Maliyyə və mühasibatlıq şöbəsi

 

1.

 Ümumi müddəalar

 

1.1.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Maliyyə və mühasibatlıq şöbəsi (bundan sonra - Şöbə) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra - Nazirlik) maliyyə-iqtisadi əlaqələndirmə, mühasibat uçotunun və hesabatlılığın təşkili, tarif və investisiya siyasəti, satınalmaların planlaşdırılması və keçirilməsinə nəzarət, əməyin ödənişinə nəzarətin həyata keçirilməsini təmin edən struktur bölməsidir.

 

1.2.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin (bundan sonra - Nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

 

1.3.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının struktur bölmələri, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2.

Şöbənin fəaliyyət istiqamətləri

 

2.0.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.0.1.

Nazirliyin maliyyə-iqtisadi fəaliyyətini təşkil edir və həyata keçirir;

 

2.0.2.

Nazirlikdə mühasibat uçotunu, hesabatını təşkil edir və aparır;

 

2.0.3.

Nazirliyin Aparatının struktur bölmələri və qurumları ilə birgə tarif siyasətini formalaşdırır, bu sahədə müvafiq təkliflər hazırlanmasında və həyata keçirilməsi üzrə tədbirlərin görülməsində iştirak edir;

 

2.0.4.

aidiyyəti struktur bölmə ilə birlikdə investisiya proqnozlarını hazırlayır və icrası üzrə zəruri tədbirlər görür;

 

2.0.5.

əməyin təşkilinə, əmək normalarına əməl olunmasına, işçilərin sayının iş həcminə uyğunlaşdırılmasına və əməyin ödənilməsinə nəzarət edir və bu sahədə təkliflər hazırlayır;

 

2.0.6.

maliyyə-iqtisadi proqnozlarının icrasına nəzarət edir, rəhbərliyin tapşırığı əsasında statistik təhlillər aparır, sahənin inkişafı ilə bağlı aidiyyəti üzrə təkliflər verir;

 

2.0.7.

Nazirlik üzrə satınalmaların planlaşdırılması və keçirilməsinə nəzarət edir;

 

2.0.8.

aidiyyəti dövlət proqramları, strateji yol xəritələrinin və digər normativ hüquqi aktların icrası üzrə aidiyyəti tədbirlər görür;

 

2.0.9.

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.

Şöbənin vəzifələri

 

3.0.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.0.1.

müvafiq sahədə maliyyə, uçot, iqtisadiyyat və investisiya siyasətinin formalaşdırılmasına dair təkliflər hazırlamaq və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini Nazirliyin Aparatının struktur bölmələri və qurumları ilə birgə təmin etmək;

 

3.0.2.

müvafiq sahədə maliyyə, uçot, büdcə, vergi və gömrük siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlamaq və həyata keçirilməsi ilə bağlı birgə tədbirlər görmək;

 

3.0.3.

qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə fəaliyyət göstərən və nizamnamə kapitalında dövlətin payı olan nəqliyyat və rabitə müəssisələri ilə qarşılıqlı münasibətlərin qurulmasında iştirak etmək;

 

3.0.4.

Nazirliyin Aparatının struktur bölmələri və qurumları ilə birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, müvafiq sahə üzrə tarif siyasətinin dünya təcrübəsi və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək;

 

3.0.5.

Nəqliyyat və rabitə xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Nazirliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət etmək;

 

3.0.6.

qurumlar üzrə sosial-iqtisadi inkişaf proqnozlarını aidiyyəti şöbələrlə birgə hazırlamaq və icrası üzrə tədbirlər görmək;

 

3.0.7.

qurumlar üzrə gəlirlər və xərclər smetasını onlarla birlikdə hazırlamaq və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla təsdiqini təşkil etmək və icrasına nəzarət etmək;

 

3.0.8.

gəlirlər və xərclər smetasının icrası barədə məlumatları hazırlayaraq aidiyyəti nazirliklərə təqdim etmək;

 

3.0.9.

qurumların maliyyə-təsərrüfat fəaliyyətini təhlil edərək müvafiq məlumatlar hazırlamaq;

 

3.0.10.

