Dosta göndər

Azərbaycanda rabitənin təşəkkülü

 

 

Azərbaycanda rabitənin tarixi çox qədimdir, yazılı məlumatların qasidlər vasitəsilə mübadiləsi qədimdən məlumdur.


Rabitə əlaqələri müxtəlif qasidlər, çaparlar, dəvə karvanları və s. formada mövcud olmuşdur. Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir.

 

1818

Gəncə şəhərində ilk poçt kontoru açılmışdır.

   
1860

Bakı Quberniyasının nəzdində Bakı poçtamtı təşkil edilmişdir.

   
1864

Yanvar ayının 21-də İran sərhədində Naxçıvan və Culfanı birləşdirən ilk teleqraf xətti istismara verilmişdir.

   
1880

Dekabr ayında Azərbaycanda ilk telefon xətti “Qafqaz və Merkuri” Paroxod Cəmiyyəti tərəfindən inşa edilmişdir. Xətt cəmiyyətin “Naberejnaya” küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən “Kaspi” neft cəmiyyətinin kontorunu birləşdirmişdir.

 

 

1881-ci il yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon çəkilişinə icazə  almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət etmişdir və fevralın 18-də icazə verilmişdir. Həmin ilin  noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilmişdir.

 

Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması bu tarixə təsadüf edir.

 

1886

May ayının 26-da Bakıda ilk mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin yaradılması və 20 illik müddətə istismara verilməsi barədə Baş Poçt və Teleqraf  İdarəsi ilə Moskvanın I dərəcəli taciri Qustav İvanoviç List  arasında müqavilə bağlanmışdır.

 

Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 40 telefon istifadəçisi olmuşdur.
   
1900

Bakı-Dərbənd arasında poçtun dəmir yolu ilə daşınmasına başlanmışıdır.


Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 1146 telefon istifadəçisi olmuşdur.

 

29 dekabrda "Nobel qardaşları" cəmiyyəti Bakı Poçt Teleqraf dairəsi rəisinin müraciətinə əsasən telefon aparatlarının sayı, ünvanı, ATS-dən olan məsafələr haqda məlumatlar təqdim etmişdir.
   
1918

Mayın 28-də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası yaradılmışdır. ADR yarandığı gündən ölkədə poçt və teleqrafın inkişafı istiqamətində mühüm işlər görmüşdür.

 

Müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi yaradılmışdır. Məlikaslanov, A. Aşurov, C. Hacınski ilk rabitə nazirləri olmuşlar.
   
1919

Martın 1-də Azərbaycan Teleqraf agentliyi təsis olunmuşdur.


Martın 15-də Azərbaycanla Gürcüstan arasında pul baratları, qiymətli məktub, bağlama və poçt korrespondensiyalarının mübadiləsi həyata keçirilməyə başlamışdır.

 

Oktyabr ayının 20-də Azərbaycan əsgərinə həsr olunmuş ilk Azərbaycan poçt markası buraxılmışdır.
   
1920

Aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulmuş və Poçt və Teleqraf komissarlığı yaradılmışdır.

   
1926

Noyabrın 6-dan Azərbaycan dilində müntəzəm radio verilişləri efirə çıxmış, ilk dəfə naqilli radio yayımı fəaliyyətə başlamışdır.

   
1953

Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunmuşdur. 1953-cü ildən etibarən Azərbaycan SSR Rabitə Nazirliyi yaradılmışdır.

   
1956

Fevralın 14-də Bakı televiziya mərkəzi işə salınmış, Azərbaycanda ilk dəfə televiziya yayımı (AzTV-1) fəaliyyətə başlamışdır.

 

 

Ötən əsrin 50-ci illərin sonunda rabitə sahəsinin mütəxəssislərinin yetişdirilməsi məsələsi gündəmə gəlmişdir. 1959-cu ildə Azərbaycan SSR Nazirlər Soveti respublikanın ali məktəblərində yüksək ixtisaslı rabitəçi mütəxəssislər hazırlanması barədə qərar qəbul etmiş, 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunda “Telefon və teleqraf rabitəsi” ixtisası üzrə mühəndislərin ilk buraxılışı olmuşdur.  1964-cü ilin yanvar ayının 31-də Bakı televiziya mərkəzi Moskvadan mərkəzi televiziyanın verilişlərinin retranslyasiyasına başlamışdır. 1968-ci ilədək respublikada televiziya proqramının yayımı aran bölgələrində yerləşən Şirvan, Goyçay və Gəncə şəhərlərini əhatə etmişdir.

