçilərə ixtisas dərəcələrinin verilməsi, ixtisas artırmanın təşkili, ştat cədvəlinin dəyişdirilməsi ilə bağlı təkliflər verir;

 

5.9.8.

şöbənin maddi-texniki ləvazimatlarla, rabitə və nəqliyyatla təminatı, habelə şöbə işçilərinin sosial-məişət təminatının müəyyən edilmiş qaydada Nazirliyin əlaqədar struktur bölmələri tərəfindən təşkil edilməsi üçün təqdimat yazır;

 

5.9.9.

şöbə qarşısında qoyulmuş vəzifə və funksiyaların yerinə yetirilməsi üçün səlahiyyəti daxilində digər tədbirlər görür;

 

5.9.10.

şöbəni təmsil edir.

 

5.10.

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

5.11.

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.