Azərbaycanda “elektron hökumət”in formalaşdırılması ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya ilə qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində “elektron hökumət” ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaratmışdır.
“Elektron hökumət”in tətbiqi sahəsində görülən işlər “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) qəbul edilməsi ilə daha geniş vüsət almış və hazırda 2010-2012-ci illəri əhatə edən ikinci “Elektron Azərbaycan” Dövlət Proqramı və “Azərbaycan Respublikasında «Elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na uyğun olaraq davam etdirilməkdədir. Bu proqramlarla yanaşı iqtisadi və sosial sahələr üzrə təsdiq edilmiş 20-dək dövlət proqramı çərçivəsində “elektron hökumət” layihələri həyata keçirilməkdədir. “Elektron hökumət”in fəaliyyəti üçün zəruri olan normativ-hüquqi bazanın və infrastrukturların formalaşdırılması, elektron ödəmə sistemlərinin tətbiqi əhalinin dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, daha münasib və çevik formada həyata keçirilməsinə, yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə və biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulmasına əlverişli imkanlar yaratmışdır. “Elektron hökumət” mühitində münasibətləri tənzimləyən bir sıra mühüm sənədlər, o cümlədən Azərbaycan Respublikasının qanunları, dövlət standartları və təsnifatları qəbul olunmuşdur. Ölkədə elektron imzadan istifadənin təşkili üçün Açıq Açar İnfrastrukturu və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış və 2011-ci ilin sentyabrından dövlət orqanlarına, vətəndaşlar və sahibkarlıq fəaliyyəti subyektlərinə elektron imzaların verilməsinə başlanılmışdır. Elektron imzanın tətbiqi əhalinin elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinə, onlara daha keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsinə, habelə elektron hökumətin və elektron ticarətin geniş nüfuzetməsinə xidmət etmişdir.
Hazırda Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün bir çoxu, o cümlədən rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların təqdim olunması, məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu və s. ölkəmizdə də tətbiq edilməkdədir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanı dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyinin və şəffaflığının artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında elektron xidmətlərin təşkilinin əhəmiyyətini önə çəkərək bu istiqamətdə işlərin sürətləndirilməsinə ciddi təkan vermişdir. Fərmandan irəli gələn tapşırıqların icrasını təmin etmək üçün beynəlxalq təcrübə əsasında mərkəzi icra hakimiyyəti orqanlarının elektron xidmətlər göstərməsi üçün qaydalar işlənilmiş, xidmət növləri müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Dövlət orqanları tərəfindən xüsusən əhali ilə bilavasitə təmasda həyata keçirilən xidmətlərin, o cümlədən fərdi sahibkarların və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı, daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi, gətirilən və aparılan malların bəyan edilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların təqdim olunması, ünvanlı sosial yardım və pensiya təyinatı üçün ərizələrin, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin qəbulu və s. elektron formada göstərilməsi təmin edilmişdir və bu say gündən-günə artır. Bir sıra dövlət orqanlarında göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinə şərait yaradılmışdır.
Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az “Elektron hökumət” portalı yaradılaraq istifadəyə verilmişdir. “Elektron hökumət” şlüzü dövlət orqanlarında mövcud olan informasiya sistemlərindən səmərəli istifadəni təşkil etməyə, onların arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması və elektron xidmətlərin göstərilməsi zamanı informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsinə imkan verir.
Elektron formalaşdırılması, o cümlədən elektron xidmətlərin təşkili üzrə tapşırıqlardan irəli gələn bütün tədbirlərin icrası məqsədilə əlaqələndirilmiş fəaliyyət davam etdirilməkdədir.
Fərdi məlumatlar
Müasir dövrümüzdə informasiya texnologiyalarının sürətli inkişafı, həyatın bütün sahələrində onların tətbiqi, texnologiyalardan istifadə olunmaqla fərdlər barədə məlumatların toplanılması və işlənilməsi beynəlxalq səviyyədə fərdi məlumatların mühafizəsinin təmin edilməsinin vacibliyini ön plana çıxarmışdır. Bu məqsədlə hələ 28 yanvar 1981-ci ildə Avropa Şurası tərəfindən "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiya qəbul edilmişdir. Azərbaycan Respublikası 2009-cu ildən etibarən bu Konvensiyaya qoşulmuşdur.
Ölkədə fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətlərin nizamlanması, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələlərin tənzimlənməsi, bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrinin müəyyən olunması məqsədilə 2010-cu ilin may ayında “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Fərdi məlumat dedikdə şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat başa düşülür. Bu məlumatlar sırasında fərdin adı, soyadı, atasının adı, doğum tarixi, şəxsiyyəti təsdiq edən sənəd üzrə digər məlumatlar, həmçinin fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatları sadalamaq olar.
Hazırda fərdi məlumatların mühafizə edilməsi məqsədilə ölkə səviyyəsində lazımi qanunvericilik bazası formalaşdırılmışdır.
Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri
Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2010-cu il tarixli fərmanı ilə “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydaları” təsdiq olunmuşdur və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) tapşırılmışdır. Bununla yanaşı fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi RİTN-ə həvalə edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq informasiya sistemlərini dövlət qeydiyyatından keçirdikdən sonra onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilir.
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi sahəsində fəaliyyət yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə "fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi" lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısına daxil edilmişdir və bu sahədə fəaliyyətin lisenziyalaşdırılması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir.
Ümummilli lider Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu sahədə dövlətin siyasəti, məqsəd və vəzifələri, prioritetləri və fəaliyyət istiqamətlərini müəyyən edən əsas sənəd olmuşdur. Bununla ölkəmiz 2000-ci ildə BMT-nin keçirdiyi Minilliyin Sammitinin qərarına müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul etmiş ilk ölkələr sırasında, Cənubi Qafqazda isə birinci olmuşdur. Bu sənəd Azərbaycan dövlətinin İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan etmişdir.
Həmin il Cenevrədə keçirilmiş informasiya cəmiyyəti üzrə Dünya Sammitində qəbul edilən Prinsiplər Bəyannaməsi və Fəaliyyət Planı informasiya cəmiyyətinin yaradılması yolunda olduqca uğurlu addım olaraq, bəşəriyyətin qlobal problemlərinin həlli üçün möhkəm təməl yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sammitdə “Qara qızılı insan qızılına çevirək” tezisini səsləndirməklə ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə başlanğıc vermişdir.
2005-ci ildə keçirilmiş informasiya cəmiyyəti üzrə Tunis Sammitində Azərbaycan İKT-nin cəmiyyətin demokratikləşməsindəki xüsusi rolunun bu texnologiyaların yeni tətbiq istiqaməti kimi əsaslandırılmasında təşəbbüskar ölkələrdən biri olmuşdur. Sammit çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilmiş və bu qərara uyğun olaraq BMT Baş Assambleyası 27 mart 2006-cı ildə 17 may tarixini “Beynəlxalq İnformasiya Günü” elan etmişdir. Nəticədə Beynəlxalq Telekommunikasiya İttifaqı 2006-cı ilin noyabrında gələcəkdə 17 may tarixini “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd etməklə bağlı qərar vermişdir.
Azərbaycanda informasiya cəmiyyətinin inkişafı sahəsində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədilə 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən “Elektron Azərbaycan” Dövlət proqramları qəbul edilmiş və müvəffəqiyyətlə icra olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkədə uzunmüddətli, uğurlu və dayanıqlı inkişafın təmin edilməsi üçün informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulmasını əsas vəzifə olaraq müəyyənləşdirmişdir. Belə bir hədəfdən irəli gələrək ölkədə müasir dəyərlərə və prinsiplərə söykənən informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilmişdir. Qəbul olunmuş Milli Strategiya Azərbaycan hökumətinin informasiya cəmiyyəti siyasətinin ardıcıl olduğunu, onun daha da inkişaf etdirilməsində əzmini nümayiş etdirmiş və bu sahədə aparılan fəaliyyətin ölkənin gündəlik həyatı, gələcəyi, beynəlxalq əlaqələri və imici baxımından əhəmiyyətini önə çəkmişdir.
Milli Strategiyadan irəli gələn vəzifələrin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
Azərbaycanda internet 1991-ci ildən inkişaf etməyə başlamışdır. Həmin il Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində (indiki AMEA İnformasiya Texnologiyaları İnstitutu) elektron poçt xidməti yaradılmışdır. Beynəlxalq şəbəkəyə bağlantı “Tətbiqi avtomatlaşdırılmış sistemlər” Ümumittifaq Elmi-Tədqiqat İnstitutu və “SFMT”-nin (San-Francisco - Moscow Teleport) birgə təsisçiliyi ilə yaradılmış “Sovam Teleport” vasitəsi ilə həyata keçirilirdi. Bağlantının sürəti isə cəmi 9600 Kbit/s idi.
1993-cü il avqustun 25-də “.AZ” domeni rəsmi olaraq Azərbaycan Respublikasının yüksəksəviyyəli domen adı kimi “İnternetdə Adların və Nömrələrin Bölüşdürülməsi üzrə Beynəlxalq Korporasiya” - “ICANN” (The İnternet Corporation for Assigned Names and Numbers) tərəfindən qeydiyyata alınmış və yüksəksəviyyəli milli “.AZ” domeninin inzibatçılığı həyata keçirilməyə başlanmışdır.
1994-cü ildə Türkiyə Hökumətinin və “BP” şirkətinin dəstəyi ilə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsi tərəfindən Azərbaycan Elmlər Akademiyasının əsas binasında respublikada ilk dəfə olaraq internetin ilk qovşağı yaradıldı. Bu qovşaq “VAX” kompüterləri və “SUN” serverləri əsasında qurulmuşdu. “Turksat” süni peyki vasitəsilə Orta Doğu Texniki Universitetinin İnternet mərkəzi arasında əlaqə kanalı yaradılmış və beləliklə, internetə çıxış təmin olunmuşdu.