 

Heydər Əliyev və Azərbaycan rabitəsi

Azərbaycanda bütün sahələrdə olduğu kimi rabitənin inkişafında da Heydər Əliyev mərhələsi mövcuddur. Sovet hakimiyyəti illərində Azərbaycan rabitəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə ittifaqın digər respublikalarından çox-çox geri qalırdı. Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər rabitə də güclü inkişaf yoluna qədəm qoymuşdur.

 

 

1970-1980 illər:

Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə düşür. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır. 1970-ci il iyun ayının 24-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələ Mərkəzi Komitənin bürosuna çıxarılmış və tarixi qərar qəbul edilmişdir. Qərarda Bakı, Sumqayıt, Gəncə şəhərlərində telefon rabitəsinin qeyri-qənaətbəxş olduğu, bir çox rayon mərkəzlərində hələ də əllə qoşulan köhnə telefon stansiyalarının fəaliyyət göstərdiyi, sovxozların yalnız yarısının, kolxozların isə 25 faizinin telefonlaşdırıldığı və digər geriliklər qeyd olunmuş, rabitə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi Rabitə Nazirliyinin ən vacib vəzifələrindən biri hesab edilmişdir.


Qərarda 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il 1 ATS binasının tikilməsi, Rabitə Nazirliyi tərəfindən ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi öz əksini tapmışdır.


1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdi.

 


1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmamış, respublikanın digər bölgələrini də əhatə etmişdir. Bu illərdə Gəncədə beşmərtəbəli xüsusi rabitə binası istifadəyə verilmiş, orada 8 min nömrəlik ATS, şəhərlərarası ATS, teleqraf və radio avadanlıqları quraşdırılmış, Sumqayıtda 9 min nömrəlik ATS, Naxçıvanda 5 min nömrəlik ATS inşa edilməklə yanaşı digər şəhər və rayonlarda, kənd və qəsəbələrdə də ATS tikintisi aparılmışdır.


Rabitə Nazirliyinin 1974-1980-ci illərdə öhdəsinə ümumi gücü 164,4 min nömrəlik ATS-lərin tikintisi və montajı məsələləri qoyulmuşdu, bununla əlaqədar qurumda yeni ATS-lərin tikintisi və istismara verilməsi planı təsdiq edilmişdir ki, bu da rabitə sahəsində yeni nailiyyətlər əldə etməyə imkan vermişdir.


1980-ci ildə respublikada montaj olunmuş telefon stansiyalarının tutumu 279,1 min nömrə, o cümlədən bunların 274,12 mini ATS sistemli olmuşdur.
Şəhər telefon şəbəkəsinin abunəçilərinin ümumi sayı 234,7 min olub ki, bu da 1975-ci ilə nisbətən 1,4 dəfə çox olmuşdur.


Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçmişdir. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşmışdır.


1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik Yeni Teleqüllənin layihəsi təsdiq edilmiş və 1981-ci ildə obyektin tikintisinə başlanmışdır. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən Yeni Teleqüllənin istismara verilməsi ləngidilsə də, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində xalqımızın istifadəsinə verilmişdir.

 

 

 

1993-2003 illər:

Məlum olan səbəblərdən 1985-1993-cü illərdə rabitənin inkişaf sürəti kəskin zəifləmişdi.


Lakin 1993-cü ildə respublikanın Prezidenti seçilən Heydər Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində rabitənin inkişafında II mərhələ başlamışdır. Ölkə rəhbərinin siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunmuş, rabitə sahəsinin inkişafında əsil dönüş də bundan sonra başlamışdır.


1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri, ilk növbədə Türkiyənin “Teletaş” və “Netaş” şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmuş, “Aztelekom” İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublika daxili Şəhərlərarası Telefon Stansiyası, ABŞ-ın “Motorola” şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərən “Baksell”, Türkiyə rabitəçiləri ilə “Azərsell” və digər birgə müəssisələr yaradılmışdır.


