Telekommunikasiya

Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətlərini “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) göstərir.

 

“Baktelecom” şəbəkəsində mövcud olan 226 ədəd böyük və kiçik tutumlu ATS-in 43 ədədi vasitəsilə 1 saylı Rabitə xidmətləri mərkəzi Nəsimi, Binəqədi, Yasamal və Səbail rayonları ərazisində, 34 ədədi vasitəsilə 2 saylı Rabitə xidmətləri mərkəzi Nəsimi, Nərimanov, Binəqədi, Səbail və Xətai rayonları ərazisində, 26 ədədi ilə 3 saylı Rabitə xidmətləri mərkəzi Nizami, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində, 47 ədədi vasitəsilə 4 saylı Rabitə xidmətləri mərkəzi Sabunçu və Suraxanı rayonları ərazisində, 36 ədədi vasitəsilə 5 saylı Rabitə xidmətləri mərkəzi Xəzər və Pirallahı rayonları ərazisində, 20 ədədi vasitəsilə 6 saylı Rabitə xidmətləri mərkəzi Qaradağ rayonu ərazisində, 20 ədədi ilə “AzEvroTel” MMC Səbail, Yasamal, Nəsimi rayonlarının ərazisində müxtəlif telekommunikasiya xidmətləri təşkil edir.

 

Bakı şəhərində müəyyən bina və ərazilərdə GPON (Gigabit Passive Optical Network – Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası ilə internet və stasionar telefon xidmətləri təmin edilir. “Evədək optika” internet xidməti fiber-optik xətləri üzərindən təmin olunur. Görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir.  “Evədək optika” layihəsi tətbiq olunan hər bir mənzildə istifadəçilər “1 xətt – 3 xidmət” paketinə qoşulmaq imkanı əldə edirlər. Sabit telefon xidmətindən istifadə, yüksəksürətli internet təminatı və 150-dən yuxarı yerli və beynəlxalq telekanalı izləmə imkanı (“ViTV” xidməti) isə abunəçilərə sərfəli tariflərlə təqdim olunur.

 

“Bakı Telefon Rabitəsi” MMC tərəfindən təqdim edilən “Simsiz rabitə” xidməti LTE (Long Term Evolution – Uzunmüddətli inkişaf)  texnologiyası əsasında təmin olunur. Texnologiya məhdud infrastrukturlu ərazilərdə telefon çəkilişi və digər telekommunikasiya xidmətləri ilə təchizat problemini aradan qaldırmağa imkan yaradır.

 

“Baktelecom” mənzillər və korporativ müəssisələr üçün “Ayrılmış İnternet Kanalı” (AİK) xidməti göstərir. Fiber-optik xətləri üzərindən təmin edilən “AİK” xidməti ilə istifadəçilər videomüşahidə, İP (İnternet Protokol) telefoniya, İPTV xidmətlərindən rahat istifadə imkanı əldə edə, eyni zamanda 1 Gbit/s-ə qədər sürətli internet və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə sahib ola bilirlər.

 

Paytaxtla yanaşı, digər regionlarda da telekommunikasiya şəbəkəsinin inkişafına dair irimiqyaslı layihələr icra olunmaqdadır. Son nəsil rabitə texnologiyalarının qurulması və nəticədə əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin olunması istiqamətində işlər davam etdirilir. 

 

Milli rabitə operatoru olan “Aztelekom MMC”nin şəbəkəsində aparılan yenidənqurma işləri çərçivəsində GPON texnologiyasının quraşdırılması prosesi davam etdirilir. İlkin olaraq layihənin həyata keçirilməsinə dörd regionda – Abşeron, Masallı, Sumqayıt və Gəncə ərazilərindən start verilib. GPON texnologiyasının montaj-quraşdırılma işləri aparılır, mis kabellər optik xətlərlə əvəz edilir. Quraşdırılan şəbəkə üzərindən müştərilərə internet, telefon və TV xidmətlərinin təqdim edilməsi mümkün olacaq. Digər texnologiyalara nisbətən GPON texnologiyası vasitəsilə müştərilərə yüksəksürətli və keyfiyyətli xidmətlərin təqdim edilməsi ilə yanaşı, xidmətlərin çeşidlərinin də artırılması imkanlarının olması bu texnologiyanın üstünlüyünü təsdiqləyir. Gələcək layihələrdə digər regionlarda da GPON şəbəkəsinin tikintisi nəzərdə tutulur.

 

Regionlarda telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi məqsədilə pilot layihə kimi Xaçmaz rayonunda uğurla reallaşdırılan  LTE texnologiyası üzərindən göstərilən genişzolaqlı xidmətlər artıq Abşeron və Sumqayıtda əhaliyə təqdim edilir. Bu texnologiya məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir. LTE texnologiyası üzərindən  internet, telefon və İPTV xidməti birlikdə  fiziki və hüquqi şəxslərə təklif olunur.

 

Son zamanlar  telekommunikasiya xidmətlərinə olan tələbatın təmin edilməsi, eyni zamanda keyfiyyətli, dayanıqlı və çoxçeşidli rabitə xidmətlərinin təşkili məqsədilə “Aztelekom” MMC tərəfindən DWDM (Dense Wavelength Division Multiplexing) və  MPLS (Multiprotocol Label Switching) texnologiyaları əsasında şəbəkənin yenidən qurulması layihəsi üzərində işlər aparılır. Layihənin əsas məqsədi magistral şəbəkənin ötürücülük qabiliyyətinin yüksəldilməsidir.

 

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R