İnnovasiyalar və rəqəmli inkişaf şöbəsi

 

1.

Ümumi müddəalar

 

1.1.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsi (bundan sonra - şöbə) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Nazirlik) Aparatının innovasiyalar və rəqəmli inkişafla bağlı fəaliyyətinin təşkilini və dövlət siyasətinin hazırlanmasını təmin edən struktur bölməsidir.

 

1.2.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin (bundan sonra - nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər), həmçinin bu Əsasnaməni rəhbər tutur.

 

1.3.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının struktur bölmələri, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2.

Şöbənin fəaliyyət istiqamətləri

 

2.0.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.0.1.

innovasiyalar və rəqəmsal hökumət sahəsində siyasətin hazırlanması və həyata keçirilməsində iştirak edir;

 

2.0.2.

innovasiyalar və rəqəmli inkişaf üzrə konsepsiyalar, dövlət proqramları və strategiyaların hazırlanmasında iştirak edir, onların həyata keçirilməsini təmin edir;

 

2.0.3.

innovasiyalar və rəqəmli inkişaf üzrə normativ hüquqi bazanın inkişaf etdirilməsinə dair təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;

 

2.0.4.

innovativ sahibkarlığın inkişafının təşviqi üzrə tədbirləri həyata keçirir;

 

2.0.5.

startap ekosisteminin formalaşdırılması və onlara dəstək göstərilməsi üzrə tədbirlər həyata keçirir;

 

2.0.6.

innovasiya təşəbbüskarlığının təbliği üzrə tədbirlər həyata keçirir;

 

2.0.7.

“Hökumət buludu”nun (G-cloud) yaradılması və fəaliyyətinin təşkili ilə bağlı işlərin əlaqələndirilməsini həyata keçirir;

 

2.0.8.

Milli Data Mərkəzinin mərhələli şəkildə qurulması və fəaliyyətinin təşkili ilə bağlı işlərin əlaqələndirilməsini həyata keçirir;

 

2.0.9.

Nazirliyin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin inkişafı üçün tədbirlər görür;

 

2.0.10.

innovasiyalar və rəqəmli inkişaf, o cümlədən kibertəhlükəsizlik üzrə maarifləndirmənin həyata keçirilməsi, habelə əhalinin, özəl və digər qurumların müvafiq sahədə məlumatlılıq və hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbirlər görür;

 

2.0.11.

“rəqəmli fərqliliyin” aradan qaldırılmasına dair tədbirlər görür və bu sahədə fəaliyyəti əlaqələndirir;

 

2.0.12.

internetin milli seqmentinin inkişafı və bu sahədə fəaliyyətin tənzimlənməsi üzrə tədbirlər görür;

 

2.0.13.

kibertəhlükəsizlik, internet idarəçiliyi və fərdi məlumatların mühafizəsi üzrə siyasətin hazırlanmasında iştirak edir və həyata keçirilməsinin əlaqələndirilməsini təmin edir;

 

2.0.14.

internet informasiya ehtiyatlarında yayılması qanunla qadağan edilən məlumatların yerləşdirilməsinin qarşısının alınması üzrə fəaliyyətin təşkili və əlaqələndirilməsini təmin edir;

 

2.0.15.

innovasiyalar və rəqəmli inkişaf üzrə Nazirliyin Aparatının aidiyyəti struktur bölmələri ilə birlikdə beynəlxalq təşkilatlarla birgə fəaliyyəti həyata keçirir;

 

2.0.16.

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.

Şöbənin vəzifələri

 

3.0.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.0.1.

innovasiyalar və rəqəmli inkişaf sahəsində normativ hüquqi bazanın formalaşdırılmasına dair təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

 

3.0.2.

aidiyyəti dövlət qurumları və Nazirliyin Aparatının aidiyyəti struktur bölmələri ilə birlikdə innovasiyalar və rəqəmli inkişaf, o cümlədən kibertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi və internet idarəçiliyi üzrə prioritetləri müəyyən etmək, bu sahədə konsepsiya, strategiya və dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

 

3.0.3.

Nazirliyə daxil olan və şöbənin fəaliyyət istiqamətləri ilə əlaqəli dövlət proqramları, strategiyalar və digər müvafiq sənədlərin layihələrinə rəy vermək;

 

3.0.4.

dövlət qurumlarının hazırladıqları innovasiya fəaliyyətinə təsir edəcək normativ hüquqi aktlara rəy vermək;

 

3.0.5.

İnnovasiyalar Agentliyinin fəaliyyəti ilə bağlı normativ hüquqi aktların hazırlanmasında iştirak etmək;

 

3.0.6.