Nazirlik üzrə satınalmaların planlaşdırılması və keçirilməsinə nəzarət etmək;

 

3.0.11.

qurumlar üzrə büdcə ödənişləri və məcburi sosial sığorta haqları üzrə proqnozlarını hazırlamaq;

 

3.0.12.

qurumlar tərəfindən büdcəyə və büdcədənkənar fondlara ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsinə nəzarət etmək;

 

3.0.13.

Azərbaycan Respublikasının dövlət büdcəsindən Nazirlik üzrə nəzərdə tutulmuş, habelə büdcədənkənar vəsaitlərə dair xərclər smetalarının hazırlanmasını və aidiyyəti dövlət qurumlarına təqdim olunmasını təmin etmək;

 

3.0.14.

dövlət büdcəsi, kreditlər, qrantlar və digər mənbələr hesabına Nazirliyin sərəncamına daxil olan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət olunmasında iştirak etmək;

 

3.0.15.

qurumlar tərəfindən mühasibat uçotunun və hesabatının aparılması üzərində metodik rəhbərliyi həyata keçirmək;

 

3.0.16.

Nazirlik üzrə mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilini qurumlarla birlikdə həyata keçirmək;

 

3.0.17.

qurumlarda tətbiq olunan avtomatlaşdırılmış mühasibat uçotu proqramlarının təkmilləşdirilməsi ilə əlaqədar təkliflər vermək;

 

3.0.18.

maliyyə qanunvericiliyi və mühasibat uçotu qaydalarına uyğun olaraq, Nazirliyin tabeliyindəki qurumlarında mühasibat uçotunu təşkil etmək, material, əmək və maliyyə resurslarından qənaətlə istifadə edilməsinə və dövlət əmlakının qorunmasına nəzarət etmək;

 

3.0.19. 

ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, maliyyə hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;

 

3.0.20.

qurumlara daxil olan pul vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində əks etdirilməsinə nəzarət etmək;

 

3.0.21.

Nazirliyin tabeli qurumları üzrə dövri olaraq pul vəsaitlərinin hərəkəti hesabatlarını tərtib etmək və aidiyyəti dövlət orqanlarına təqdim etmək;

 

3.0.22.

debitor borcların inventarizasiya edilməsi, yığım normativlərinə uyğun icrası və kreditor borcların ödənilməsi istiqamətində aidiyyəti tabeli qurumlarla birlikdə tədbirlər görmək;

 

3.0.23.

Nazirlikdə inventarizasiyanın müəyyən edilmiş qaydada aparılmasını, Nazirliyin əmlakının qiymətləndirilməsini və yenidən qiymətləndirilməsini təşkil etmək;

 

3.0.24.

Nazirliyin istifadəsində olan əmlakın qorunub saxlanması, təyinatı üzrə səmərəli istifadə edilməsi, uçotu, qeydiyyata alınması üzrə tədbirlərin görülməsində iştirak etmək;

 

3.0.25.

əmlakın idarə olunması ilə bağlı tədbirlər görmək və bu sahədə aidiyyəti dövlət orqanları ilə fəaliyyəti əlaqələndirmək;

 

3.0.26.

qurumlarda lüzumsuz xərclərin və itkilərin qarşısının alınması və təsərrüfatdaxili ehtiyatların aşkar edilməsi məqsədilə mühasibat uçotu sənədlərinin məlumatlarına əsasən təhlillər aparmaq və yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməsində iştirak etmək;

 

3.0.27.

qurumların fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi ilə əlaqədar aidiyyəti şöbələrlə birlikdə təkliflər hazırlamaq;

 

3.0.28.

qurumların və Nazirliyin Aparatının işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülməsində iştirak etmək;

 

3.0.29.

qurumlarda əməyin təşkili, əməyin ödənilməsi, sosial məsələlərin həyata keçirilməsi ilə əlaqədar qüvvədə olan normativ hüquqi aktların icrasına aidiyyəti şöbələrlə birlikdə nəzarət etmək;

 

3.0.30.

qurumların ştat cədvəllərinin strukturuna uyğun tərtib olunmasına və ona riayət edilməsinə nəzarət etmək;

 

3.0.31.

