date icon
10.09.2021 / 15:46

Çin və Azərbaycan nəqliyyat nazirlərinin görüşü keçirilib

Çin Xalq Respublikasının nəqliyyat naziri Li Siaopenin başçılıq etdiyi nümayəndə heyəti ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib. 

 

Çinin nəqliyyat naziri Li Siaopen azərbaycanlı həmkarını cari ilin 14 – 16 oktyabr tarixlərində Pekin şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İkinci Qlobal Dayanıqlı Nəqliyyat Konfransında iştiraka dəvət edib. Azərbaycanlı nazir, öz növbəsində çinli həmkarına dəvətə görə təşəkkür edərək konfransda iştirak etməyə hazır olduğunu bildirib. 

 

Görüş zamanı iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın cari vəziyyəti, o cümlədən Çin yüklərinin Azərbaycan Respublikası ərazisi üzərindən tranzit daşımalarında Çin tərəfinin dəstəyinin göstərilməsi müzakirə edilib. Cənab Li Siaopen ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyini qeyd edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Çin Xalq Respublikasının sədri Tszyan Tszeminin Azərbaycan-Çin siyasi dialoqunun yüksək səviyyədə qurulmasında xüsusi xidmətlərini vurğulayıb. Nazirlərin görüşündə Çinin böyük daşıma şirkətlərinin Azərbaycan üzərindən keçən tranzit marşrutuna dəstək verəcəkləri barədə razılıq əldə olunub. 

 

Həmçinin Çin tərəfinin yükdaşımaları zamanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə məsələsində dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azərbaycanın, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyi diqqətə çatdırılıb. 

 

Bununla yanaşı, iki ölkə arasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi barədə razılıq əldə olunub. Çinin nəqliyyat naziri Li Siaopen ölkəsinin Azərbaycanda həyata keçirilən infrastrukturun inkişafı, nəqliyyat və logistika layihələrinə dəstək verməyə hazır olduğunu qeyd edib.

 

Əməkdaşlığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə hər iki tərəfdən nazir müavinlərinin rəhbərliyi ilə nəqliyyat üzrə İşçi qrupunun yaradılması barədə razılığa gəlinib.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R