Azərbaycanda ilk sayt 1994-cü ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının saytı olmuşdur. İlk dövlət orqanının saytı olan Azərbaycan Respublikası Prezidentinin saytı isə 1997-ci ildə yaradılmışdır.
Azərbaycanda kommersiya məqsədilə internet xidmətləri ilk dəfə özəl şirkətlər tərəfindən təqdim olunmuşdur. 2000-ci ilədək İnternet Xidmət Provayderlərinin (İSP) fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilirdi, lakin 2000-ci ildə lisenziyalaşdırma ləğv edilmişdir. Bunun sayəsində hazırda ölkədə İSP kimi xidmət göstərmək istəyən hər bir fiziki və hüquqi şəxs operatorlarla müqavilə bağlayaraq sərbəst olaraq fəaliyyətə başlaya bilər. Hazırda ölkədə 50-dən artıq İSP fəaliyyət göstərir və onlardan yalnız 3-ü (“Aztelekomnet, Bakinternet və Azdatakom”) dövlət təşkilatlarına məxsusdur. İSP-lərin fəaliyyəti sağlam rəqabət və bazar münasibətləri şəraitində həyata keçirilir. Şirkətlər internetə çıxış üçün sabit və simsiz rabitə texnologiyalarından istifadə edirlər. “WiMax” və digər simsiz texnologiyaların tətbiqi genişlənir. Ölkənin beynəlxalq internet şəbəkəsinə qoşulması 2 özəl şirkət tərəfindən (“Delta Telekom” və “Azertelecom”) həyata keçirilir və İSP-lər üçün alternativ seçim imkanı yaradır.
Son on ildə mobil abunəçilərin sayı 7 dəfə artmışdır. Ölkədə fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru “3G”, 2012-ci ildən isə ən son texnologiya “4G” tətbiq edilməklə internetə yüksək sürətli çıxış təmin edilir. Azərbaycan dünyada “4G” texnologiyasını tətbiq etmiş 37-ci, Avropada isə 9-cu ölkə olmuşdur. Ümumilikdə mobil rabitə ilə ölkə ərazisi 100 faiz əhatə olunduğundan, faktiki hər bir şəxsin internetə çıxış imkanının olduğunu söyləmək olar.
Azərbaycanda genişzolaqlı xidmətlərin göstərilməsinə 2006-cı ildən başlanmışdır və son illərdə istifadəçilərin sayında ciddi sıçrayış müşahidə olunmaqdadır. Bunun əsas səbəbi dövlət tərəfindən ölkədə İKT sahəsinin inkişaf etdirilməsinə verilən dəstək, internet infrastrukturunun müasirləşdirilməsi, elektron hökumət həllərinin tətbiqinin genişlənməsidir. 2006-cı ildən başlayaraq Azərbaycanda internetin qiymətinin ardıcıl olaraq aşağı salınması üçün tədbirlər görülür. Son on ildə Azərbaycanın qlobal internet şəbəkəsinə qoşulma sürəti 1000 dəfədən çox artırılmış, internetin qiyməti 100 dəfəyə qədər azaldılmış və istifadəçilərin sayı 7 dəfə artmışdır. Ölkəmiz tranzit funksiyasını yerinə yetirməkdədir. Belə ki, Gürcüstan, İran, İraq, Orta Asiya ölkələrinə internet trafiki Azərbaycan üzərindən ötürülür.
Ölkə daxilində milli internet resurslarının artırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində istifadədə olan “.AZ” domenlərinin sayı dəfələrlə artırılmışdır. 2013-cü ildən “.AZ” domen adlarının “www.online.az” saytı üzərindən onlayn qeydiyyatı aparılmaqdadır.
Azərbaycan Respublikasının ərazisində internetin inkişafı, domen adların qeydiyyatı, istifadəsi ilə bağlı və digər əlaqəli məsələlərin həlli üçün zəruri olan tədbirlərin görülməsi, İSP-lərlə birgə fəaliyyətin əlaqələndirilməsi, bu sahədə fəaliyyət göstərən qurumlara internetdə informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizəyə elmi-metodiki köməklik göstərilməsi, eləcə də səlahiyyətlərinə aid olan digər vəzifələrin həyata keçirilməsi məqsədilə 2008-ci ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət orqanları, qeyri-hökumət təşkilatları və internet provayderlərin nümayəndələrindən ibarət “İnternetin inkişafı üzrə Koordinasiya Şurası” fəaliyyət göstərməkdədir. Ötən dövr ərzində Şura tərəfindən ölkədə bu sahədə əlaqədə olan subyektlər arasında yaranan münasibətlərin tənzimlənməsi və tərəflərin maraqlarının gözlənilməsi, aidiyyəti hüquqi bazanın təkmilləşdirilməsi və İnternetdən istifadənin kütləviliyinin təmin olunması, kibertəhlükəsizlik ilə bağlı fəaliyyətin əlaqələndirilməsi və ümumilikdə internetin inkişafı məqsədilə görüşlər keçirilmiş, müvafiq müzakirələr aparılmış və qərarlar qəbul edilmiş, təklif və tövsiyələr verilmişdir.