date icon
18.01.2021 / 10:00

Azərbaycanda ilk dəfə “Gender bərabərliyi” hakatonu

Azərbaycanda ilk dəfə “Gender bərabərliyi” hakatonu keçirilir. Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı, Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən icra edilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində gerçəkləşdiriləcək. 19-21 fevral tarixlərində təşkil olunacaq hakatonun məqsədi gəncləri gender problemlərinin texnoloji yollarla həllinə təşviq etmək və maarifləndirməkdir.

 

Tədbirlərə Bakı şəhəri və regionlardan 30-dan çox komandanın qoşulması gözlənilir. Onlara yarışa hazırlaşmaq üçün peşəkar yerli və xarici mentorlarla çalışmaq imkanı yaradılacaq.

 

İştirakçılar qadınlara qarşı zorakılıqla mübarizə, oğlan uşaqlarına verilən üstünlük və qız övladlarının dəyərsizləşdirilməsinin qarşısının alınması, məsuliyyətli atalığın təşviqi, karyera seçimində gender stereotiplərinin aradan qaldırılması, ev işlərində gender bərabərliyi sahəsində innovativ ideya və həllərə dair mövzulardan birini seçə biləcəklər. Komandalara öz layihəsinin prototipini hazırlamaq üçün vaxt veriləcək.

 

Onlayn keçiriləcək hakatonda təqdim olunan layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq. Birinci yerin qalibi üçün beş min manat, ikinci yerin qalibi üçün üç min manat, üçüncü yerin qalibi üçün isə min manat məbləğində mükafat nəzərdə tutulub.

 

www.genderhack.az linkinə daxil olmaqla tədbir haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçib hakatonda iştirak etmək olar.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R