İnnovasiyalar Agentliyinin fəaliyyətini əlaqələndirmək, habelə onun fəaliyyətinə dair Nazirliyin səlahiyyətinə aid məsələlərin həllində iştirak etmək;

 

3.0.7.

innovasiya fəaliyyətinin dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramları (layihələri) əlaqələndirmək;

 

3.0.8.

yüksək texnologiyalar üzrə elmi-texniki və innovasiya siyasətini aidiyyəti dövlət qurumları ilə birlikdə hazırlamaq və həyata keçirmək;

 

3.0.9.

innovasiya fəaliyyəti sahəsində qanunvericilik aktları ilə müəyyən edilmiş mexanizmlərin təkmilləşdirilməsinə dair təkliflər vermək;

 

3.0.10.

innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin, o cümlədən startapların maliyyələşdirilməsi ilə bağlı təkliflər vermək və həyata keçirilməsində iştirak etmək;

 

3.0.11.

robototexnika, “bulud”, böyükhəcmli məlumatların emalı, süni intellekt, əşyaların interneti və digər rəqəmli texnologiyalara əsaslanan həlləri və onların tətbiqi üzrə layihələrə təkliflər vermək və həyata keçirilməsini əlaqələndirmək;

 

3.0.12.

innovativ inkişafın, o cümlədən startap fəaliyyətinin dəstəklənməsi sahəsində aidiyyəti üzrə görülmüş işlər barədə hesabatlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

 

3.0.13.

innovasiya infrastrukturunun əsas elementləri olan inkubatorlar, innovasiya mərkəzləri, laboratoriyalar, fondlar, texnologiyalar parkları, tədqiqat və araşdırma mərkəzləri, texnologiya və biliklər transferi mərkəzləri və digər təsisatların yaradılması ilə bağlı təkliflər vermək və həyata keçirilməsində iştirak etmək;

 

3.0.14.

innovasiya fəaliyyətinə investisiyaların cəlb edilməsi üçün tədbirlər görmək;

 

3.0.15.

innovasiya klasterlərini müəyyənləşdirmək və bu sahədə fəaliyyətin təşkili üzrə tədbirlər görmək;

 

3.0.16.

İnnovasiyalar Agentliyi ilə birgə innovativ layihələrin, texnologiyaların, xidmətlərin, maliyyələşdirilmiş elmi tədqiqatların ictimaiyyət üçün açıq reyestrini yaratmaq və aparılmasını təşkil etmək;

 

3.0.17.

yüksək texnologiyalar üzrə innovativ təşəbbüslərə, o cümlədən startaplara dəstək vermək, müsabiqələr, innovasiya həftələri, festivallar, startap turları, konfranslar, forumlar və digər təbliğat tədbirləri, həmçinin kurslar, seminarlar və təlimlər təşkil etmək;

 

3.0.18.

innovasiyalar və rəqəmli inkişaf sahəsində Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumları, digər beynəlxalq və regional təşkilatlar ilə əməkdaşlıq aparmaq;

 

3.0.19.

innovasiyalar və rəqəmli inkişaf ilə bağlı indikatorlar və indekslər üzrə beynəlxalq hesabatlarda ölkə reytinqinin yaxşılaşdırılmasına dair təkliflər vermək;

 

3.0.20.

əhalinin elmi nailiyyətlər və rəqəmli yeniliklər bazasında bilik və bacarıqlarının artırılması üçün tədbirlər həyata keçirmək;

 

3.0.21.

Nazirliyin Elmi-Texniki Şurasının fəaliyyətini təşkil etmək və onun katibliyini aparmaq;

 

3.0.22.

nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların elmi araşdırmalara olan ehtiyacının öyrənilməsi və təmin edilməsi ilə bağlı tədbirlər görmək;

 

3.0.23.

“elektron hökumət”in inkişafı və “rəqəmsal hökumət”ə keçidlə bağlı tədbirlər görmək;

 

3.0.24.

Nazirliyin elektron xidmətlərinin qiymətləndirilməsinin nəticələrinə uyğun onların səmərəliliyinin artırılması üçün təkliflər vermək, bu işlərin əlaqələndirilməsini təşkil etmək;

 

3.0.25.

Nazirliyin dövlət xidmətlərinin elektronlaşdırılması ilə bağlı təkliflər vermək və həyata keçirilməsi üçün tədbirlər görmək;

 

3.0.26.

Dövlət Xidmətlərinin Reyestrində Nazirliyin xidmətlərinə dair məlumatların aktuallığını təmin etmək;

 

3.0.27.

açıq məlumatların istifadəsinin genişləndirilməsi üzrə tədbirlər görmək;

 

3.0.28.

elektron imza ilə bağlı işləri, o cümlədən elektron imzadan istifadənin genişləndirilməsi, elektron imzanın beynəlxalq səviyyədə qarşılıqlı tanınması və yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzanın tətbiqi üzrə tədbirlərin həyata keçirilməsini əlaqələndirmək;

 

3.0.29.

