
Maliyyə xidmətlərinin inkişafı layihəsi
2023-cü ilə qədər Mərkəzi Bank tərəfindən 61 Poçt filialına və 1177 poçt şöbəsinə bank-maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziya verilib.
2022-ci ildə Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemində (AKİS) respublika üzrə hesab açmadan (Naxçıvan daxil olmaqla) 1 367 979 ədəd 220 701 696 manat məbləğində pul köçürməsi qəbul edilib.
Beynəlxalq sistemlərdə (Western Union, Zolotaya Korona, Contact UPT Granat) aparılan pul köçürməsi əməliyyatların ümumi dövriyyəsi 1 008 568 521 manat, bu xidmətin rüsumundan əldə olunan gəlir isə 4 407 152 manat təşkil edib.
2022-ci ildə daxili pul köçürməsinin adlandırılması məqsədilə “Qırat” əmtəə nişanı alınıb.
“Maliyyə xidmətlərinin inkişafı” layihəsi üzrə “Azərpoçt” MMC-nin 1361 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülüb. Ağsu, Göyçay, İsmayıllı, Saatlı, Samux, Yevlax, Ağcabədi, Beyləqan rayonlarında 19 kənd E1 rabitə kanallarının ləğv edilərək “Aztelekom” MMC-nin xDSL şəbəkəsi üzərindən 1-4 Mbps sürəti ilə (data xidmətinin ötürülməsi) “Azərpoçt” MMC-nin mərkəzi serverinə qoşulması təmin olunub. Gömrük məntəqələrində yerləşən poçt şöbələrinin rezerv rabitə kanallarla (Azercell 3G/4G texnologiyası) “Azərpoçt” MMC-nin mərkəzi serverinə qoşulması təmin edilib.
Prezident cənab İlham Əliyevin “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında 19 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Zəngilan rayonunun Ağalı kəndi ərazisində Ağalı Xidmətlər Mərkəzinin tərkibində Zəngilan Poçt Filialının Ağalı poçt şöbəsi fəaliyyətə başlayıb. Abşeron Poçt Filialının inzibati binasında, 1 saylı Poçt Filialının 10 saylı poçt şöbəsində və 3 saylı Poçt Filialının 118 saylı poçt şöbəsində əsaslı təmir, reklam, mebel-avadanlıqlarla təchizat işləri başa çatdırılıb və yeni binalarında əhaliyə poçt-maliyyə xidmətləri göstərilir.
Poçt şöbələrində xidmətin yüksək səviyyədə təşkil olunması məqsədilə 50 ədəd valyuta mübadiləsi tablosu, 10 ədəd ATM avadanlığı, 500 ədəd POS-terminal avadanlığı alınıb.
Dövr ərzində 103 226 ədəd ödəniş kartı emissiya edilərək müştərilərin istifadəsinə verilib. “Azərpoçt” MMC-nin 2022-ci il ərzində 101 450 ədəd plastik kart və PİN zərfi çap edilib. Hazırda “Azərpoçt” MMC-yə məxsus aktiv ödəniş kartlarının ümumi sayı 373 594 ədəddir.
“SmartPay” səyyar ödəniş terminalları vasitəsilə xüsusilə regionlarda vətəndaşlara poçt şöbələrinə gəlmədən evlərində və ofislərində ödənişlərin qəbulu imkanı yaradılıb. Dövr ərzində bu tip terminallarda 5 772 682,35 manat ödəniş qəbulu həyata keçirilib. Bununla yanaşı, 2022-ci il ərzində “Azərpoçt” MMC-yə məxsus ATM və POS-terminallarda digər banklara məxsus ödəniş kartları vasitəsilə 10 565 730 manat nağdlaşdırma əməliyyatı həyata keçirilib.
Hazırda müştərilərə (ümumi) 71 ədəd ATM, 199 cash out, 521 ədəd POS retail, 202 ədəd səyyar ödəniş qəbulu terminalı və 20 ədəd “SmartPay” ödəniş terminalı vasitəsilə xidmət göstərilir.