Nazirliyin Aparatının xərclər smetasını tərtib etmək və icrasına nəzarət etmək;

 

3.0.32.

müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının strukturunu və ştat cədvəlini hazırlamaq;

 

3.0.33.

dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən təşkilatların saxlanılması xərclərinin müəyyənləşdirilməsinə və icrasına müvafiq qurumlarla birlikdə nəzarət etmək;

 

3.0.34.

Nazirliyin Aparatı üzrə işçilərə əmək haqqı, ezamiyyə və sair ödənişlərin ödənilməsini təmin etmək;

 

3.0.35.

Nazirliyin qurumları üzrə investisiya qoyuluşu proqnozlarını Nazirliyin Aparatının digər struktur bölmələri ilə birgə hazırlamaq, onun təsdiqi və icrası istiqamətində tədbirlər görmək;

 

3.0.36.

Nazirliyin Aparatının struktur bölmələri, qurumları ilə birlikdə Nazirlik üzrə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu hesabına maliyyələşdiriləcək layihələr barədə təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına göndərmək;

 

3.0.37.

Nəqliyyat və rabitə obyektlərinin tikintisi, yenidən qurulması və texniki baxımdan müasirləşdirilməsi məqsədilə hazırlanmış texniki iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinə rəy verilməsində iştirak etmək;

 

3.0.38.

Nəqliyyat və rabitə xidmətlərinin növləri üzrə gəlirlərin və xidmətin maya dəyərinə aid edilən xərclərin uçotunun təşkilinə müvafiq struktur bölmələri və qurumlarla birlikdə nəzarət etmək;

 

3.0.39.

müvafiq sahənin inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün aidiyyəti üzrə təkliflər vermək;

 

3.0.40.

Nazirliyin fəaliyyəti haqqında aidiyyəti üzrə aylıq, rüblük, illik statistik hesabatları tərtib etmək, müəyyən edilmiş müddətlərdə statistika orqanlarına təqdim edilməsini təmin etmək;

 

3.0.41.

statistik hesabat formalarının təkmilləşdirilməsi ilə əlaqədar aidiyyəti struktur bölmələri və qurumlarla birlikdə təkliflər vermək;

 

3.0.42.

qurumların özəlləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək;

 

3.0.43.

qurumlarda proqnozlaşdırmanın vəziyyətinə, maliyyə-təsərrüfat fəaliyyətinin və uçotun təşkilinə və əməyin ödənişi qaydalarına nəzarət edilməsi məqsədilə yerlərdə araşdırmalar aparmaq və praktiki köməkliklər göstərmək;

 

3.0.44.

müvafiq sahə üzrə normativ hüquqi aktların və müxtəlif normativ xarakterli sənədlərin hazırlanmasında iştirak etmək;

 

3.0.45.

müvafiq sahə üzrə islahatların aparılmasında iştirak etmək;

 

3.0.46.

şöbəyə daxil olan normativ hüquqi sənədlərin layihələrinə dair rəy və təkliflər hazırlamaq;

 

3.0.47.

şöbəyə daxil olan ərizə və şikayətləri araşdıraraq cavablandırılmasını təmin etmək;

 

3.0.48.

fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4.

Şöbənin hüquqları

 

4.0.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.0.1.

səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti üzrə təkliflər vermək;

 

4.0.2.

Nazirliyin maliyyə, iqtisadiyyat, uçot, investisiya siyasətinin formalaşdırılmasına dair təkliflər vermək və həyata keçirilməsi üzrə aidiyyəti üzrə tədbirlər görmək;

 

4.0.3.

sosial-iqtisadi inkişaf proqnozlarının, gəlirlər və xərclər smetalarının icrasına nəzarət etmək, proqnozlardan kənarlaşmaların aradan qaldırılması, eləcə də satınalmaların planlaşdırılması və keçirilməsinə nəzarət etmək üçün qurumlara təklif və tövsiyələr vermək və bu barədə rəhbərlik qarşısında məsələ qaldırmaq;

 

4.0.4.

qurumlar tərəfindən hazırlanmış sənəd layihələrinə dair (saziş, müqavilə, arayış, sorğu, və s.) şöbənin fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək;

 

4.0.5.

fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, maliyyə, uçot və digər uyğun sahələrdə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

 

4.0.6.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələrinə və qurumlarına müvafiq sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

 

4.0.7.

