date icon
08.12.2020 / 15:00

Nazir Ramin Quluzadə GUAM-ın nəqliyyat sahəsi üzrə onlayn iclasında iştirak edib

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Nəqliyyat nazirlərinin növbəti görüşü onlayn formatda təşkil olunub.

 

Sözügedən tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ukraynanın infrastruktur naziri Vladislav Krikliy, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili və Moldovanın İqtisadiyyat və İnfrastruktur Nazirliyinin dövlət katibi Yulian Postike iştirak ediblər. İclasa, həmçinin partnyor qismində Yaponiya və İsrail nümayəndələri də qatılıblar.

 

Tədbirin əvvəlində GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycanı ərazi bütövlüyünü təmin edən tarixi qələbəsi münasibətilə təbrik edib.

 

Onlayn iclasın gedişində GUAM nəqliyyat dəhlizinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair üzv dövlətlərin Baş nazirlərinin 12 dekabr 2019-cu il tarixli tapşırıqlarının icra vəziyyəti, təşkilatın işçi qrupları çərçivəsində GUAM azad ticarət zonasının və nəqliyyat dəhlizinin inkişafı istiqamətində görülən işlər müzakirə olunub.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə tədbir iştirakçılarına ölkəmizin nəqliyyat sahəsinin inkişafı üzrə siyasəti, həyata keçirilən fəaliyyət, təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələr və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.

 

Nazir çıxışında pandemiya dövründə regionda daşımaların davamlılığının təmin edilməsi istiqamətində görülən işlər haqqında da danışıb. Ramin Quluzadə pandemiya və ondan sonrakı mərhələdə nəqliyyatın rəqəmsallaşması və bu sahədə yüksək texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb.

 

Nazir əlavə edib ki, hazırda “GUAM Rəqəmsal ticarət qovşağı” layihəsinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.

 

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın təsis etdiyi beynəlxalq regional təşkilat olan GUAM-a bu il ölkəmiz sədrlik edir. Azərbaycanın sədrliyinin prioritetləri kimi təşkilat çərçivəsində nəqliyyat və ticarət sahələrində əməkdaşlıq məsələləri, vacib əməkdaşlıq istiqamətləri olaraq kiçik və orta sahibkarlıq, energetika, turizm və digər bir neçə sahə qəbul edilib.

 

Ölkəmiz hazırda 2019-2020-ci illər üçün GUAM-ın Nəqliyyat üzrə işçi qrupunda əlaqələndiricilik funksiyasını həyata keçirir. İclas zamanı Azərbaycan tərəfi 2021-2022-ci illər üçün İşçi Qrupunda koordinasiyanı davam etdirməyə hazır olduğunu bildirib və bu təklifi təşkilata üzv ölkələr dəstəkləyib.

 

Tədbirin sonunda iştirakçılar üzv ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafına yeni töhfələr verəcək birgə bəyanat qəbul ediblər.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R