
Milli markalar
Məktubların ünvanına getməsi şərtlərindən əsas amil – zərfin üstündə markanın olmasıdır. İlk poçt markası 1840-cı ildə İngiltərədə məktubların üzərinə vurulub. Həmin ildən etibarən məktubların ödənişi üçün yaradılan bu sadə üsul bütün dünyaya yayılmağa başlayıb.
Müstəqil Azərbaycan Respublikasında poçt markalarının çapı və yayımı “Azərmarka” şirkəti tərəfindən təşkil edilir. Şirkət 14 iyul 1992-ci ildə yaradılıb. Lakin Azərbaycanda ilk milli markalar hələ bundan çox-çox əvvəllər - 1919-cu ildə buraxılıb. Həmin markaların üzərində əlində üçrəngli bayraq və silah tutmuş əsgər əks olunub. 1992-ci ildə “Azərmarka” fəaliyyətə başladıqdan sonra isə filateliya sahəsi ölkəmizdə daha uğurla inkişaf etməyə başlayıb. Belə ki, həmin dövrdən müxtəlif mövzulara aid 1140 poçt markası, 14 növ markalanmış, yüzlərlə növ markalanmamış poçt zərfləri hazırlanaraq satışa çıxarılıb.
Bu illər ərzində “Azərmarka” tərəfindən tam fərqli mövzulara dair markalar hazırlanıb. Onlar arasında Azərbaycan Respublikasının müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, fauna və florasına həsr olunan markalar var. Eyni zamanda, hər il milli bayramlara, memarlıq abidələrinə, görkəmli siyasi-ictimai xadimlərə, hətta Qarabağa aid poçt markaları da çap olunur. Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlər – “Avrovision”, Avropa Oyunları, İslam Oyunları, hətta Papa II İohann Pavelin Azərbaycana səfərinə dair markalar da çıxarılıb.
Azərbaycan markalarının beynəlxalq aləmdə yayımı da lazımi səviyyədə təşkil edilib. Belə ki, beynəlxalq təşkilatlar və dünyanın 12 ölkəsi ilə birgə 17 poçt markası da dövriyyəyə buraxılıb.
“Azərmarka”nın uğurlu fəaliyyəti sayəsində qısa müddət ərzində Azərbaycan poçt markaları dünya filatelistləri arasında böyük maraq doğurub. Azərbaycanın poçt markaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, Fransa, Almaniya, İngiltərə, Çin, İsrail, İspaniya və Belçikada keçirilən ümumdünya filateliya sərgilərində uğurla nümayiş etdirilir. Fəaliyyəti dövründə “Azərmarka” müxtəlif ölkələrdə keçirilən beynəlxalq filateliya sərgilərində uğurlu iştirakına görə onlarla qızıl medal və diplomlarla təltif edilib. Bundan başqa, Azərbaycan Filateliya İttifaqı ilə birlikdə Bakıda çox uğurla 4 Milli filateliya sərgisi keçirilib.
1919-cu ildən bu günədək Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış bütün markaların, markalanmış zərflərin və poçt kartlarının, xüsusi ştempellərin nümunələrini özündə əks etdirən 8 kataloq nəşr edilib. “Azərmarka” MMC-nin özü və əməkdaşları dəfələrlə dövlət səviyyəsində fəxri fərman və fəxri adlarla təltif olunublar.
“Azərmarka” MMC-nin əldə etdiyi nailiyyətlərdən biri də uydurma “Dağlıq Qarabağ respublikası” adından buraxılmış markaların dünyada işlənməsinin qarşısının alınmasıdır. Belə ki, Azərbaycan tərəfinin müraciətlərinə əsasən, Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosu rəsmən elan edib ki, üstündə belə markalar olan bütün məktub korrespondensiyalarının işlənməsi yolverilməzdir.
Qeyd edək ki, çəkisi yüngül markaların həcmi balaca olsa da, qiyməti kifayət qədər baha ola bilir. Hazırda dünyada qiyməti milyonlarla dollarla ölçülən nadir markalar var. İstənilən dövlətin markaları, o cümlədən ölkəmizdə də “Azərmarka”nın poçt markaları müstəqil dövlətin atributlarından biri hesab edilir.