şöbənin funksiyalarına aid məsələlər üzrə keçirilən müzakirələrdə, qanunvericiliyin tələblərini nəzərə almaqla Nazirlikdə və qurumlarda yaradılan komissiyaların, işçi qrupların, məşvərətçi və əlaqələndirici orqanların işində iştirak etmək;

 

4.0.8.

qurumlara, habelə səlahiyyətləri daxilində digər aidiyyəti təşkilatlara müraciətlər hazırlamaq;

 

4.0.9.

fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.

Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbənin strukturuna Maliyyə və satınalma sektoru və Mühasibatlıq sektoru daxildir. Sektorlar bu Əsasnamə ilə şöbəyə həvalə edilmiş vəzifələrin aidiyyəti üzrə icrasını təmin edirlər.

 

5.3.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.4.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.5.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sektor müdirlərindən biri həyata keçirir.

 

5.6.

Maliyyə və satınalma sektoru və Mühasibatlıq sektoruna nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sektor müdirləri rəhbərlik edir.

 

5.7.

Sektor müdirləri bu Əsasnamə ilə müəyyən olunmuş və şöbə müdiri tərəfindən onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar

 

5.8.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.9.

Şöbə müdiri:

 

5.9.1.

şöbənin fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

 

5.9.2.

şöbənin strukturuna daxil olan sektorlar və işçilər arasında vəzifə və iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir və şöbə işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təmin edir;

 

5.9.3.

şöbə işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına nəzarət edir;

 

5.9.4.

şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra olunmasına nəzarəti həyata keçirir və icrası barədə Nazirliyin rəhbərliyinə hesabat verir;

 

5.9.5.

şöbə üzrə Nazirliyin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir;

 

5.9.6.

şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən hüquqi aktlarda, Nazirliyin kollegiya qərarlarında və təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

 

5.9.7.

şöbədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.9.8.

şöbənin yüksəkixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi üçün işçilərin peşə hazırlığının yüksəldilməsi və ixtisaslarının artırılması məqsədilə kurslarda, təlimlərdə iştirakı barədə, işçilərin işə təyin olunması haqqında Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.9.9.

şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin Aparatının struktur bölmələrindən və qurumlarından zəruri sənədləri və məlumatları alır;

 

5.9.10.

şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

 

5.9.11.

şöbədə kargüzarlıq işinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasını təmin edir;

 

5.9.12.

şöbədə məxfilik rejimini təmin edir və şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması tədbirlərinin təmin edilməsinə görə cavabdehlik daşıyır;

 

5.9.13.

şöbənin fəaliyyətini Nazirliyin Aparatının struktur bölmələri və qurumlarla əlaqələndirir;

 

5.9.14.

səlahiyyətinə aid hissədə icrası məcburi olan göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

 

5.9.15.

şöbənin müvafiq hesabatlarını təsdiq edir;

 

5.9.16.

Nazirliyin Aparatının işçilərinə əməkhaqqının, ezamiyyə xərclərinin və müavinətlərin verilməsi, nazirliyin hesablarına daxil olan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirlər görür;

 

5.9.17.

maliyyə, iqtisadiyyat, uçot və investisiya sahəsində kadrların seçilməsi, düzgün yerləşdirilməsi və işdən azad olunmasına dair təkliflər verir;

 

5.9.18.

zəruri hallarda Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə və yığıncaqlarda və elmi-texniki şuranın iclaslarında iştirak edir;

 

5.9.19.

şöbənin fəaliyyəti ilə bağlı Nazirliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir;

 

5.9.20.

Nazirliyin rəhbərliyinin tapşırığı ilə ali hakimiyyət orqanlarında, digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və dövlət orqanlarında, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir və Nazirliyin maraqlarını müdafiə edir;

 

5.9.21.

şöbəni təmsil edir.

 

5.10.

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.11.

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun olaraq məsuliyyət daşıyır.