Dəniz nəqliyyatı

Dəniz gəmiçiliyi sahəsində aparılan siyasətin, habelə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq dəniz təşkilatları ilə əməkdaşlığın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq dəniz konvensiyalarının icrasına nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 aprel tarixli 697 nömrəli Sərəncamına əsasən, Nəqliyyat Nazirliyi formalaşdırılanadək qeyd edilən səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə verilib.

           

Nəqliyyat Nazirliyi yaradıldıqdan sonra Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 10 iyun 2003-cü il 880 nömrəli Fərmanı ilə dəniz gəmiçiliyi sahəsində yuxarıda qeyd edilən səlahiyyətlər Nəqliyyat Nazirliyinə həvalə edilib.

 

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının yaradılması haqqında Azərbaycan Respublikasi Prezidentinin 06 fevral 2006-cı il tarixli 1271 nömrəli Sərəncamı ilə Dövlət Dəniz Administrasiyası yaradılıb və dəniz gəmiçiliyi sahəsində bütün səlahiyyətlər yaradılan administrasiyaya keçib.

 

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli 1785 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi yaradılıb. Fərmana əsasən, agentlik Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı müəyyən edilib.  

 

Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxsi fəaliyyət göstərir. Mərkəzin funksiyalarına Azərbaycan Respublikasının ərazi sularında və liman akvatoriyalarında dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkil olunması, gəmilərin hərəkətinin idarə edilməsi, gəmilərdə yoxlamaların həyata keçirilməsi, bələdçi xidmətinin göstərilməsi, gəmilərin uzaq məsafədən izlənilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyinə aid digər funksiyalar daxildir.


Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsinə və gəmilərin nəzarət yoxlamasının beynəlxalq standartlara uyğun olaraq daha səmərəli və effektiv həyata keçirilməsinə xidmət göstərməkdədir.

 

“Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin əsas funksiyaları - Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsindən, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirmənin təşkilindən, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir. 
 

Dünya ticarət məhsullarının 80 faizdən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir.

 

Azərbaycan 1995-ci ilin may ayında Beynəlxalq Dəniz Təşkilatına tam səlahiyyətli üzv qəbul olunub.
BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin sayı hazırda 172-dir.

 

Ölkəmiz bu sahədə çoxtərəfli əməkdaşlıq fəaliyyətini təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla da inkişaf etdirməkdədir.
 

Respublikamızda dəniz nəqliyyatı sahəsinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən xüsusi əhəmiyyətli zəruri və önəmli işlərdən biri olan mövcud maddi-texniki bazadan daha səmərəli istifadə edilməsi məqsədi ilə dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən tədbirlərdir. 
 

Ölkəmizin tranzit potensialının gücləndirilməsi məqsədilə donanmanın yenilənməsi və müasir tələblərə cavab verən yeni gəmilərin tikintisi daim diqqət mərkəzində saxlanılır və bu məsələyə xüsusi həssaslıqla yanaşılır.
Dəniz donanmasına malik keçmiş sovet respublikalarının bir çoxunda donanmalar qayğısızlıq və nəzarətsizlik üzündən, demək olar ki, dağılıb. Ölkəmizdə isə iqtisadiyyatın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı üzərində nəzarət saxlanılıb. Hazırda donanmada sərnişin bərələri, “Ro-Ro” tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan, həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur.


Azərbaycanda bir neçə il əvvəl inşa olunan Bakı Gəmiqayırma Zavodunda bütün növ gəmilər istehsal edilir.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R