Bütün bunlar Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan milli rabitəsinin parlaq inkişaf yolunun yeni mərhələsi idi.


Təsadüfi deyil ki, ölkə ictimaiyyəti və mətbuat 1998-ci ili rabitədə dönüş ili, texniki inqilab ili adlandırmışdır. Həmin il ərzində respublikamızda 108 min nömrəyə yaxın tutuma malik elektron tipli müasir ATS-lər qurulub istifadəyə verilmişdir.


1998-2003-cü illərdə Bakıda 40/41, 30/31, 50, 54, 56, 21/22, 27, 32 və digər indekslərlə işləyən, Bakı ətrafındakı bütün yaşayış məntəqələrində, Gəncə, Mingəçevir, Bərdə, Yevlax, Quba, Qusar, Dəvəçi, Şəki, Qax, Oğuz, Lənkəran və digər rayonlarda elektron tipli müasir ATS-lər tikilib istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası başdan-başa telefonlaşdırılmış, Azərbaycanın bütün yaşayış məntəqələri ən azı bir telefonla təmin olunmuşdur.


1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 faiz elektronlaşdırılmış, əsas telefon aparatlarının sayı 1991-ci ildəki 611,5 min ədəddən bir milyon ədədə çatdırılmış, respublikamız Trans-Asiya-Avropa kabel magistralına qoşulmuş, Bakıətrafı kənd və qəsəbələrin hamısı telefonlaşdırılmış, bütün bölgələrin yaşayış məntəqələri telefon rabitəsi ilə təmin olunmuş, ölkənin bütün ərazisində internet xidmətlərindən istifadə etmək imkanı yaradılmış, telefon rabitəsi şəbəkəsində stansiyalararası rabitənin 80 faizi rəqəmli formada təşkil edilmişdir.


ХХ əsrin sonlarında, XXI əsrin əvvəlində Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri ulu öndər Heydər Əliyevin 17 fevral 2003-cü ildə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003—2012-ci illər)" təsdiq edilməsi haqqında sərəncamı olub və bu dövr ərzində respublikada İKT sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulmuşdur.

 

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması


Sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış fərmanı ilə Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır.


Bu, sahənin gələcək inkişafı, eləcə də hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları baxımından mühüm addım olmuşdur. Bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sahə üzrə məsul dövlət qurumu və müvafiq Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də sahənin istehsal potensialının artırılması istiqamətlərində çoxşaxəli fəaliyyəti təşkil etmişdir.

 

2004

Avqust ayının 1-də Bakı şəhəri telefon şəbəkəsi 6 rəqəmli nömrələnmə sistemindən 7 rəqəmli nömrələnmə sisteminə keçirilmişdir.

   

2005

İyun ayının 14-də “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.


Oktyabr ayının 1-də Azərbaycan və MDB məkanında ilk dəfə olaraq Bakıda NGN-yeni nəsil şəbəkə avadanlığı tətbiq edilmişdir.


Dekabr ayının 30-da “Azerfon”MMC-yə  GSM mobil rabitə xidmətinin təşkili üçün xüsusi razılıq (lisenziya) verilmişdir. Bununla da mobil rabitə bazarına üçüncü operator daxil olmuşdur.

   
2006

“Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü elan edilmişdir.

 

 

2007-ci il fevralın 13-də “Regionların sosial-iqtisadi inkişafı üzrə (2004-2008-ci illər) Dövlət Proqramı”nın üç illiyi münasibətilə keçirilmiş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan etmişdir. Həmin vaxtdan bu sahənin inkişafına daha çox diqqət yetirilir, hökumət üçün həyat fəaliyyətinin bütün sahələrində informasiya texnologiyalarının tətbiqi əhəmiyyət kəsb edir, çünki İKT müasir zamanda rəqabət qabiliyyətinin və iqtisadi artımın katalizator rolunu oynayır.

 

2008

Post-sovet məkanında birinci olaraq Azərbaycanda ucqar və kiçik yaşayış məntəqələrinin tam telefonlaşdırılmasını başa çatdırılmışdır.

 

DİLMANC layihəsi çərçivəsində Azərbaycan dilində nitq tanınması üçün proqram təminatı yaradılmışdır.
   

2009

Kompüterləşdirmə səviyyəsinin artırılması üçün “Xalq kompüteri” layihəsinin icrasına başlanılmışdır.

