Xəbər

Nazirliyin nümayəndələri e-mobillik layihəsi çərçivəsində Koreyada səfərdə olublar

Xəbər
Nazirliyin nümayəndələri e-mobillik layihəsi çərçivəsində Koreyada səfərdə olublar

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Azərbaycanda dövlət qulluqçuları və əlaqədar təşkilatların e-mobillik infrastrukturunun gücləndirilməsi sahəsində potensialın artırılması” layihəsi çərçivəsində Koreya Respublikasının Sonqnam və Kvancu şəhərlərində səfərdə olublar.

Səfər zamanı koreyalı ekspertlərin iştirakı ilə e-mobillik infrastrukturu, fəaliyyət planının tərtibi metodologiyası, optimal şarj məkanlarının seçilməsi və stansiyaların qurulmasındakı çağırışlara dair mühazirələr təşkil edilib. Koreyanın rəqəmsal enerjidoldurma siyasəti, şarj və emissiya nəzarəti texnologiyaları, bərpa olunan enerji magistralları və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb. Həmçinin Nazirliyin əməkdaşları Koreyanın e-mobillik sahəsində fəaliyyət göstərən tədqiqat mərkəzləri, avtomobil və enerjidoldurma avadanlıqları istehsal edən müəssisələri ilə tanış olublar.

Azərbaycan nümayəndə heyəti Koreya ekspertlərinin dəstəyi ilə ölkəmizdə elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması, eləcə də enerjidoldurma infrastrukturuna tələbatın ölçülməsi və proqnozlaşdırılması mövzularında fəaliyyət planları hazırlayıb. Gələcəkdə həmin fəaliyyət planları üzrə layihə sənədlərinin hazırlanması və həyata keçirilməsi planlaşdırılır.