date icon
29.07.2020 / 11:15

Prezident İlham Əliyev İsmayıllı rayonunda “ağıllı” avtobus dayanacaqları ilə tanış olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin tabeliyində olan Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti “RD SMART” MMC tərəfindən hazırlanan “ağıllı” şəhər (smart city) komponentləri – avtobus dayanacağı, “ağıllı” oturacaqlar və işıqlandırma dirəklərinin ilk nümunələri İsmayıllı rayonunun mərkəzində yerləşdirilib.

 

İyulun 29-da isə İsmayıllı rayonuna səfər edən Prezident İlham Əliyev həmin “ağıllı” avtobus dayanacaqları ilə tanış olub.

 

Günəş enerjisi ilə işləyən “ağıllı” dayanacaq hər 10 dəqiqədən bir 10 saniyə ərzində Azərbaycan alimlərinin ixtirası olan spirtsiz, xlorsuz və insan orqanizminə zərər yetirməyən “BİOSANİS” dezinfeksiya məhlulunu havaya püskürdərək dayanacaqda gözləyən sərnişinləri virusa yoluxmaqdan qoruyur. Bundan əlavə, dayanacaqda əl üçün dezinfeksiya dispenseri də yerləşdirilib. Dayanacaq, həmçinin pulsuz vay-fay, mobil cihazlar üçün 4 şarj yeri, USB port, 2 təhlükəsizlik kamerası və su satan vendinq aparatı ilə təchiz edilib. Sərnişinlərin rahatlığı üçün avtobusların hərəkət qrafiki isə xüsusi paneldə əks olunacaq. “Ağıllı” avtobus dayanacağının bütün enerji tələbatı solar panellər vasitəsilə təmin edilir. Parkda yerləşdirilmiş solar panellər vasitəsilə işləyən daha iki növ “ağıllı” oturacaq pulsuz vay-fay, mobil cihazlar üçün şarj və USB portla təmin olunub.

 

Qeyd edək ki, 16 iyun 2020-ci il tarixində İnnovasiyalar Agentliyinin müvafiq qərarı ilə Pirallahı Yüksək Texnologiyalar Parkında qeydiyyata alınan 4 yeni rezidentdən biri “RD SMART” MMC olub. Hazırda şirkət texnoloji məhsulların – Azərbaycan alimlərinin ixtirası olan “BİOSANİS” dezinfeksiya məhlulu ilə işləyən dezinfeksiya keçidləri, külək və günəş enerjisi ilə çalışan işıqlandırma dirəkləri, “ağıllı” avtobus dayanacaqları, vay-fay və telefon şarjı ilə təchiz olunan solar oturacaqların istehsalı ilə məşğuldur.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R