“Hökumət buludu”nun (G-cloud) yaradılması və fəaliyyətinin təşkili ilə bağlı işləri əlaqələndirmək;

 

3.0.30.

Milli Data Mərkəzinin mərhələli şəkildə qurulması və fəaliyyətinin təşkili ilə bağlı işləri əlaqələndirmək;

 

3.0.31.

dövlət informasiya sistemlərinin və ehtiyatlarının Milli Data Mərkəzində saxlanılması, “Hökumət buludu”nda formalaşdırılması və aparılması ilə bağlı AzInTelecom ilə birgə tədbirlər görmək və bu sahədə işləri əlaqələndirmək;

 

3.0.32.

rəqəmli iqtisadiyyatın, o cümlədən elektron ticarətin tətbiqinin genişləndirilməsi üzrə təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

 

3.0.33.

rəqəmli fərqliliyin aradan qaldırılması üçün əhalinin müxtəlif təbəqələrinin informasiya texnologiyaları və digər yüksək texnologiyalar sahələri üzrə bilik və bacarıqlarının artırılması üçün zəruri tədbirlər hazırlamaq və həyata keçirilməsində iştirak etmək;

 

3.0.34.

dövlət qulluqçularının və biznes subyektlərinin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak etmək;

 

3.0.35.

informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərin inkişafı və beynəlxalq sertifikatlaşdırılması üzrə təkliflər vermək;

 

3.0.36.

Nazirliyin fəaliyyət istiqamətləri üzrə yüksəkixtisaslı kadr hazırlığına dair təkliflər vermək;

 

3.0.37.

könüllülərlə işin təşkili ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

 

3.0.38.

innovasiyalar və rəqəmli inkişaf üzrə maarifləndirici və təşviqedici tədbirlər görmək;

 

3.0.39.

YUNESKO-nun “İnformasiya hamı üçün” (IFAP) Azərbaycan Komitəsinin fəaliyyətinin təşkili və işlərin icrasını əlaqələndirmək;

 

3.0.40.

Avropa Komissiyasının “Rəqəmli Bazarların Uyğunlaşdırılması” (HDM) təşəbbüsü çərçivəsində görülən işləri Nazirliyin aidiyyəti şöbələri ilə birlikdə əlaqələndirmək;

 

3.0.41.

kibertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi və internet idarəçiliyi sahəsində maarifləndirmənin həyata keçirilməsi, habelə əhalinin, özəl və digər qurumların müvafiq sahədə məlumatlılıq və hazırlıq səviyyəsinin yüksəldilməsi üzrə aidiyyəti qurumlarla birgə tədbirlər görmək;

 

3.0.42.

internet mühitində kibertəhlükəsizliyin və fərdi məlumatların mühafizəsinin pozulması halları üzrə müraciətləri araşdırmaq və həlli istiqamətində tədbirlərin görülməsini Nazirliyin aidiyyəti struktur bölmələri ilə birgə təmin etmək;

 

3.0.43.

kibertəhlükəsizlik sahəsində beynəlxalq hesabatların təhlilini həyata keçirmək, monitorinqlərin aparılması, analitik materialların və hesabatların hazırlanması, habelə beynəlxalq reytinq təşkilatlarına zəruri məlumatların təqdim olunmasını təmin etmək;

 

3.0.44.

internet informasiya ehtiyatları barədə müvafiq məlumatların əldə edilməsi, internet informasiya ehtiyatlarında yayılması qanunla qadağan edilən məlumatların yerləşdirilməsinin qarşısının alınması üzrə Nazirliyin aidiyyəti struktur bölmələri ilə birgə qanunvericiliklə müəyyən olunmuş tədbirlər görmək;

 

3.0.45.

informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi, fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyətin həyata keçirilməsində iştirak etmək, bu sahədə Nazirliyin səlahiyyətlərinə aid işlərin təşkili və əlaqələndirilməsini təmin etmək;

 

3.0.46.

internetin milli seqmentinin, habelə milli internet resurslarının inkişaf etdirilməsi, təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görmək, bu sahədə monitorinqlər aparmaq;

 

3.0.47.

İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının fəaliyyətini təşkil etmək və onun katibliyini aparmaq;

 

3.0.48.