 

21 dekabrda BMT Baş Assambleyasının 64-cü sessiyasında Trans Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul edilmişdir.

 

Azərbaycanda kosmik sənayenin yaradılmasına start verilmişdir.
   

2010

Respublikanın regionlarının telefon şəbəkəsinin elektronlaşdırılması prosesi tam başa çatdırılmışdır.

 

Azərkosmos ASC yaradılmışdır.

 

Poçt şöbələrində yeni bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanmışdır.
   
2011

Ölkədə elektron hökumətin qurulması istiqamətində mühüm işlər görülmüş, dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə başlanmışdır.

   
2012

İnformasiya Texnologiyaların İnkişafı Dövlət Fondu yaradılmışdır.

 

Noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb. 

 

 

İnformasiya Texnologiyaların İnkişafı Dövlət Fondu yaradılmışdır.
 
Noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb.

 

   
2013

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin 16 yanvar tarixli 2664 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.

 

5 fevral tarixində “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

 

“İKT ili” çərçivəsində - fevralın 8-də müstəqillik tariximizin ən önəmli hadisələrindən biri kimi, Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1” Fransız Qvianasında yerləşən Kuru kosmodromundan  uğurla orbitə buraxılmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 2 aprel tarixli Fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 5 mart tarixli Fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əsasnaməsi təsdiq edilmiş, həmçinin Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.

 

Mobil Cihazların Qeydiyyat Sistemi yaradılmış və  may ayının 1-dən etibarən fəaliyyətə başlamışdır.

 

Domen adlarının onlayn qeydiyyatı və Azərbaycan əlifbası ilə domen adlarının qeydiyyatı sistemi 2 oktyabr tarixindən etibarən istifadəyə verilmişdir.

 

Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2013” hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir.

 

Hesabata əsasən, Azərbaycan internet istifadəçilərinin sayı göstəricisinə görə MDB və Orta Asiya ölkələri arasında lider mövqedə, eləcə də, 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşmışdır.

 

Həmçinin, Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2013-2014” hesabatında “Qlobal rəqabətqabiliyyətlilik indeksi” üzrə Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutmuş və əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək yenə də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir.

 

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Measuring the Information Society - 2013” adlı hesabatında “İKT inkişaf indeksi” (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 157 ölkə arasında 61-ci yeri tutmuşdur.

 

Ümumilikdə 2013-cü ildə sektorun inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər görülmüş, müsbət uğurlara imza atılmış və “İnformasiya-kommunikasiya texnologiyaları ili”  sektorun inkişafı baxımından yaddaqalan il olmuşdur.

   
2014

25 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.

 

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması

 

Martın 7-də Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.

 

7 mart tarixində Əli Məmməd oğlu Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2 aprel tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilmişdir.

 

Mayın 8-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalamışdır.  

 

Azərbaycan Respublikası Prezidentinin 15 may tarixli Fərmanı ilə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edilmişdir. 

 

4 noyabr tarixində “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1028-IVQD nömrəli Qanununun tətbiqi və “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 696-IIIQD nömrəli “Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 17 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.

 

2 dekabr tarixində Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cü ilin iyun ayında orbitə çıxarılmış və yeni adı “Azersky” olan “Spot 7” yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verilmişdir. Müqavilə “Bakutel 2014” Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin iştirakı ilə imzalanmışdır.

 

15 dekabrda Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

 

Dekabrın 15-də Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikasının Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.

 

29 dekabrda Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

   
2015

19 fevral tarixində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.

 

27 fevralda Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

 

12 noyabr tarixində Əli Məmməd oğlu Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir.

 

25 noyabr tarixində R.N.Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.

 

 

2 dekabrda Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC  Fransanın “Arianespace” şirkəti ilə ikinci telekommunikasiya peyki Azerspace-2 peykinin orbitə çıxarılmasına dair müqavilə imzalamışdır. Müqavilə “Bakutel 2015” Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin iştirakı ilə imzalanmışdır.

   
2016

Yanvarın 15-də R.N.Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir.

 

15 yanvar  tarixində R.N.Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir.

 

Fevralın 26-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir.

 

26 fevralda “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir.

 

Martın 10-da “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.

 

17 mart tarixində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

 

24 iyunda Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.

 

İyunun 24-də “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.