
Yüksək texnologiyalar
Yüksək texnologiyalar müasir dövrümüzün daha çox mütərəqqi və elm tutumlu texnologiyalarıdır, eləcə də onlardan və onlara əsaslanan texniki vasitələrdən istifadəyə keçid indiki mərhələdə elmi-texniki inqilabın mühüm amilidir.
Məhz buna görə Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi nəzdində məqsədi qabaqcıl texnologiyaları Azərbaycana gətirmək, Azərbaycanda elm tutumlu sənayenin inkişafına xidmət edən Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılıb.
Mərkəz XXI əsr konvergensiya texnologiyasını həyata keçirir, bu da “nanotexnologiya”, “biotexnologiya”, “neyroelektronika” və “süni intellektin” birləşərək gələcəyin təkamül sənayesini formalaşdırır və özünəməxsus qanunauyğunluqla avtomatlaşdırılmış formada təşəkkül tapır.
Mərkəz MDB məkanında və bir çox Avropa ölkələrində analoqu olmayan bir təsisatdır. Burada qurulan və Almaniya, ABŞ istehsalı olan avadanlıqların müasirliyi, eyni məkanda toplanması qarşıya qoyulan məqsədə nail olmağa zəmin yaradır.
Mərkəzdə sonuncu nəsil zəngin laboratoriyalar qurulub, o cümlədən Fotometrik laboratoriya, Biokimya nanotexnoloji laboratoriya, A-CVD karbon nanotexnologiyalar laboratoriyası, Optik spektrometriya laboratoriyası, Elektron mikroskop laboratoriyası (AFM-Atom Qüvvət Mikroskopu, SEM- Skanedici Elektron Mikroskopu). Həmçinin Avropa standartlarına uyğun müasir “Clean room” yaradılıb ki, burada yüksək texnoloji məhsullar alınır.
Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində elm tutumlu yüksək texnologiyalara əsaslanan məhsulların alınması və onların nümayişi də həyata keçirilir.