“.az” domenindən istifadənin genişləndirilməsi və onun inkişafı üzrə təkliflər vermək, bu sahədə fəaliyyətin tənzimlənməsini, habelə müvafiq tədbirlərin hazırlanması, əlaqələndirilməsi və həyata keçirilməsini təşkil etmək;

 

3.0.49.

internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu aparmaq, habelə müvafiq sahədə internet provayderlərin və operatorların fəaliyyətini əlaqələndirmək;

 

3.0.50.

yerli və beynəlxalq səviyyədə işçi qruplarda təmsilçiliyi təmin etmək və müvafiq sahədə fəaliyyətin əlaqələndirilməsini həyata keçirmək;

 

3.0.51.

kibertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi və internet idarəçiliyi üzrə Nazirliyin beynəlxalq təşkilatlarla fəaliyyətinin təşkili və əlaqələndirilməsində iştirak etmək və bu sahədə müvafiq tapşırıqların icrasını təmin etmək;

 

3.0.52.

nüvə texnologiyalarının dinc məqsədlərlə inkişafı və ondan istifadənin təmin olunması üzrə Nazirliyin səlahiyyətlərinə aid işlərin əlaqələndirilməsində iştirak etmək;

 

3.0.53.

fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi sahəsində fəaliyyətə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlı müraciətlərin araşdırılması və qanunvericiliyə müvafiq tədbirlərin görülməsini təmin etmək;

 

3.0.54.

Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq keçirilən innovativ, elmi və tədrislə bağlı tədbirlərdə iştirak etmək;

 

3.0.55.

fəaliyyət istiqamətləri üzrə strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işinin əlaqələndirilməsində iştirak etmək;

 

3.0.56.

fəaliyyət sahələri üzrə Nazirliyin özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə fəaliyyətini əlaqələndirmək, dövlət-özəl tərəfdaşlığını inkişaf etdirmək üçün təkliflər vermək;

 

3.0.57.

fəaliyyət istiqamətləri üzrə Nazirliyə daxil olan ərizə və şikayətlərə baxmaq, onlara vaxtında cavab vermək və digər tədbirlər görmək;

 

3.0.58.

Nazirliyin aparatının struktur bölmələri ilə birlikdə fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatlar, xarici ölkələrin müvafiq elmi mərkəzləri və təşkilatları ilə əlaqələr qurmaq, Nazirliyin beynəlxalq elmi, elmi-texniki proqram və layihələrdə iştirakına dair təkliflər vermək;

 

3.0.59.

fəaliyyət istiqamətləri üzrə yerli, regional və beynəlxalq tədbirlərin, konfransların, təlimlərin, müsabiqələrin, olimpiadaların və digər tədbirlərin keçirilməsi ilə bağlı təkliflər vermək, onları həyata keçirmək və ya həyata keçirilməsində iştirak etmək;

 

3.0.60.

fəaliyyət istiqamətlərinə uyğun olaraq, normativ hüquqi aktlarda Nazirliyə tapşırılmış məsələlərin icrasını təmin etmək və ya iştirak etmək;

 

3.0.61.

fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatların tövsiyələrinin öz fəaliyyətində nəzərə alınması üçün təkliflər vermək və bu istiqamətdə tədbirlər görmək;

 

3.0.62.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4.

Şöbənin hüquqları

 

4.0.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.0.1.

fəaliyyət istiqamətləri üzrə hüquqi aktların ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair təkliflər vermək;

 

4.0.2.

fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

 

4.0.3.

müvafiq sahə üzrə təhlillər, monitorinqlər, qiymətləndirmələr və tədqiqatlar aparmaq;

 

4.0.4.

Nazirliyin mütəxəssislərinin müxtəlif təlim kurslarında, forum və konfranslarda iştirakına dair təkliflər vermək;

 

4.0.5.

Nazirliyin aparatının struktur bölmələri, dövlət orqanları, bələdiyyələr, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar, xarici ölkələrin aidiyyəti dövlət qurumları, yüksək texnologiyalar sektoru üzrə fəaliyyət göstərən yerli və xarici özəl şirkətlər, elmi-tədqiqat-institutları, təhsil ocaqları, kütləvi informasiya vasitələri və ictimai təşkilatlarla qarşılıqlı işgüzar əlaqələr qurmaq, onlarla birgə müvafiq tədbirlər görmək;

 

4.0.6.

Nazirliyin Aparatının struktur bölmələrinə, qurumlara, idarə və təşkilatlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

 

4.0.7.

Nazirliyin Aparatının struktur bölmələrinin rəhbərlərinin razılığı ilə bu bölmələrin işçilərini sənədlərin hazırlanmasına, həmçinin şöbənin üzərinə qoyulmuş vəzifələrə uyğun olaraq keçirdiyi tədbirlərin yerinə yetirilməsinə cəlb etmək;

 

4.0.8.

fəaliyyət sahələri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və araşdırmalar aparmaq;

 

4.0.9.

sərgilərin, forumların, seminarların və konfransların keçirilməsində iştirak etmək və belə tədbirlərdə iştirak barədə təkliflər vermək;

 

4.0.10.

fəaliyyət sahələri üzrə normativ sənədlərin işlənib hazırlanmasında iştirak etmək;

 

4.0.11.

Nazirliyin Aparatının struktur bölmələrində informasiya texnologiyalarının tətbiqi və təkmilləşdirilməsi üzrə işlərin təşkilində iştirak etmək;

 

4.0.12.

şöbə tərəfindən görülən işin gedişatı və görülən iş çərçivəsində nəticələr barədə mütəmadi olaraq Nazirliyin rəhbərliyinə məruzə etmək;

 

4.0.13.

fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi sahəsində lisenziya verilmiş fiziki və hüquqi şəxslərdən, mövcud qanunvericiliyə uyğun olaraq, lazımi məlumatları, o cümlədən statistik məlumatları (konfidensiallığı gözlənilməklə) tələb etmək, lisenziya şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;

 

4.0.14.

“Fərdi məlumatlar haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər normativ sənədlərin tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi üçün təkliflər vermək, habelə qanunvericiliyin tələblərini pozan şəxslərlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə tədbirlər görmək;

 

4.0.15.

rəhbərliyin razılığı ilə fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatların və işçi qrupların fəaliyyətində iştirak etmək;

 

4.0.16.

fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.

Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbənin strukturuna İnnovasiya siyasəti sektoru, Rəqəmli inkişaf sektoru və Elm və texnologiya sektoru daxildir. Sektorlar bu Əsasnamə ilə şöbəyə həvalə edilmiş vəzifələrin icrasına görə məsuliyyət daşıyırlar.

 

5.3.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.4.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.5.

Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən 2 (iki) müavini vardır.

 

5.6.

Şöbə müdirinin müavinləri şöbə müdiri tərəfindən onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.7.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini həyata keçirir.

 

5.8.

İnnovasiya siyasəti, Rəqəmli inkişaf, Elm və texnologiya sektorlarına nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sektor müdirləri rəhbərlik edir.

 

5.9.

Sektor müdirləri bu Əsasnamə ilə müəyyən olunmuş və şöbə müdiri tərəfindən onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

 

5.10.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.11.

Şöbə müdiri:

 

5.11.1.

şöbənin fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

 

5.11.2.

işçilər arasında vəzifə və iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir və şöbə işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təmin edir;

 

5.11.3.

şöbə işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına nəzarət edir;

 

5.11.4.

şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra olunmasına nəzarəti həyata keçirir və icrası barədə rəhbərliyə hesabat verir;

 

5.11.5.

şöbə üzrə Nazirliyin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini rəhbərliyə təqdim edir;

 

5.11.6.

şöbə tərəfindən Nazirliyin kollegiya qərarlarında və təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

 

5.11.7.

şöbədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması ilə bağlı Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.11.8.

şöbənin işçilərinin peşə hazırlığının yüksəldilməsi və ixtisaslarının artırılması məqsədilə kurslarda, təlimlərdə iştirakı barədə Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.11.9.

şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin aparatının struktur bölmələrindən və qurumlarından zəruri sənədləri və məlumatları alır;

 

5.11.10.

şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

 

5.11.11.

şöbədə kargüzarlıq işinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasını təmin edir;

 

5.11.12.

şöbədə məxfilik rejimini təmin edir və şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması tədbirlərinin təmin edilməsinə görə cavabdehlik daşıyır;

 

5.11.13. 

şöbənin fəaliyyətini Nazirliyin aparatının struktur bölmələri və qurumlarla əlaqələndirir;

 

5.11.14.

səlahiyyətinə aid hissədə icrası məcburi olan göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

 

5.11.15.

şöbənin müvafiq hesabatlarını təsdiq edir;

 

5.11.16.

Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə və yığıncaqlarda və elmi-texniki şuranın iclaslarında iştirak edir;

 

5.11.17.

şöbənin fəaliyyəti ilə bağlı rəhbərliyin tapşırıqlarını yerinə yetirir;

 

5.11.18.

şöbəni təmsil edir;

 

5.11.19.

rəhbərliyin tapşırığı ilə ali hakimiyyət orqanlarında, digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və dövlət orqanlarında, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir və Nazirliyin maraqlarını müdafiə edir.

 

5.12.

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.13.

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun olaraq məsuliyyət daşıyır.